Saturday, November 8, 2008

"Budce proqnozu ve Neftin qiymeti" - Eli Mesimli, Meqsed Bloqu


Bu gün Milli Məclisin 5 daimi komissiyası bir araya gələrək 2009-cu ilin dövlət büdcəsini müzakirə edəcəklər. Ayın 11-də isə Nazirlər Kabineti başda olmaqla hökumət nümayəndələri Milli Məclisin plenar iclasında 2009-cu ilin dövlət büdcəsini müzakirəyə çıxaracaqlar. 2009-cu ilin dövlət büdcəsi ilə bağlı hazırda mətbuatda və bir çox dairələrdə müzakirə olunan əsas məsələlər neftin hansı qiymətlə götürülməsi, orduya nə qədər vəsaitin ayrılması, sosial məsələlərə hansı dərəcədə önəm verilməsi, batmış əmanətlərin qaytarılması və bu kimi başqa önəmli məqamlarla bağlıdır. 
   
   Bununla yanaşı, bəzi ekspertlər 2009-cu ilin dövlət büdcəsində bir çox çatışmazlıqların olduğunu da bəyan edirlər. Bir sözlə bu gündən başlayaraq 2009-cu ilin dövlət büdcəsi ilə bağlı məsələ mətbuatın əsas mövzularından birinə çevriləcək. 2009-cu ilin dövlət büdcəsinin çatışan və çatışmayan tərəfləri ilə bağlı məsələni isə Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimli ilə müzakirə etməyə çalışaq.
 
   
   - 2009-cu ilin büdcəsi təbii ki, özündən əvvəlki illərin büdcəsinin məntiqi üzərində qurulub. Amma bir sıra fərqli cəhətlər də mövcuddur. Əsasən fərqli cəhət ondan ibarətdir ki, 2006, 2007 və 2008-ci illərin büdcələrində büdcə xərclərinin artım tempi ümumi daxili tempindən yüksək idi. Amma 2009-cu ilin büdcəsində bu məsələ tərsinədir. Yəni büdcə xərclərinin artım tempi ümumi daxili məhsulun artım tempindən aşağıdır. Ümumi daxili məhsul təqribən 19 faiz, büdcə gəlirləri 16 faiz, xərclər isə 12 faiz proqnozlaşdırılır. Göründüyü kimi, bu il bilavasitə büdcə məsələsinin hesablanmasında inflyasiya əsas götürülüb. Yəni inflyasiyanın qarşısını almaqdan ötrü müəyyən dərəcə büdcənin artım tempinin aşağı salınması müşahidə olunur. Amma bununla bağlı bir məqamı qeyd edim ki, burda bir ifratdan başqa ifrata gedilir. Yəni dünyanın heç bir ölkəsində büdcənin xərcləri bir il ərzində 75 faiz, növbəti ildə isə 12 faiz tempi ilə dəyişmir. 75 faizlə 12 faizin arasında yerlə göy qədər fərq olduğu hamıya məlumdur. Bu isə Azərbaycanda büdcə tərtibatının xeyli dərəcədə qüsurlu olduğunu göstərir. Başqa bir məqam kimi onu qeyd etmək olar ki, büdcədə artım tempi xeyli dərəcədə aşağı düşüb. Amma eyni zamanda sosial xərclərin artım tempi əvvəlki illərdəki kimi qorunub saxlanılıb. Əgər investisiya xərclərinin artım tempi cəmi 7.5 faiz təşkil edəcəksə, sosial xərclərin artım tempi 40 faizə yaxın olacaq. Bu da əməkhaqqı, pensiya və digər ödənişlərin artırılması üçün heç bir ixtisarın olmaması deməkdir. 
   
   - Bundan əvvəlki illərin dövlət büdcəsində regionların inkişafına xüsusi önəm verilirdi. Bəs 2009-cu ilin büdcəsində bu məsələyə necə diqqət yetirilir? 
   
   - Bu məsələ həqiqətən diqqət çəkəndir. Çünki gələn ildən regional inkişaf proqramının ikinci mərhələsi həyata keçirilməyə başlayacaq. Bu da o deməkdir ki, 2004-2008-ci illərə hesablanmış proqram başa çatıb və indi 2009-2013-cü illərin proqramları həyata keçiriləcək. Buna uyğun olaraq regionlara ayrılan vəsait də artıb. Eyni zamanda yaxşı haldır ki, təhsilə, səhiyyəyə, mədəniyyətə, incəsənətə ayrılan vəsait büdcə xərclərinin ümumi artım tempindən xeyli yüksəkdir. Bu mənada sözügedən sahələrə çox vəsaitin ayrılması təqdirəlayiqdir. 
   
   - 2009-cu ilin dövlət büdcəsi məsələsindən danışan kimi əsas məsələ olaraq neftin hansı qiymətlə götürüləcəyi göz önünə gəlir. Sizcə, bu məsələ düzgün tənzimlənirmi? 
   
   - Problem ondan ibarətdir ki, ümumiyyətlə, 2009-cu ilin hökumət proqnozları reallığa söykənmir. Yəni neftin pessimist variantda aşağı qiyməti 80, orta qiyməti 100, optimist variantda isə qiyməti 125 dollar götürülüb. Bu rəqəmlərin heç biri indiki reallıqlara uyğun gəlmir və büdcədə 80 dollardan hesablanır. Bu, çox ciddi problemlər yarada bilər. Çünki nəzərdə tutulanlar təhlükəli variantlardır. Hökumətin bu proqnozlar ətrafında büdcə tərtib etməsi çox qorxuludur. Ona görə də hesab edirəm ki, büdcədə neftin qiymətinin reallıq əsasında götürülməsinə böyük ehtiyac var.
   
   - Bundan başqa, əvvəlcədən proqnozlaşdırılan digər sahələrlə fikirləriniz necədir? 
   
   - Büdcədə investisiya xərclərinin xeyli hissəsi əvvəldən qalan tikililərin, layihələrin davam etdirilməsinə yönələcək. Bir hissə isə yeni layihələrə sərf ediləcək. Yaxşı hal budur ki, həmin vəsaitin hardasa 40 faizə yaxını konkret proqram çərçivəsində həyata keçiriləcək. Amma bu səhədə konkretləşdirilmə edilməyib ki, o hansı proqramlar əsasında və hansı effektlə olacaq. Hesab edirəm ki, bu, ciddi çatışmazlıqdır. Eyni zamanda iki ildən artıqdır ki, prezidentin bir məsələ ilə bağlı göstərişinin yerinə yetirilməsi hökumət tərəfindən ləngidilir. O da bundan ibarətdir ki, büdcə vəsaitlərinin sürətlə artması ilə əlaqədar olaraq, büdcə vəsaitlərindən səmərəli istifadəni təmin etmək üçün dövlət maliyyə nəzarəti haqqında qanun layihəsi hazırlanmalı idi. Lakin həmin layihənin hazırlanıb Milli Məclisə təqdim edilməsi gecikdirilir. Yəni təəssüflər olsun ki, əlaqədar qurumlar bu göstərişi hələlik yerinə yetirmir. Bu göstərişin yerinə yetirilməməsi şəraitində isə büdcə vəsaitlərindən səmərəli istifadəsində balans itir. Yəni onun hüquqi bazasının olmaması, hesab edirəm, Azərbaycan üçün çox böyük çatışmazlıqdır. Bu problemi həll etmək lazımdır.
   
   - Bəs batmış əmanətlərlə bağlı məsələyə münasibətiniz necədir? 
   
   - Əmanətlərlə bağlı onu qeyd etmək istəyərdim ki, bu ilin may ayının 15-də şəxsən mən batmış əmanətlərin qaytarılmasına dair qanun layihəsini hazırlayıb Milli Məclisin İqtisadi siyasət komissiyasına təqdim etmişəm. O qanunun taleyi barəsində soruşan zaman mənə bildiriblər ki, bu istiqamətdə iş gedir. O cümlədən 2008-ci ilin payız sessiyası başlanan zaman jurnalistlərin bu məsələ ilə bağlı sualına eyni cavab verildi ki, batmış əmanətlərin qaytarılması istiqamətində hazırlanmış qanun üzərində iş gedir. Amma çox təəssüflər olsun ki, konkret nəsə ortada yoxdur. Əgər iş gedirsə, onda nə üçün 2009-cu ilin büdcəsində batmış əmanətlərin qaytarılması barədə maddə yoxdur və yaxud da buna vəsait ayrılmayıb. Mən bunu 2009-cu ilin büdcəsinin ciddi çatışmazlığı hesab edirəm. Çünki neçə dəfə söz verilib və deyiblər ki, qanun olsa və ya hazırlansa batmış əmanətlərin qaytarılmasında problem olmayacaq. İndi qanun hazırlanıb. Sual olunur, bəs nə oldu? Məhz buna görə də hesab edirəm ki, batmış əmanətlərlə bağlı məsələnin büdcəyə salınmaması düzgün deyil. Əslində batmış əmanətlərlə bağlı məsələdə sadalanan problemlər daha çoxdur, nəinki bir sıra başqa sahələr. Yəni, batmış əmanətlər və bununla bağlı problemlər daha çoxdur. 
   
   - Söhbət hansı problemlərdən gedir? 
   
   - Bizdə batmış əmanətlərlə bağlı məsələ iki variantda verilir. Birincisi, hökumətin əvvəllər təqdim etdiyi kimi 8 il variantı var. Digər ikinci variantda isə əmanətlərin 6 il müddətində qaytarılması təklif olunur. Yəni proses başlanılır və mübahisəli məqamlar altıncı ildə çözülür. Yəni bu müddət ərzində kifayət qədər vaxt qazanılır və problemlərin necə və hansı formada çözülməsi dəqiqləşdirilir. O ki qaldı hansısa məqamlarda sənədlərin it-bata düşməsinə, burda da zamana ehtiyac var. Yəni zaman ərzində bu məsələləri həll etmək daha məqbuldur. Bu gün büdcə ilə bağlı insanların müraciətlərinin, demək olar, yarısı batmış əmanətlərlə bağlıdır. Əsasən yaşlı nəsil bizə müraciət edir ki, bizim ölülük-diriliyimizi nə vaxt qaytaracaqsınız? Hər dəfə də yaşlı insanların “ölülük-diriliyimizi nə vaxt qaytaracaqsınız” sualı ilə qarşılaşanda mən onların dediklərini bir daha əlaqədar qurumlara çatdırıram. Yəni bunu çatdırmaqla bildirmək istəyirəm ki, batmış əmanətlərin qaytarılması ilə bağlı məsələ artıq gecikdirilib. Buna görə də hesab edirəm ki, bu prosesə nə qədər tez başlanılsa, bir o qədər yaxşıdır. Çünki bu vəsaitə həqiqi ehtiyacı olan insanlar həddən artıq çoxdur. Bəziləri deyir ki, batmış əmanətlər ayrı-ayrı yollarla toplanıb. Mən bununla tam razılaşmıram. Ola bilər ki, kimlərsə müxtəlif fırıldaq yollarla pul toplayıb, onu əmanət bankına qoyub. Ancaq onların sayı zənnimcə azdır. Çünki Sovet vaxtında əyri yolla pul qazananlar pulunu banka qoymurdu. Adətən pambıq və ya üzüm yığan, hansısa sahədə çalışıb canı-qanı ilə pul qazanan insan uşağının gələcəyi üçün əmanət kassasına pul qoyurdu. Buna görə də hesab edirəm ki, dövlətimiz insanlarımızın bir vaxtlar canları-qanları bahasına qazandıqları pulun qaytarılması istiqamətində real addımlar atmalıdır.

No comments: