İlyas İsmayılov aztəminatlı ailələrin mənzil probleminin dövlət hesabına həll olunmasını, ürək qüsuru ilə doğulan körpələrin cərrahiyyə xərclərini dövlətin çəkməsini təklif etdi.
YAP-çı deputat partiyaları təhqir etdi
Siyavuş Novruzov Azərbaycanın dünyadakı maliyyə böhranından uğurla çıxmasını hökumətin böyük uğuru saydı. Onun sözlərinə görə, müzakirələr zamanı bəzi millət vəkillərinin büdcənin neftdən asılı olması, əldə edilən uğurların neft gəlirləri ilə bağlılığı barədə fikirləri həqiqəti əks etdirmir: “Dünyanın Azərbaycan kimi neftlə zəngin olan digər ölkələri də var. Amma bütün neft ölkələrinin əhalisi yaxşı şəraitdə yaşamır. Məsələn, İordaniya ildə neftdən 200 milyard dollardan artıq gəlir əldə edir, amma xalqı acından qırılır, prezidenti çadırda yaşayır” (S.Novruzov bu yerdə İordaniya ilə Liviya rəhbərlərini dəyişik saldı-E.P.)
YAP-çı deputat Bakı-Axalkalaki-Qars dəmir yolunun Naxçıvana qədər uzadılması ilə bağlı xüsusi layihənin icra olunmasını zəruri saydı. S.Novruzov Bakı-Naxçıvan aviareysinə biletin xeyli baha olduğunu da söylədi və dövlətin bu sahəyə ayırdığı dotasiyaların miqdarını artırmağı təklif etdi. O, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı da danışdı: “Bu ildən dövlət büdcəsindən QHT-lərə vəsait ayrılır. Gələn ildən kütləvi informasiya vasitələrinə də büdcə yardımının edilməsi nəzərdə tutulur. Büdcədən siyasi partiyaların da maliyyələşdirilməsi ilə bağlı pul ayrılmalıdır. Bəzi partiyalar maliyyə almaq üçün səfirliklərin, beynəlxalq təşkilatların qapısını kəsdirirlər. Onlara verilən maliyyənin qarşılığında isə üzərlərinə müəyyən öhdəliklər götürürlər. Bundansa Maliyyə Nazirliyinin qapısını kəsdirsinlər, heç kimin qarşısında da öhdəlikləri olmasın”.
Yaqub Mahmudov kəndlərdə işıq, qaz və yol probleminin həllinin vacibliyindən danışdı: “Elə etməliyik ki, büdcə vəsaitləri gedib kəndə çıxsın”. O, Qubada aşkarlanan kütləvi məzarlığın məhv olmaq təhlükəsi ilə üzləşdiyini dedi və hökuməti ərazidə şüşə muzeyin yaradılmasına təcili vəsait ayırmağa çağırdı.
“Ayrı-ayrı nazirliklər ləğv olunmalıdır”
İqbal Ağazadə bildirdi ki, hökumət üzvləri və bəzi deputatlar çıxışlarında dünya böhranının sanki Azərbaycana heç bir dəxli yoxmuş kimi bütün bu işlərin üstündən sükutla keçir: “Amma dünyadakı hadisələr sübut edir ki, ölkələrdə heç də çox sabit iqtisadi həyat olmayacaq, çox ciddi problemlər olacaq və bu problemlərin qarşısını əvvəlcədən almaq hökumətlərin bilavasitə vəzifəsidir. Təəssüf ki, bizim büdcədə bunların heç biri nəzərə alınmayıb”.
Millət vəkili “inkişaf büdcəsi” kimi dəyərləndirilən büdcənin 41 faizə yaxınının Neft Fondundan transfertlər hesabına formalaşdırıldığını xatırlatdı: “Keçən il rayonlara verilən dotasiya 58 faiz idi, indi 61 faizdir. İnkişaf varsa, niyə dotasiya ayrılır? Deməli, ölkə irəliyə yox, geriyə doğru gedir”.
Deputat təqdim olunan layihənin ikinci səhifəsində bir barrel neftin qiymətinin 80 dollar göstərildiyini nəzərə çatdırdı: “Mövcud situasiyada bu qiymətlə bağlı ciddi düşünmək lazımdır”. İ.Ağazadə daha sonra digər rəqəmlərə diqqət çəkdi: “Büdcədə musiqi alətlərinin alınmasına da 1 milyon manat vəsait ayrılıb, ölkənin 38 faiz əhalisinin məşğul olduğu sahəyə - kənd təsərrüfatına da. Bu, çox gülünc rəqəmdir”.
Millət vəkili bildirdi ki, hökumətin idarə olunması və strukturların təkmilləşdirilməsi ilə bağlı da ciddi addımlar atılmalıdır: “Bu qədər komitələrin və nazirliklərdən ayrılmış ayrı-ayrı idarələrin büdcədən müstəqil maliyyələşməsinin qarşısı alınmalıdır və onlar mərkəzləşdirilmiş qaydada Nazirlər Kabinetinin tərkibinə daxil olmalıdır. Ayrı-ayrı nazirliklər ləğv olunmalı, birləşdirilməlidir və birinci növbədə dövlətin puluna hansı yolla qənaət edilməsinin yolları axtarılmalıdır. Bu gün idarə səviyyəsində fəaliyyət göstərə bilməyən, dövlətə xeyir verməyən komitələr niyə saxlanılır?”
İ.Ağazadə təhsilə laqeyd münasibətdən də danışdı: “Bir nəfər olimpiya çempionuna Azərbaycanın müxtəlif strukturları milyon yarıma qədər vəsait verdi. Təhsil Nazirliyi və hökumət üzvləri bircə nəfər 11 il orta məktəb təhsili, 4 il bakalavr, 2 il magistr, 3 il doktorantura təhsili almış mütəxəssis göstərsinlər ki, ona dövlətin hər hansı bir sahəsi bir manat yardım edib. Bu nədir? Azərbaycan gəncliyini ancaq idmana, hansısa yarışlara hazırlayırıq? Bu gün diqqət edin, olimpiya çempionu olmuş nə qədər insanlarımız həbsxanadadır, cinayət məsuliyyətinə cəlb olunub”.
Zahid Oruc təhsil islahatlarının sürətləndirilməsinə ehtiyac olduğunu bildirdi. Deputat dedi ki, hazırda Azərbaycanda 8600 elmlər namizədi, 1700 elmlər doktoru var. Amma elmi dərəcələrə görə verilən əlavə vəsait çox azdır.
“Bəs vəsait nə vaxt olacaq?”
Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli komissiyaların iclasında cavab verilməyən suallarından bəzilərini təkrar səsləndirib onlara cavab istədi. Dedi ki, Neft Fondu yaradılanda neftdən gələn sərvətin gələcək nəsillərə saxlanılması bu fondun əsas məqsədi kimi göstərilmişdi: “2009-cu ildə bu fondun 35 faizi büdcəyə verilir. Şübhə yoxdur ki, neftin qiyməti bir az da aşağı düşsə, fonddan ayırmalar 60 faizə çatacaq. Əgər belədirsə, bu fondu saxlamağın nə əhəmiyyəti var? Fondu elə büdcə ilə birləşdirmək daha yaxşı olmazdımı?”
Millət vəkili xatırlatdı ki, dövlət məmurlarının danışıqlarında bu qədər böyük itkinin narahatlığı hiss olunmur: “Bütün məmurlar bir fikri təsdiqləyir ki, bizim yaxın illər üçün büdcə ilə bağlı heç bir problemimiz olmayacaq. Bu qədər nikbinliyin səbəbi təbii ki, Neft Fondunun pullarına olan arxayınçılıqdır. Bilirlər ki, qiymət nə qədər aşağı olsa da Neft Fondunun gələnilki vəsaiti büdcəni qoruyub saxlamağa imkan verəcək. Sual olunur: əgər biz gəlirlərin pik dövrünün, yəni 2009-2010-cu illərin neft gəlirlərini büdcəyə verəcəyiksə, bəs sonrakı illərdə bu gəlirlər azalanda neyləyəcəyik?”
İ.Əkbərli İmişli rayonunun qaz problemindən də söz açdı: “Məmurların dilindən ölkənin 80 faizinin qazlaşdırılması haqda tez-tez bəyanatlar verilir. Ola bilsin ki, coğrafi baxımdan bu düzgündür. Yəni ölkənin 80 faiz ərazisində məşəl də olsa yandırılıb. Niyə siz bu hesablamanı əhalinin sayına görə aparmırsınız? Təmsil etdiyim İmişli rayonunda düz 15 il qaz olmayıb. İmişli Şəkər Zavodu tikilən kimi bir ay müddətində rayona qaz çəkildi. Sevindik ki, bu zavodun hesabına bəlkə rayon da qazlaşdırılar. Ancaq təəssüf ki, keçən 3 ildə heç rayon mərkəzini qazlaşdıra bilməmişik. İmişlinin 60 kəndindən heç birinə bu gün qaz çəkilməyib. Soruşanda da deyirlər ki, vəsait yoxdur. Bəs vəsait nə vaxt olacaq? Büdcəmiz nə qədər artmalıdır ki, insanlarımızın soyuqdan ölməsinin qarşısını alaq? Bu, mənim yox, seçicilərimin sualıdır və istəyirik ki, bu suala da cavab verilsin”.
YAP-çı deputat Əli Əhmədov dövlət vəsaiti hesabına mənzil probleminin həlli üçün 25 illik kreditlərin verilməsini təklif etdi. O, İ.Əkbərlinin çıxışına da reaksiya verdi.
Fazil Qəzənfəroğlu dedi ki, əsas məsələ vəsaitin ayrılması yox, onun necə xərclənməsidir. Deputat Zaqatala və Lənkəranda hava limanının açılmasından da danışdı: “Ancaq bu təyyarələrlə 5 nəfərdən artıq adam uçmur. Birinci əhalini varlandırmalıyıq ki, bilet almağa pulu olsun”. F.Qəzənfəroğlu siyasi partiyalara dövlət vəsaitinin ayrılmasını da təklif etdi.
Aynur Quliyeva sovet dövründən qalma əmanətlərin taleyi barədə sual verdi. O, jurnalistlərin mənzil probleminin həlli üçün də tədbir görülməsinə çağırdı və mətbuat işçilərinə torpaq sahəsinin ayrılmasını zəruri saydı.
“Dövlətin büdcəsi heç kəsin baba payı deyil”
Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli öncə bəzi deputatların özlərini millət vəkili kimi yox, hökumət üzvləri kimi apardığını söylədi: “Onlar daha çox xalqın mənafeyindən yox, mənsub olduqları partiyanın mənafeyindən çıxış edir. Burda Əli Əhmədov guya İltizam bəyə cavab verirmiş kimi ”neftimiz olmağına görə utanmalıyıqmı" sualını ünvanladı. Yox, neftimiz olduğuna görə utanmalı deyilik. Gələcək nəsillərin payı olan o neftə əl uzatdığınıza, dağıtdığınıza görə, toxunulmaz olan o fondu bu gün payladığınıza görə utanmaq lazımdır".
A.Səmədbəyli siyasi partiyaları aşağılamağa çalışan S.Novruzovun da cavabını verdi: “Burada Siyavuş Novruzov deputat kimi yox, daha çox şahid kimi danışır”.
Müsavatçı deputat bildirdi ki, millət vəkili və ya siyasi partiya heç kəsin qapısını kəsdirməməlidir: “Dövlətin büdcəsi də heç kəsin baba payı deyil ki, kimə istədi bir çömçə, o birisinə beş çömçə versin. Hamının büdcəsidir və hamıya eyni qaydada çatmalıdır. Bu zehniyyətlə Azərbaycanda normal, demokratik, hüquqi dövlət qurmaq çox təəssüf ki, müşkül və mümkünsüz görünür”.
A.Səmədbəyli sonra büdcə layihəsindən danışdı: “Əgər biz şərti olaraq təsəvvür etsək ki, büdcəmiz 100 manat təşkil edir, o zaman bu büdcənin cəmi 2 qəpiyi ekologiyaya, 4 manat 12 qəpiyi səhiyyəyə, 10 manat 94 qəpiyi təhsilə, 9 manat 18 qəpiyi sosial müdafiə və təminata, 5 manat 50 qəpiyi məhkəmə hakimiyyətinə, hüquq-mühafizə və prokurorluq orqanlarına, 3 manat 14 qəpiyi kənd təsərrüfatına xərclənir. Amma bunun müqabilində birbaşa tikintiyə 38 manat 10 qəpik xərclənir. Budurmu ədalətli büdcə vəsaiti bölgüsü? Məhkəmə hakimiyyətinə, hüquq-mühafizə və prokurorluq orqanlarına əliaçıqlıq edildiyi halda kənd təsərrüfatına nədən fərqli münasibət göstərilir? İnfrastruktur tikintisi vüsət aldığı və Bakı şəhəri başdan-başa toz-torpaq içində olduğu halda ekologiyaya və sağlamlığa məgər belə münasibət göstərərlər? Yaxud elmsiz təhsil inkişaf edə bilərmi? Əgər təhsilə yaxşı pul ayırırıqsa, bəs onda elmə niyə belə biganə münasibət var? Məgər elmimizin iqtisadiyyata və cəmiyyətə bir körpünün tikintisi qədər töhfəsi yoxdurmu ki, ona normal məbləğdə vəsait ayrılmasın? Dünyada özünə hörmət edən heç bir ölkə elmə büdcə xərclərinin 1 faizindən aşağı vəsait ayırmır”.
A.Səmədbəyli büdcə layihəsinin geri qaytarılmasını və yenidən işlənəndən sonra müzakirələrə təqdim olunmasını təklif etdi.
“Milyardlar mənimsənilir”
Müsavat deputat qrupunun digər üzvü Pənah Hüseyn çıxışında bildirdi ki, Azərbaycan sosial-iqtisadi sferada sıçrayışlı artım mərhələsindən sıçrayışlı eniş mərhələsinə daxil olub: “Əgər əsaslı tədbirlər görülməsə, bu, sosial-iqtisadi həyatın sürətlə enişinə keçəcək. İkincisi, ümumdünya maliyyə və iqtisadi böhranın Azərbaycandan yan keçməsi, Azərbaycana təsir etməyəcəyi və ya az təsir edəcəyi haqdakı iddialar həqiqətəuyğun deyil. Üstəlik də bunun hökumətin müdrik siyasəti ilə izah edilməsi təkəbbürün və bir qədər də cahilliyin nümunəsi olub ancaq gülüş doğura bilər. İnkişaf etmiş ölkələrdə bu böhran qiymətli kağızlar birjalarında və fond bazarında maliyyə böhranı kimi yaranıb, sonra da real sektora keçməyə başlayıb. Azərbaycanın qiymətli kağızlar bazarı zəif inkişaf etdiyinə görə bu böhran birbaşa real sektorda müşahidə edilir”.
P.Hüseyn konkret nümunələr gətirdi: “Ölkənin ən iri sənaye müəssisələrindən poladəritmə zavodu bağlanıb. Dərin Özüllər Zavodunun işçiləri üç dəfə ixtisar edilib. Ölkədəki şirə zavodlarının əksəriyyəti bağlanıb və ya qismən işləyir. Ən iri broyler fabriklərinin 2/3 hissəsi bağlanıb. Mənzil tikintisi 6 dəfə azalıb və müvafiq olaraq bu sahədə çalışan insanlar işsiz qalıb. Daşınmaz əmlak bazarında həyəcanlı bir durğunluq var”.
Millət vəkili təcili olaraq ölkədə idxal-ixrac məsələləri ilə məşğul olacaq dövlət şirkətinin yaradılmasını, onun maliyyə mənbələrinin büdcədə nəzərdə tutulmasını təklif etdi. P.Hüseyn Gürcüstan və Rusiyada inflyasiyanın nə üçün Azərbaycandan təqribən iki dəfə az olmasının səbəbləri barədə hökumət üzvlərinə sual verdi. Əlavə etdi ki, əslində büdcə layihəsi komissiyadan geri qaytarılmalı idi. O, ayrılan milyardlarla pulun hara xərclənməsinin naməlum qalmasından da danışdı: “Keçən ilin mayında tikintiyə 2 milyard pul ayrıldı. Amma Bakı-Quba, Bakı-Astara, Bakı-Şamaxı yollarının tikintisi dayanıb, ”Xalqlar dostluğu" metrosunun yaxınlığındakı körpü yarımçıq qalıb. Bütün bunlar əslində milyardlarla pulun mənimsənilməsindən xəbər verir. Əks təqdirdə bunun cavabı verilməlidir".
Millət vəkili dedi ki, büdcənin adını düzgün qoymaq lazımdır: “Bu, inkişaf və ya sosial büdcə yox, transfert büdcədir”.
P.Hüseyn Neft Fondundan daha 1,5 milyard manat götürüb təhsil və səhiyyə işçilərinin vəzifə maaşlarını, sosial pensiyaları, təqaüdləri artırmağı, sosial ipotekalar üçün nəzərdə tutulmuş vəsaitlərin də artırılmasını təklif etdi. Sabirabad rayonundakı bəzi problemləri çatdırandan sonra millət vəkili konseptual çıxışını aşağıdakı bəyanatla yekunlaşdırdı: “Bu cür siyasət və strategiya ilə qazanılmış uğurların özü də aradan qalxacaq. Yeganə çıxış yolu Azərbaycanın demokratik qüvvələrinin, müxalifətin hakimiyyətə gəlməsindən ibarətdir”.
O.Əsədov onun bu sözlərinə “inşallah, Pənah bəy” deyə reaksiya verdi.
Bu gün büdcə müzakirələri davam etdiriləcək.
No comments:
Post a Comment