Thursday, November 13, 2008

"Azerbaycanin heqiqi xarici borcu 8 milyard dollardir" - Leyla, Musavat


Ölkənin xarici borcları maksimum həddə çatmaq üzrədir. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ölkənin ümumi xarici borcu 8 milyard dollar, xarici kreditor mövqeyi isə 11 milyard dollardır. Nəzərə çatdıraq ki, bir müddət əvvəl Maliyyə Nazirliyi Azərbaycanda xaricdən cəlb olunan kreditlərin həcminin bu ilin ötən ayında 2798,5 milyard ABŞ dolları təşkil etdiyini bildirmişdi. Eyni zamanda E.Rüstəmovun özü kommersiya banklarının xarici borclarının 2 milyard dollar olduğunu deyirdi. Bəs 8 milyard borc rəqəmi haradan qaynaqlanır? 
Sualımızı cavablandıran iqtisadçı ekspert Zöhrab İsmayıl bildirdi ki, dövlətin borcları ilə yanaşı ayrı-ayrı dövlət şirkətlərinin dövlət zəmanəti ilə aldığı borclar var: “Bura Dövlət Neft Şirkəti, ”Azəriqaz", “Azərenerji”, Xəzər Dəniz Gəmiçiliyi və s. bu kimi şirkətlər daxildir. Bundan əlavə, kommersiya banklarının xarici borcları var. Özəl sektorda olan şirkətlər də xaricdən kredit alıblar. Milli Bank sədrinin açıqladığı rəqəm dövlətin xarici borcunun deyil, ümumiyyətlə, həm dövlətin, həm dövlət şirkətlərinin, həm bankları, həm də özəl şirkətlərin toplam borclarını əks etdirir. Bir müddət əvvəl də Milli Bank bu rəqəmi açıqlamışdı. İctimaiyyət üçün ümumi borcun məbləğinin açıqlanması yenidir. Çünki indiyə qədər bunu etmirdilər. Adətən yalnız dövlət borcu barədə məlumat verilirdi. Ona görə də bu məsələ ictimaiyyət üçün bir qədər aydınlaşdırılmayıb. Ümid edirik Milli Bank bundan sonra həmin borcların strukturunu da açıqlayacaq".   
Z.İsmayıl Milli Bankın borcları ölkənin xarici valyuta ehtiyatları ilə müqayisə etməsinə də toxundu. Bildirək ki, qurum ölkənin xarici valyuta ehtiyatlarının xarici borcları iki dəfə üstələdiyini deyir.
Ekspert hesab edir ki, xarici valyuta ehtiyatları ilə yalnız dövlətin borclarını müqayisə etmək olar: “Çünki bankların borclarına görə Azərbaycan dövləti məsuliyyət daşımır. Banklar çox güman ki, borclarını sığortalayıblar və ya hansısa öhdəlikləri var. Dövlət zəmanəti ilə götürülən borclarla müqayisə edəndə xarici valyuta ehtiyatları borcları üstələyir. Amma bütün hallarda dövlət borclarımız da artır. O cümlədən daha bir problem bankların, bir sıra özəl şirkətlərin xarici banklardan kredit almağa meyilli olmasıdır. Bu da onunla bağlıdır ki, ölkə daxilində sağlam maliyyə mühiti yoxdur. Deyirik, iqtisadiyyatımız inkişaf edir və sair, amma onun maliyyə qaynaqlarını görmürük”. 
Bəzi iqtisadçıların fikrincə isə Milli Bankın bankların xarici borclarını rezervlərlə müqayisə etməsi iqtisadi baxımdan doğru deyil. Çünki ölkənin rezervləri yalnız  büdcə gəlirlərinin formalaşmasına və ya kommersiya banklarında problem yaranan zaman həmin problemlərin aradan qaldırılmasına yönəldilə bilməz. Ekspertlər bildirirlər ki, yalnız rezervlərin idarəedilməsindən əldə olunan gəlirin istifadəsindən söhbət gedə bilər. Bu da kifayət qədər kiçik rəqəmdən xəbər verir. 

No comments: