Monday, October 27, 2008

"Inflyasiyani azaltmaq olar" - Ulviyye Samilqizi, Xalq Cebhesi

http://www.xalqcebhesi.az/news.php?id=4708

Gələn il Azərbaycanda inflyasiyanın 20 faiz olacağı gözlənilir. Bu fikirlər Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında yer alıb. Fondun ekspertlərinin gəldiyi rəyə görə, eyni zamanda ölkədə aparılan antiinflyasiya tədbirləri prosesə müsbət təsir göstərməkdədir. Ekspertlərin fikrincə, inflyasiya ölkədəki iqtisadi artım, dövriyyədəki pul kütləsinin həcmi, işsizliyin səviyyəsi, Azərbaycanın ticarət partnyorlarında olan inflyasiya səviyyəsi nəzərə alınmaqla modelləşdirilir. Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Vüsal Qasımlı bildirib ki, adətən inflyasiyanın proqnozlaşdırılması zamanı əsas götürülən prinsip Filips əyrisidir: "Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, ölkədə işsizliklə inflyasiya arasında bir əlaqə var. Nə qədər yüksək inflyasiya olursa, işsizlik səviyyəsi də bir o qədər aşağı düşür və ya əksinə. Əgər siz Azərbaycandakı proseslərə fikir versəniz, görərsiniz ki, son 4-5 ilin ərzində Filips əyrisi fəaliyyət göstərib. Yəni işsizliyin səviyyəsi aşağı düşdükcə, məşğulluğun səviyyəsi artdıqca, inflyasiyanın səviyyəsi də artır. Ölkədəki iqtisadi artım 19 faizdir, buna baxmayaraq dövlət büdcəsinin xərcləri 11 faiz artıb. Bu faktoru özlüyündə inflyasiyaya cilovlayıcı tədbir kimi səciyyələndirmək olar. Ölkədə büdcənin artım tempi ÜDM-nin artım tempindən az olarsa, bu özü də cilovlayıcı faktor hesab olunur. Məşğulluq səviyyəsinin artması da inflyasiya yaradan bir amildir. Nəzərə alsaq ki, hökumətin növbəti il üçün də yeni iş yerlərinin artması ilə bağlı müəyyən planları var, onda bu inflyasiyanın xeyrinə işləyən amil olacaq. Amma dövlət büdcəsinin balanslaşdırılması inflyasiyanı cilovlayıcı amilidir. Çünki dövlət büdcəsinin kəsiri 150 milyon manat təşkil edir. Bu da büdcənin ümumi həcminin 1,2 faizi qədərdir". İqtisadçının dediklərinə əsasən, adətən büdcə kəsri beş faizdən yuxarı olduqda hesab edirlər ki, bu göstərici inflyasiyaya daha çox rəvac verən amildir: "Hesab edirəm ki, dövlət büdcəsinin xərclərinin müvafiq olaraq 11 faiz artırılması əvvəlki illərdə kəskin artım templərilə müqayisədə çox aşağı göstəricidir. İnflyasiyanın səviyyəsinin artıb-azalması hökumətin siyasətindən bilavasitə asılıdır. Düzdür, dünyadakı qlobal maliyyə böhranı ilə bağlı olaraq, hökumət pul-kredit siyasətini bir qədər yumşaldıb. Mərkəzi Bankın uçot dərəcələri aşağı salınıb, məcburi ehtiyat normaları sıfıra endirilib. İndi bank və sığorta təşkilatlarına yeni vergi güzəştləri nəzərdə tutulur. Bu ümumilikdə bankların sərbəst vəsaitlərə daha yaxşı çıxışının təmin edilməsinə, eyni zamanda pulun dövriyyə sürətinin artırılması və bankların pul multiplikatoru, yəni pul yaratmaq qabiliyyətinin yaxşılaşdırlmasına xidmət edir. Milli Bankın həyata keçirdiyi bu tədbir bir tərəfdən böhranın Azərbaycan maliyyə sisteminə daxil olmasını əngəlləmək, ölkənin iqtisadiyyatının və əhalisinin pula olan ehtiyaclarının banklar vasitəsilə ödənilməsinə hesablanıbsa, digər tərəfdən həm də inflyasiya qarşı yönələn güclü bir addımdır. Çünki adətən pul-kredit siyasətinin iki tipi olur. Ya pul-emissiya, ya da steriliziya xarakterli olur. Böhrana qədər steriliziya xarakteri daşıyır və inflyasiyanı cilovlamağa yönəlmişdi. İndiki halda maliyyə böhranının təsirlərini yumşaltmaq üçün emissiya xarakterli addımlar atılır ki, bu da bir qədər inflyasiyaya rəvac verən amildir".
Bununla belə, V.Qasımlı vurğulayıb ki, hökumətdən asılı olan bir qərar da enerji daşıyıcılarının qiymətilə bağlıdır: "Əgər bu parametr üzrə qiymətlər artırılarsa, onda bu, inflyasiyanın sürətləndirilməsi istiqamətində görülən bir iş olar. Yalnız əksinə də baş verə bilər. Hazırda dünyada neftin qiymətinin ucuzlaşması belə bir ehtimalı sıfıra endirir. Çünki Böyük Britaniyanın hökumət başçısının çıxışından sonra ABŞ və bir çox Avropa ölkələrində enerjidaşıyıcıların qiymətinin aşağı düşməsi baş verir. Maliyyə böhranının nəticələrinin də nəzərə alınması çox zəruridir. Azərbaycanın ticarət partnyorlarındakı qiymətlər əsas götürülməlidir. Onlarda inflyasiya sürətlənsə, onda həmin artımlar Azərbaycana da idxal edilə bilər. Əksinə proses baş versə, inflyasiya idxalı məhdudlaşacaq. Hesab edirəm, yuxarıda qeyd olunan parametrlərin inflyasiyanın proqnozlaşdırılmasında nəzərə alınması vacibdir. Əgər dünyada qiymət kataklizmləri, yüksək inflyasiya templəri olmasa, hökumət enerjidaşıyıcılarının qiymətlərini kəskin qaldırmasa, gələn il inflyasiyanın BVF-nin proqnozundan aşağı səviyyəyə endirilməsi də mümkündür".

No comments: