Monday, October 27, 2008

"Neft hasilati ve siyasi prosesler" - Fizze ve Mehemmed Talibli, Azadliq

http://www.azadliq.az/index.php?subaction=showfull&id=1225030090&archive=&start_from=&ucat=1

Dünyada baş verən maliyyə böhranı artıq müəyyən addımların atılmasına səbəb olub. Neftin qiymətindəki kəskin dəyişikliklərin qarşısını almaq məqsədi ilə OPEK neft hasilatının həcmini 32,16 milyon bareldən 1,15 milyon barelə endirmək qərarına gəlib. Artıq neft ixrac edən ölkələrin hər biri üçün müəyyən kvota müəyyən edilib. Eyni zamanda ABŞ öz neft yataqlarına qoyduğu 27 illik moratoriumu aradan qaldırıb. Bunun da dünya iqtisadiyyatına təsir edəcəyi şübhəsizdir. Qeyd etmək lazımdır ki, dünyada hasil olunan neftin 42 faizinin alıcısı ABŞ-dır. Neft hasilatına qoyulan kvotanın hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı iqtisadçı-ekspert Məhəmməd Talıblının fikirlərini öyrəndik.

OPEK-in neft hasilatını azaltması, eyni zamanda ABŞ-ın neft yataqlarına qoyduğu moratoriumu aradan qaldırması dünyadakı iqtisadi proseslərə necə təsir göstərəcək?

- Şübhəsiz ki, dünyada neftin qiymətinin bu dərəcədə dəyişməsi fonunda dünya iqtisadiyyatında müəyyən təlatümlər yarandı. Eyni zamanda nəzərə alaq ki, dünyadakı maliyyə böhranına yol açan səbəblərdən biri kimi Amerikada ipoteka krediti böhranı hesab olunubsa, digəri neftin rekord həddə, 147 dollara qədər yüksəlməsi və sonradan bir ay ərzində kəskin dəyişilməsidir. Ona görə də OPEK bu məsələlərdə problemin həlli kimi hasilat kvotasını minimuma etdirməyi təklif etdi. Artıq neftin qiyməti pik nöqtəyə çatmışdı. Gözlənilir ki, neftin qiyməti artıq özünün yeni etapını yaşayır. OPEK-in isə bu addımı dünyadakı neft siyasətinə real təsir etməyə, dünya iqtisadiyyatında bahalaşma tempinin qarşısını almağa hesablanmışdı. Çünki neftin qiymətinin qeyri-müəyyən, tələb və təklifə uyğun olmayan bir həddə dəyişilməsi bəzi ölkələri siyasi şərtlərə tabe olmamaq üçün iqtisadi rıçaqlarını işə salmağa məcbur edirdi. Hasilat kvotasının azalması hesabına dünyada həm enerjiyə tələbatı azalır, eyni zamanda neftin qiyməti aşağı salınır.

Belə fikir yaranıb ki, dünya bazarında neftin qiymətinin azalması Iran və Rusiya iqtisadiyyatının çökməsinə gətirib çıxaracaq. Bu nə dərəcədə realdır?

- Ümumiyyətlə dünyada neftin qiymətinin qalxıb-enməsi enerji sektorunda xüsusi çəkiyə malik olan Iranın, böyük neft ixracatçısı kimi tanınan Rusiyanın maraqlarına uyğun deyil. Nəzərə alanda ki, Iran dünyadaki enerji ehtiyaclarının 14 faizini təmin edir, bu baxımdan qiymətlərin dəyişilməsi dinamikasının bu ölkəyə təsiri daha böyükdür. Əslinə qalsa, neft həmin ölkələrə münasibətlərdə iqtisadi xarakter daşımaqdan daha çox siyasi xarakter kəsb etməyə başlayıb. Burda istər OPEK, istər Amerika iqtisadiyyatı güclənmə ərəfəsinə daxil olduqca, Iran və Rusiya cütlüyünün bazardan sıxışdırılmasına, iqtisadiyyatının çökdürülməsinə çalışılır. Ona görə də istər Rusiya, istər Iranın dünyada enerji resurslarına görə xüsusi çəkisinin olmasına baxmayaraq, OPEK Amerikanın müttəfiqidir. Bu baxımdan OPEK bu məsələdə öz siyasətini Amerika maraqlarına uzlaşdırmağa meyllidir. Nəticədə OPEK-in Amerika mövqeyindən çıxış edərək, Rusiya və Iran iqtisadiyyatı üçün fəsadlar yaratması mümkündür.

ABŞ prezidentliyinə namizəd Barak Obama bildirib ki, prezident seçiləcəyi təqdirdə neftin qiymətinin kəskin şəkildə aşağı enməsi, hətta 30 dollara çatması üçün addımlar atacaq. Obama avtoritar rejimli ölkələrlə necə mübarizə aparmağın yolunu bildiyini deyib. Neftin qiymətinin bu dərəcədə aşağı enməsi hansı nəticələr doğura bilər?

- Neft dünyadakı münasibətlərdə iqtisadi amildən çox siyasi amil rolunu oynayır. O cümlədən Obamanın bu mövqeyi daha çox siyasi amillə bağlıdır. Əgər neftə yönəlik siyasətini prioritet istiqamətinə çevirəcəksə, onda şübhəsiz ki, enerji resursları böyük olan ölkələrdə demokratik prinsiplər oturuşmağa başlamalıdır. Dünyadakı neftin qiymətinin dəyişməsində daha çox avtoritar ölkə rəhbərlərinin real təsirləri olur. Transmilli şirkətlərlə korrupsioner hökumətlərin birgə işi dünyada neft hasilatının yüksəlməsinə səbəb olur. Əslində əgər bu ölkələrlə real təsirli mübarizə baş verərsə, onda həmin ölkələri neft hasilatının artması hesabına demokratiyanın geriyə atdım atmasına Amerika imkan verməyəcək. Əgər belə bir hal baş versə, həmin ölkələrin kvotasını aşağı endirmək hesabına demokratik rejimlərin oturuşmasına imkan yaradılacaq. Belə olanda dünyadakı mövcud vəziyyət nəzərə alınacaq. Amma indi bilirsiniz ki, avtoritar rejimli ölkələr neft məhsullarının dünya bazarına çıxarılmasında maraqlıdırlar. Beynəlxalq siyasi güc mərkəzləri enerji maraqlarına görə onların avtoritar davranışlarına göz yumur.

Fizzə

No comments: