Monday, October 27, 2008

"Azerbaycan masin bazari dunya bazarindan ferqlenir" - Terlan, Xalq Cebhesi

http://www.xalqcebhesi.az/news.php?id=4706

Azərbaycanda baş verən iqtisadi proseslər hətta bəzən ekspertləri də çaş-baş salır. Normal sayılan nəzəri yanaşmalarla praktiki prosesləri şərh etmək mümkün olmur. Məsələn, dünya avtomobil bazarında ciddi böhran yarandığı bir dövrdə (hətta Almaniyada "Mersedes", "BMV", "Opel" kimi məşhur markalı avtomobillərin istehsalı bir müddət dayandırılıb, çünki satış kəskin aşağı düşüb) Azərbaycanda maşınların sayı və idxalı çoxalır. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 63 min ədəd minik avtomobili gətirilib. Bu barədə Dövlət Gömrük Komitəsindən (APA) məlumat verilib. Ölkəyə gətirilmiş avtomobillərin dəyəri 473 milyon dollar təşkil edib. Minik avtomobillərinin 34 866 ədədi yük gömrük bəyannamələri, 28 076 ədədi isə gömrük mədaxil orderləri əsasında rəsmiləşdirilib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gətirilmiş minik avtomobillərinin sayı 51% və ya 13 991 ədəd, onların dəyəri isə 52,4% və ya təxminən 162,8 mln. dollar artıb. Müqayisə üçün qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Ölkəyə gətirilən avtomobillərin dəyərinin ümumi idxalın strukturunda xüsusi çəkisi 9% təşkil edib. 
Elə ailələr var ki, 3-4 avtomobilə sahibdir. Maraqlıdır ki, avtomobillərə 2007-ci il yanvarın 1-dən yeni aksiz vergisinin tətbiq olunmasına və yanacağın bahalaşdırılmasına baxmayaraq avtomobil idxalı və satışı artıb. Məsələn, təkcə ötən il Azərbaycana xaricdən 83 mindən artıq avtomobil gətirilib. Azərbaycanda avtonəqliyyat vasitələrinin ümumi sayı 850 mini ötüb. 1998-ci ildə hər 1000 nəfərə 35 minik avtomobili düşdüyü halda, 2007-ci ildə bu rəqəm 71 olub. 2004-2007-ci illərdə ölkəyə 250 minə yaxın avtomobil idxal olunub. Hətta Bakıda 300 min dollarlıq maşın alanlar da var. Çon vaxtlar isə qiyməti 25-75 min dollar arasında dəyişən Ciib-lər moddadır. 
Azərbaycan özü isə hələlik inkişaf etmiş yerli avtomobil sənayesinə malik deyil. Yaxşı olardı ki, hökumət ölkə daxilində avtomobil istehsalının təşkilinə diqqət yetirsin. Artıq Şamaxıda "Samand" buraxılır. Amma məsələ ondadır ki, həmin maşınların qiyməti 14-15 min dollar olduğudan bu qiymət çoxlarının cibinə uyğun deyil. Həmin qiymətə işlənmiş olsa da belə daha keyfiyyətli "Mersedes" avtomobilləri almaq olar. Bütün bunları nəzərə alaraq Qərbə inteqrasiya yolunu tutan Azərbaycan ölkə daxilində Yaponiya, heç olmasa Koreya avtomobillərinin istehsalının təşkilinə nail olmalı, həmin ölkələrin şirkətlərinin Azərbaycanda investisiya yatırması, birgə müəssisələr açması üçün əlverişli şərait formalaşdırmalı və həvəsləndirici tədbirlər görməlidir. Bir sözlə, Azərbaycan yerli avtomobil sənayesini inkişaf etdirməklə bu sahənin idxaldan asılılığını aradan qaldırmalı, əhalini daha keyfiyyətli və etibarlı maşınlarla təmin etməlidir. Əgər hökumət ölkədə yüksək iqtisadi artımdan danışırsa, bu özünü yerli avtomobil sənayesində və bazardakı vəziyyətdə də göstərməlidir. Faktiki olaraq Azərbaycan keyfiyyətsiz rus maşınlarının bazarına çevrilib. Hazırda təkcə Bakı şəhərində istismar olunan 100 minə yaxın avtomobilin yarısı müasir standartlara cavab verir. Hətta iş o yerə gəlib çatıb ki, Rusiyanın buraxdığı avtomobillər ən çox Azərbaycanda satılır. Hətta qonşu ölkənin özündə də "Juquli"dən imtina ediblər. 
Qeyd edək ki, ötən ilin əvvəlindən ölkəyə gətirilən avtonəqliyyat vasitələrinə aksiz vergisi də tətbiq olunur. Amma 2007-ci ilə qədər ötən il idxal olunan maşınlara gömrük vergisi və ƏDV tədbiq olunurdu. Keçən ildən isə bu vergilərin sırasına daha biri - aksiz əlavə edildi. Nəticədə Azərbaycanda xaricdən gətirilən avtomobillərə üç növ vergi qoyulur. Aksiz vergisiylə bağlı məsələ gündəmə gələndə məlum olmuşdu ki, bunun nəticəsində Rusiya avtomobillərinə bu il əlavə 500-700 dollar, xarici avtomobillərə isə ən azı 2000 dollar əlavə vergi alınacaq. Məsələn, ölkəyə 5000 dollarlıq "Mersedes" gətirən adam üst-üstə ona 4200 dollar vergi ödəməli olacaqdı. Yəni, inomarkalardan az qala öz qiyməti qədər vergi tələb olunacaqdı. Amma sonradan Vergilər Nazirliyi aksiz vergisiylə bağlı əvvəl təqdim etdiyi layihəyə dəyişikliklər etdi və yeni dərəcələrin tədbiqi məqsədəuyğun sayıldı. Həmin dərəcələrə dəyişikliklər isə idxal olunan avtomobillərə əvvəl nəzərdə tutulandan aşağı aksiz vergisinin tədbiq edilməsiylə nəticələndi. Rus maşınlarının mühərrikinin (onlarda 1400-1700 kub sm olur) hər kub sm-nə 15 qəpik, digər ölkələrin avtomobillərində mühərrikin həcmi 2000 kub sm-ə qədər olanda 2 manat, mühərrikin həcmi 3000 kub sm-ə qədər olanda 3 manat, mühərrikin həcmi 4000 kub sm-dən çox olanda hər kub sm-ə görə 4 manat aksiz vergisi tədbiq olunur. Bu isə o deməkdir ki, respublikaya inomarka gətirənlər mühərrikin həcmi 2000 kub sm-ə qədər olanda 1300 yeni manat, mühərrikin həcmi 3000 kub sm-ə qədər olanda 3300 manat, mühərrikin həcmi 4000 kub sm-dən çox olanda 6000 manat aksiz vergisi ödəməli olurlar. Nəticədə maşınların qiymətləri də artdı. Onu da deyək ki, avtomobil idxalına eyni zamanda 3 növ verginin (gömrük vergisi, ƏDV və aksiz vergisi) tədbiqi dünyanın çox az-az ölkələrində rast gəlinən təcrübədir.

No comments: