Sunday, November 9, 2008

"Dunya Maliyye Bohrani Azerbaycana tesir etmeyecek" - Elman Rustemov, Meqsed

http://www.meqsed.azeriblog.com/2008/11/09/milli-bankin-sedrinin-musahibesi

Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov dünən bir qrup jurnalistin suallarını cavablandırıb. Milli Bankın rəhbərinə ünvanlanan ilk sual 2009-cu ilin dövlət büdcəsi ilə bağlı olub. 
- 2009-cu ilin dövlət büdcəsi makroiqtisadi baxımdan bugünkü çağırışlara və qoyulan məqsədlərə cavab verir. Layihədə büdcə xərcləri mümkün qədər məhdudlaşdırılıb. Büdcədə qeydə alınan artım isə digər mənbələrdən əldə olunub. Büdcə layihəsi dünya maliyyə bazarlarında, xüsusilə də energetika məhsulları bazarında müşahidə olunan proseslərə adekvat cavab verir. Ölkənin əldə etdiyi gəlirlərin böyük bir hissəsi qorunub saxlanılacaq və lazım gələndə təhlükəsizlik yastığı kimi istifadə olunacaq. 
- Büdcənin neftdən asılılığı gələcəkdə problemlər yaratmayacaq ki?
 
- Büdcənin neftdən asılılığının azaldılması istiqamətində də tədbirlər görülür. Ölkə prezidentinin tapşırığı ilə qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atılır. Əsas məqsəd büdcə gəlirlərinin əsas hissəsini qeyri-neft sektoruna əldə olunmasıdır. 
- Hökumət neftin qiymətinin uzulaşması amilindən narahat olurmu?
 
- Neftin dünya bazarındakı qiymətlərinin ucuzlaşması da ciddi narahatlıq doğurmamalıdır. Son hesablamalara əsasən Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin 75 faizi neftin qiymətinin dəyişməsindən qorunur. Mövcud prosedura görə, büdcədə neftdən əldə olunan gəlirlər dünya bazarındakı qiymətə görə hesablanmır. Nəzərdə tutulan vəsaitlər manat formasında Dövlət Neft Fondundan transfer olunur. 
- Azərbaycanın valyuta ehtiyatları nə qədərdir

- Bu gün Azərbaycanın valyuta ehtiyatları artıq 18 milyard dolları ötüb. Bu vəsaitlərin bir hissəsi də Maliyyə Nazirliyinin əlində cəmləşib. Əgər hər hansı problem yaranarsa, nazirlik müəyyən manevrlər etməklə bu vəsaitlərdən istifadə edə bilər. Nəticədə Azərbaycan büdcəsi dünya bazarlarındakı vəziyyətlə əlaqədar yaranan risklərdən qoruna bilər. 
- Dünya bazarında yaranan maliyyə böhranı Azərbaycan iqtisadiyyatı üçün hansısa təhlükələr vəd edirmi

- Bunun Azərbaycan iqtisadiyyatına ciddi təsiri olmayacaq. Buna səbəb ötən 5 il ərzində yaradılan baza, aparılan islahatlar, görülən qabaqlayıcı tədbirlər Azərbaycanın bu böhrandan itkisiz çıxmasına imkan verəcək. Milli Bank hələ bir il öncədən qabaqlayıcı tədbirlərə start verib. Özəl banklar vasitəsilə ölkəyə ciddi maliyyə axını müşahidə olunub. Bu prosesin nəticələrini təhlil edən Milli Bank qabaqlayıcı tədbirlər görür. Nəticədə həmin vəsaitlərin ölkəyə daxil olmasının qarşısı alınıb. Bank ictimaiyyəti də bu tədbirləri qəbul edib. Nəticədə hazırda Azərbaycanın özəl banklarının xarici borcları cəmi 2 milyard dollardır. Yaranmış xarici borc bankların cəlb etdiyi vəsaitlərin cəmi 18 faizi həcmindədir. Məsələn qonşu Qazaxıstanda bankların xarici borcları 90-100 milyard dollara qalxıb. Nəticədə Qazaxıstan iqtisadiyyatı yaranmış vəziyyətdən çıxa bilmir. Təkcə ilin birinci yarısında Qazaxıstan bankları 7 milyard dollar borc qaytarmalı olublar. Nəzərə alanda ki, bir sıra maliyyə qurumları verdikləri borcları vaxtından əvvəl istəyirlər, vəziyyətin nə yerdə olduğu daha yaxşı anlaşılır. 
- Azərbaycanın toplam xarici borcları nə qədərdir?
 
- Hazırda Azərbaycanın toplam xarici borclarının ümumiləşdirilməsinə başlanılıb. İlkin məlumatlara görə, xarici borcların ümumi həcmi  ölkənin xaricdəki maliyyə aktivlərindən 1,8 dəfə azdır. Belə olan şəraitdə Azərbaycanda hər hansı bir qlobal, makroiqtisadi maliyyə böhranının yaşanması qeyri-mümkündür. Bütün bunlara baxmayaraq, hökumət böhranın ölkəyə ayaq basmaması üçün çevik qabaqlayıcı siyasəti davam etdirməlidir. Bunun üçün ilk növbədə iqtisadi siyasət koordinasiya olunmalıdır. 
- Hökumət ərzaq təhlükəsizliyinin təmin olunması üçün nə edir? 

- Bu hökumətin əsas prioritetlərindən biridir. Bu gün dünyanın bir sıra ölkələri ərzaq məhsullarının ixracına qadağa qoyublar. Elə vəziyyət yarana bilər ki, əlimizdə kifayət qədər maliyyə vəsaiti ola-ola almağa ərzaq tapmaya bilərik. Buna görə də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması çox ciddi bir vəzifə olaraq qarşımıza qoyulub. Gələn ilin dövlət büdcəsində bu məqsədlə instutsional maliyyə dəstəyi nəzərdə tutulur. Məsələn, bu istiqamətdə ciddi maliyyə institutunun yaradılması nəzərdə tutulur. Hökumətin digər prioritet istiqaməti kiçik və orta sahibkarlığın dəstəklənməsi olacaq. Bu sahənin inkişafı ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına da təkan verəcək.

No comments: