Friday, November 7, 2008

"Budce proqnozu - 2009" - Eli Mesimli, Meqsed

http://www.meqsed.azeriblog.com/2008/11/07/dovlet-budcesi-2009

Milli Məclisin noyabrın 11-nə təyin olunan iclasında 2009-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılacaq. İlkin müzakirələrin 2-3 gün davam edəcəyi bildirilir. Maliyyə və İqtisadi İnkişaf nazirlikləri tərəfindən hazırlanan büdcə layihəsinin son variantına Nazirlər Kabinetində əlavə və dəyişikliklər olunduğu bildirilir. Dünya bazarında baş verən maliyyə böhranı və buna müvafiq olaraq neftin ucuzlaşması 2009-cu ilin dövlət büdcəsinin gəlir və xərc bölümündə müəyyən ixtisarlara səbəb olub. Buna baxmayaraq, parlamentin müzakirəsinə təqdim olunan sənəddə neftin bir barrelinin baza qiymətinin yenə də 80 dollar götürüldüyü bildirilir. Neftin qiymətinin aşağı düşməkdə davam etdiyini nəzərə alsaq, gələn ilin büdcəsində neftin baza qiymətinin yüksək götürülməsi narahatçılıq doğurur. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimli də narahatçılığa əsas görür.

   - Cari ilin iyul ayında neftin bir barrelinin qiyməti 147 dollara çatmışdı. Lakin sonradan onun ucuzlaşması baş verdi və hazırda bu göstərici 60 dollar ətrafında dəyişir. Onun maksimum və minimum qiymətlərini nəzərə almaqla deyə bilərik ki, bu ilin yanvarından oktyabrına qədər olan dövründə orta qiymət 100 dollar ətrafında olub. Cari ilin büdcəsində isə neftin bir barrelinin qiyməti 70 dollar götürülüb. Ona görə də Azərbaycanın dövlət büdcəsində təqribən 1 milyard manata yaxın profisit deyilən əlavə vəsait yaranıb. Bundan sonra neftin qiyməti 40 faiz də aşağı düşsə, noyabr-dekabr ayında Azərbaycanın həmin aylar üçün planlaşdırılmış büdcəsində defisit yarana bilməz. Noyabr ayınadək yaranan əlavə 1 milyard manatın hesabına həmin defisiti aradan qaldırmaq olar. Eyni zamanda Azərbaycan büdcəsi yenə ilin sonuna qədər profisitliyini qoruya biləcək. Amma 2009-cu ilin büdcəsinin (bizə təqdim olunan sənədlərə görə) optimist variantında bir barrel üçün 125 dollar, orta variantda 100 dollar, pessimist variantda isə 80 dollar götürülüb. Hökumətin pessimist variantı bu gün özünü doğrultmur. Ona görə ki, hazırda neftin qiyməti 60-65 dollardan yuxarı deyil. Bir barrelin qiyməti 40 dollara düşəndə isə vəziyyət həddindən ağır olacaq. Əlbəttə, belə büdcə proqnozu həddindən artıq riskli proqnozdur. Ona görə də, hökumətin 2009-cu ilin büdcəsində müəyyən korrektələr etməsinə ehtiyac var. Bunu müqayisəli şəkildə də demək olar. Məsələn, ruslar gələn ilin büdcəsini müəyyənləşdirən zaman əvvəlcə neftin baza qiymətini 93 dollar götürmüşdülər. Sonrakı proseslər göstərdi ki, bu proqnoz özünü doğrultmayacaq. Onlar indi iki rəqəm - 63-66 dollar arasında seçim edəcəklər. 2010-cu il büdcəsi üçün də 63 dollar götürüblər. Səudiyyə Ərəbistanı dünyada neft hasilatına görə birinci yerdə olmasına baxmayaraq, 2009-cu ilin büdcəsinin proqnozlaşdırılmasında neftin bir barrelinin qiymətini 55 dollar götürüblər. Veneseula da neft hasilatında qabaqcıl ölkələrdən biridir. Ancaq 2009-cu ilin büdcəsində bir barrel neftin qiymətini 60 dollar götürüb. Onlarla müqayisədə Azərbaycanda neftin baza qiyməti ən yüksək götürülüb.

   - Konkret hansı tədbirlərin həyata keçirilməsi təklif olunur?

   - Birincisi, 2009-cu ilin büdcəsində neftin bir barrelinin qiymətini 60 dollar götürüb, yenidən işlənilməsi variantıdır. İkinci variant isə ondan ibarətdir ki, bu göstəricini 70 dollar səviyyəsində saxlanılmaqla, Neft Fondunun vəsaitləri hesabına təhlükəsizlik yastığı yaratmaqdır. Neftin qiyməti kəskin aşağı düşərsə, o yaradılmış təhlükəsizlik yastığı hesabına büdcədə problem yaranmasının qarşısı alınar. Üçüncü varianta görə, hökumət heç nə etmir. Gələn ilin birinci rübündə neftin bir barrelinin qiyməti 60 dollar civarında formalaşır. Büdcədə isə bu rəqəm 80 dollar götürüldüyündən fərq əmələ gəlir. Bu halda büdcə layihələrində ixtisarlar həyata keçirməli olacağıq. Necə ki, biz neftin qiyməti artanda büdcəyə yenidən baxıb, əlavə və dəyişikliklər edirdik. Azərbaycanın 17 milyard dollara qədər valyuta ehtiyatı olduğu üçün bu variantların hər birini nəzərdən keçirmək mümkündür.

   - Neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın ümumi gəlirlərində nə qədər itki ilə müşahidə edilib?

   -Bu ilin ortalarına neftin bir barrelinin qiyməti 147 dollara çatmışdı və hər barrelə uyğun gəlir əldə edilirdi. İndi bu gəlirlər iki dəfədən çox azalıb. Eyni zamanda faiz dərəcələri qərb ölkələrində aşağı düşür. Belə olan halda xaricdə idarəetməyə verilən pullarımızın gəlirlilik dərəcəsi də aşağı düşür. Burada söhbət cüzi yox, nəzərəçarpacaq itkilərdən gedir.

   - Bəs dolların bahalaşması və avronun ucuzlaşmasından itkilərimiz olurmu?

   - Dolların kursu qalxır, avro, rublun kursu aşağı düşür. Bu proses nəticəsində Azərbaycana Avropadan və ya Rusiyadan gələn malların qiymətləri nəzəri cəhətdən aşağı düşür. Bir şərtlə ki, burada Azərbaycana mal gətirənlər vəziyyətdən sui-istifadə edib, qiymətlərin aşağı düşməsinin qarşısını almaq üçün süni tədbirlər görməsinlər. Əlbəttə ki, rublun, avronun dollara nisbətdə kursunun aşağı düşməsi Azərbaycana gələn malların qiymətinin aşağı düşməsinə gətirib çıxarır. Dollar-avronun mübarizəsindən bir sıra istehsal xarakterli problemlər də ola bilir.

   - Milli Bank ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarının ən böyük problemini onların xarici kredit borcu ilə əlaqələndirir. Bu problemi necə həll etmək mümkündür?

   - Beynəlxalq maliyyə institutları ölkəmizdəki kommersiya banklarının hesabına kredit vermək üçün təxminən 2 milyard köçürüblər. Onun 1 milyard dolları Azərbaycan Beynəlxalq Bankının payına düşür. Qalan vəsait digər banklar arasında bölüşdürülüb. Səhv etmirəmsə, Beynəlxalq Bank öz payının yarısını artıq qaytarıb.

   Narahatçılıq doğuran əsas məsələlərdən biri bundan sonra onların xaricdən ucuz kredit almaq imkanlarının məhdud olacağı ilə bağlıdır. Belə bir şəraitdə onların kredit vermə imkanlarının məhdudlaşmasının qarşısını almaq üçün hökumət tədbirlər görməlidir. Bu məsələlər ciddi surətdə təhlil olunmalıdır ki, qlobal böhranın Azərbaycan maliyyə bazarına bilavasitə təsiri olmasın. Dolayı yolla baş verən təsirdən doğan itkiləri minimuma endirmək lazımdır.

No comments: