Thursday, November 13, 2008

"Azerbaycanda Ipoteka Fondunun Veziyyeti" - Leyla, Musavat


Məlum olduğu kimi, 2009-cu ilin dövlət büdcəsindən ipoteka kreditləşməsinə 14 milyon manat vəsait ayrılıb. Xatırladaq ki, bu ilin büdcəsindən 34 mln. manat ayrılmışdı. Lakin dövlət hesabına ipoteka kreditlərinin verilməsi ötən ilin iyun ayından dayandırıldığından həmin məbləğ xərclənməmiş qaldı. Maliyyə Nazirliyi 34 mln manatın 10 milyon manatını Dövlət İpoteka Fonduna (DİF) ayırdı.

Fond isə həmin məbləği ipoteka kreditlərinin verilməsinə deyil, 2007-ci ildə müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin yenidən maliyyələşməsinə yönəltdi. Bu isə 2008-ci il üçün nəzərdə tutulan vəsaitin məhz 2007-ci il üçün DİF-in borclarının ödənilməsinə xərclənməsi demək idi. 
İndi isə məlum olur ki, DİF-ə 10 milyon deyil, 22 milyon manat verilib. Deməli, 2008-ci ilin dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün nəzərdə tutulan vəsaitin 65 faizi xərclənib. Bu arada diqqətə çatdıraq ki, hökumət növbəti ilin büdcəsindən ipoteka kreditləşməsinə vəsait ayırarkən məhz bu il bölüşdürülməmiş qalan vəsaiti əsas gətirərək 14 milyon manat vəsait nəzərdə tutduğunu deyirdi. Bildirilirdi ki, 24 milyon manat qalıq kimi növbəti ilin büdcəsinə keçəcək.

1 milyon dolların aqibəti məlum deyil

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bildirir ki, Dövlət İpoteka Fondunun vəsaitlərin böyük əksəriyyətini xərcləməsinə baxmayaraq il ərzində 1 nəfərə belə kredit verməməsi təəccüb doğurur: “Maraqlıdır ki, indiyədək fondun hesabına ayrılan bütün vəsaitlər məhz ”təkrar maliyyələşdirməyə" yönəldilib. Halbuki Milli Bank il ərzində bir neçə dəfə ipoteka kreditləşməsinin bərpa edilməsi ilə bağlı açıqlama verib. Əgər vəsaitlərin böyük hissəsi xərclənibsə, o zaman ölkənin mərkəzi bankının hansı resurslarla prosesi bərpa etmək niyyətində olması qaranlıq qalır. Faktiki olaraq, bu o deməkdir, Milli Bank prosesi bərpa etməyin mümkünsüzlüyünü bilsə də tezliklə ipoteka kreditlərinin veriləcəyini bəyan edir. Nəticədə isə il yarımdam artıqdır ki, dövlət büdcəsi hesabına həyata keçirilən ipoteka kreditləşməsi dayandırılıb".
V.Bayramovun sözlərinə görə, 2007-ci ildə fond 62,242 milyon manatlıq ipoteka müqaviləsi bağlasa da 45,366 milyon manatlıq vəsait ayırıb. Bu isə o deməkdir ki, 2007-ci ildə 16,876 milyon manatlıq kəsir olub: “Deməli, fondun xərclədiyi vəsaitlə kəsiri arasında 5, 124 milyon manat fərq olub. Maraqlıdır, həmin vəsait hara xərclənib? Ola bilər ki, İpoteka Fondu 2006-cı ilin kəsirinin də 2008-ci ildə örtüldüyünü iddia etsin. 2006-cı ildə 5,568 milyon manatlıq ipoteka müqaviləsi bağlanılıb və onun 1,276 milyon manatı ödənilib. Bu, 2006-ci il üçün 4,292 milyon manat kəsir deməkdir. Belə olan halda, fondun indiyədək olan müqavilələr üzrə borcu 21,168 milyon manat olub, bu isə fondun bu məqsədlə istifadəsini iddia etdiyi 22 milyon manatdan 832 min manat azdır”. 
Ekspert bildirdi ki, fond hətta 2006-cı ildə bağladığı kredit müqavilələri üzrə borcun 2008-ci ildə ödənildiyini iddia etsə də xərclədiyi vəsaitlə borcu arasında 1 milyon dollardan artıq fərq var: “Bundan başqa, niyə fond 2006-ci ilin borclarını 2007-ci ildə qapatmayıb? Əslində 2006-cı ilin borcunun 2 il sonraya ötürülməsi kifayət qədər mübahisəlidir. Çünki bütün hallarda 2006-cı ildə bağlanmış müqavilələrə 2008-ci ildə vəsaitin ayrılması da ağlabatan deyil. Belə çıxır ki, 2006-ci ildə mənzil alanlar pulu 2008-ci ildə ödəyiblər. Bunu təsəvvür etmək isə olduqca çətindir. Problem sadəcə ”özünümaliyyələşdirməyə" yönəldilən vəsaitlə real borc arasındakı fərqlə bağlı deyil, məsələni qəlizləşdirən başqa məqam məhz “borc içində batan” fondun ipoteka kreditləşməsinin bərpası ilə bağlı verdiyi vədlərdir".

22 milyon manat əhalidən xəbərsiz xərclənib

İSİM rəhbərinin sözlərinə görə, əhaliyə ipoteka kreditləşməsinin bərpa ediləcəyi bildirilir, amma vəsait başqa məqsədlər üçün istifadə olunur: “Təəssüf ki, eyni tendensiya hələ də qalmaqdadır. Dövlət büdcəsində nəzərdə tutulan 22 milyon manat faktiki olaraq əhalidən xəbərsiz xərclənib. Milli Bank zaman-zaman ipoteka kreditlərinin bərpa edilməsi ilə bağlı açıqlamalar verib, amma heç zaman vəsaitin 65 faizinin xərclənməsi ilə bağlı məlumat yaymayıb. Fondun saytında yerləşdirilən bir neçə cümlədən ibarət olan məlumatı isə razlışaq ki, oxuyanların sayı heç də çox deyil. Eyni zamanda bu, prosesin həyata keçirildiyini deməyə əsas vermir”.

Dövlət hesabına ipoteka kreditləşməsi mərhələsi başa çatmaq üzrədir

V.Bayramov dedi ki, kreditlərin kommersiya şərtləri ilə verilməsini təklif edən fond üçün gələn il cəmi 14 milyon manat nəzərdə tutulub. Bu isə o deməkdir ki, artıq dövlət büdcəsi hesabına həyata keçirilən ipoteka kreditləşməsi mərhələsi başa çatmaq üzrədir: “Halbuki bu proses cəmi 2 il əvvəl başlayıb və il yarımlıq fasilə ilə müşahidə edilib. Başqa tərəfdən, ipoteka kreditlərinin kommersiya şərtləri ilə verilməsi heç də ipoteka sisteminin təkmilləşməsinə gətirib çıxara bilməz. ABŞ və Litva təcrübəsini öyrənən, 2008-ci ildə Meksikanı həmin siyahıya əlavə edən İpoteka Fondu problemin həllini yalnız daha ağır şərtlərlə kreditlərin təklif edilməsində görür. Halbuki dövlət büdcəsi hesabına ipoteka kreditlərini kommersiya şərtləri ilə təklif edən ölkə yoxdur. Əslində dövlət büdcəsi  hesabına təklif edilən sosial ipotekaların faiz dərəcələrini yüksəltmək əvəzinə İpoteka Fondunun alternativ maliyyələşmə mənbələri axtarıb tapması daha yaxşı olardı. İndiyədək İpoteka Fondu dövlət büdcəsindən asılılığını aradan qaldırmaq üçün  heç bir ciddi addım atmayıb. Sadə yol seçilib, o da şərtlərin ağırlaşdırılmasıdır.

3 ildir prezidentin fərmanına əməl olunmur

“Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” prezidentin 16 sentyabr 2005-ci il tarixli fərmanında ipoteka kreditləşməsinə yönəldilən vəsaitin həcminin davamlı olaraq artırılmasına nail olmaq məqsədilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə ipoteka istiqrazları təsisatının yaradılmasına və bu yolla Milli Bankın, Dövlət Neft Fondunun və institusional investorların (o cümlədən sığorta şirkətlərinin, investisiya fondlarının və s.) maliyyə resurslarının İpoteka Fonduna cəlb olunmasına dair təkliflərin 1 ay müddətində dövlət başçısına təqdim edilməsi tapşırılmışdı. Amma sözügedən sənədin imzalanmasından üç ildən çox vaxt keçməsinə baxmayaraq, bu sahədə heç bir addım atılmayıb. Əslində institutsional investorları cəlb etməklə problemi kifayət qədər yumşaltmaq və ən əsası dövlət büdcəsindən asılılığı azaltmaq olardı".
İSİM rəhbəri bildirdi ki, son proseslər 2009-cu ildə əhalinin ipoteka kreditləşməsindən səmərli istifadə etməsi ilə bağlı narahatçılıq yaradır. Bu, həmçinin prosesin şəffaf olacağı ilə bağlı narahatlığı da gücləndirir. Belə ki, vəsaitlərin xərclənməsi ilə bağlı ictimaiyyətə məlumat verməli olan İpoteka Fondu əksər hallarda susmağa üstünlük verir.

No comments: