Friday, November 7, 2008

"Demir pullar dovriyyeden cixir" - Vuqar Bayramov, Meqsed bloqu

http://www.meqsed.azeriblog.com/2008/11/07/demir-pullar-tedricen-dovriyyeden-chixir

Ölkədə günü-gündən artan qiymətlər dəmir pulların tədricən dövriyyədən çıxmasına gətirib çıxarıb. Bu gün 1, 2, 3, 5, 10 və 20 qəpikliklərin alıcılıq qabiliyyəti yoxdur. Hətta bir sıra mağaza şəbəkələri, ərzaq dükanları kiçik pulları qəbul etmək istəmirlər. Müştərilər də verdikləri pulun qalığı kimi onlara 3-5, hətta 10 qəpikliyin qaytarılmasına etiraz edirlər. Bəzi iri şəbəkəyə malik marketlər isə bundan çıxış yolu kimi, kassanın yanında nəzir qutusu quraşdırıblar. 
Maraqlıdır ki, bu gün təkcə dəmir pullar dövriyyədən çıxmır, manat da dəyərsizləşir. Müstəqil iqtisadçılar deyir ki, ticarət partnyorları ilə müqayisədə ölkədə yüksək inflyasiyanın müşahidə edilməsi son nəticədə manatın alıcılıq qabiliyyətinin pisləşməsinə təsir göstərib. 
Bu arada istisna olunmur ki, 2009-cu ildən dövriyyəyə irinominallı əsginazlar - 200, 500 manatlıqlar buraxılacaq. Yeri gəlmişkən, Milli Bankın özü də dəfələrlə analoji  bəyanatlarla çıxış edib. Hətta qurumun idarə heyyətinin sədri Elman Rüstəmov mətbuata açıqlamalarında deyib ki, hökumət prosesə texniki baxımdan hazırdır. 50 və 100 manatlıqlara təlabat artsa, dövriyyəyə yeni əsginazların buraxılması məsələsinə baxılacaq. Bəzi ekspertlərin fikrincə də Azərbaycanda yaxın dövrdə yeni əsginazların buraxılması mümkündür. Çünki buna manatın alıcılıq qabiliyyəti, inflyasiya səviyyəsi təsir göstərir. Bildirək ki, hazırda 20,50,100 manatlıqlar əsas işlək pul vahidlərinə çevrilib.   
Mövzu ətrafında söhbət etdiyimiz iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, dəmir pulların işləməməsi və ya tədricən dövriyyədən çıxması ilə bağlı iki məqama diqqət yetirilməlidir: “Birinci məqam ondan ibarətdir ki, əksər ticarət obyektləri nümayişkarcasına kiçik pulları - 2 və 5 qəpiklikləri qəbul etmədiklərini söyləyirlər. Baxmayaraq ki, qanunvericiliyə əsasən Milli Bankın buraxdığı istənilən əsginaz, o cümlədən dəmir pullar Azərbaycanda fəaliyyət göstərən bütün ticarət obyektləri tərəfindən qəbul olunmalıdır”. 
“Bu gün kiçik pulların istifadəsi ilə bağlı çox ciddi problemlər, əngəllər var” deyən iqtisadçı Milli Bankın “qara qəpik” adlandırılan pulların istifadəsinə nəzarət imkanlarının məhdud olmasından təssüflənir: “Hərçənd ki, Milli Bank dəfələrlə həmin pulların ticarət obyektləri tərəfindən qəbul edilməyəcəyi halda vətəndaşın quruma müraciət etmək hüququna malik olduğunu bildirib. Hətta qanunvericiliyə əsasən həmin ticarət obyektinin lisenziyasının alınması da mümkündür. Lakin indiyədək kiçik pullardan imtina və ya qəbul etməməklə bağlı hər hansı ticarət obyektinə qarşı sanksiyanın müəyyənləşdirilməsinə, lisenziyanın geri alınmasına dair faktlara rast gəlinməyib”.  
Dəmir pulların Azərbaycan qanunvericiliyinə müvafiq olaraq dövriyyəyə buraxıldığını xatırladan ekspert bildirdi ki, pullar qanunvericiliyin tələbinə əsasən istifadə edilmir: “Kiçik pulları üst-üstə yığıb alıcılıq qabiliyyəti olan bir pula çevirmək mümkün olsa belə həmin pullar ticarət obyektlərinin əksəriyyəti tərəfindən qəbul edilməyəcək. Digər məqam ondan ibarətdir ki, kiçik pullar ayrı-ayrılıqda öz dəyərini itirib, onların alıcılıq qabiliyyəti kifayət qədər aşağı düşüb. Bu gün əslində nəinki ”qara qəpik" adlanan 2,3,5 qəpikliklərin, o cümlədən 10 və 20 qəpikliklərin də alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür. Azərbaycanda çox az sayda məhsullar var ki, onları 10 qəpiyə almaq mümkün olsun. Hətta bu günün 1 manatının alıcılıq qabiliyyəti bir il əvvəlki 1 manatın alıcılıq qabiliyyəti eyni deyil. Azərbaycanda yeni manat dövriyyəyə buraxılanda istər həmin kiçik pulların, istərsə də manatın alıcılıq qabiliyyəti kifayət qədər çox idi". 
Ekspertin sözlərinə görə, manatın digər valyutalara nisbətən məzənnəsinin möhkəmlənməsi ilə yanaşı alıcılıq qabiliyyətinin aşağı düşməsi müşahidə olunur ki, bu da arzuolunan vəziyyət deyil. 
V.Bayramova görə, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsinin əsas səbəbi ölkədə inflyasiya səviyyəsinin kifayət qədər yüksək olmasıdır: “Bir manata əksər istehlak mallarını almaq mümkün deyilsə, bu o deməkdir ki, Azərbaycanda inflyasiyanın səviyyəsi ilə bağlı vəziyyət ciddidir”. 
Ekspert bildirdi ki, məhz manatın alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən əhalinin gəlirlərinin strukturunda gəlirlərin böyük faizi ərzaq məhsullarının alınmasına yönəldilir: “Çox nadir ölkələrdə gəlirlərin 2/3-dən artığı istehlak mallarının alınmasına yönəldilir. İnkişaf etməkdə olan dövlətlərdə belə, gəlirlərin ərzaq mallarının alınmasına yönəldilən hissəsi adətən həmin gəlirlərin 1/3-dən çox olmur. Bu onu göstərir ki, Azərbaycanda əhalinin gəlirləri onların gündəlik yaşamına hesablanıb. Vətəndaşların yığım, istirahət imkanları məhduddur”.

No comments: