Saturday, October 25, 2008

"Azerbaycanda Iri Muessiseler Muflislesecek" - Vuqar Bayramov, Meqsed bloqu

http://www.meqsed.azeriblog.com/2008/10/25/iri-muessiseler-muflisleshecek

This link was provided by Ramil Rahiboglu (www.biznes.qaynar.info)

Qlobal maliyyə böhranının Azərbaycana da ciddi ziyan vuracağı gözlənilir 

Beynəlxalq Əmək Təşkilatı qlobal maliyyə böhranının neqativ təsirləri nəticəsində dünyada 200 milyon nəfərin işsiz qalacağını açıqlayıb. Son bir ayda Azərbaycanda iri şirkətlərin kütləvi ixtisarlara getməsi, bəzi müəssisələrdə işlərin dayandırılması artıq ölkədə işsizlik probleminin yeni mərhələsinin başladığını deməyə əsas verir. Hökumət işsizliyin aradan qaldırıldığını, 700 min yeni iş yerinin açıldığını bəyan etsə də, bu sahədə vəziyyət 5 il əvvəlki kimidir.

Ölkədə yaşanan tikinti bumu hesabına  bəzi müvəqqəti iş yerləri yaranmışdı ki, onlar da neftin dünya bazar qiymətinin ucuzlaşması, tikinti sektorunun maliyyə problemi ilə üzləşməsi səbəbindən qapanıb.

Tikinti bumunun başa çatması işsizlərin sayını artırıb

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, dünya maliyyə böhranının ən narahatedici tərəfi bunun yalnız bankların müflisləşməsi ilə müşahidə olunmamasıdır: “Böhran həm maliyyə, həm də digər sektorlarda işsizlər ordusunun yaranmasına gətirib çıxarır. Bu gün ABŞ və digər Avropa Birliyi ölkələrinin narahatçılığının əsas səbəbi beynəlxalq maliyyə böhranının real sektora keçəcəyi təqdirdə kifayət qədər iri müəssislərin müflisləşməsi, işsizlər ordusunun artmasıdır. Artıq bu təsirlər var. Çünki beynəlxalq maliyyə böhranı yalnız maliyyə sektorunda olan müəssisələrin, qurumların müflisləşməsinə deyil, eyni zamanda istehsal sektorunda fəaliyyət göstərən müəssisələrin səhmlərinin qiymətinin aşağı düşməsinə, onların ziyanla işləməsinə gətirib çıxarıb. Bir sıra iri şirkətlər işçilər arasında  ixtisar aparmaq barədə qərar verib. Praktiki olaraq bu, qlobal səviyyədə işsizlərin sayının artmasına səbəb olub. Güman edilir ki, yaxın vaxtlarda bu təsirlər daha da çoxalacaq. Qlobal maliyyə böhranının fəsadlarının  aradan qaldırılması ilə bağlı BMT, o cümlədən digər beynəlxalq maliyyə qurumları -Beynəlxalq Valyuta Fondu, Dünya Bankı dekabr ayında konfrans keçirməli idilər. Amma bu gün artıq bəlli olub ki, adıçəkilən qurumlar dekabrı gözləmək niyyətində deyillər. Belə bir konfrans noyabrın 15-də Vaşinqtonda  keçiriləcək”. 
İqtisadçının sözlərinə görə, konfransın vaxtının dekabrdan noyabra keçirilməsi bütün ölkələrin, o cümlədən BMT-nin qlobal maliyyə böhranının təsirlərindən narahat olması ilə bağlıdır: “Böhranın dünyada kifayət qədər ciddi neqativ təsirlərə gətirib çıxarması bütün beynəlxalq qurumları qayğılandırır. Azərbaycanda qlobal maliyyə böhranından əvvəl də işsizlik problemi var idi. Son illər, xüsusən neft sektorunun inkişafı nəticəsində qeyri-neft sektorunda da canlanmanın hiss edilməsi iş yerlərinin sayının artmasına gətirib çıxarmışdı. Tikinti sektorunda yeni iş yerləri yaranmışdı. Bütün hallarda bu, daha çox bum kimi xarakterizə edilirdi. Son vaxtlar tikinti sektorundakı bum başa çatıb”. 
V.Bayramov deyir ki, 2008-ci ildə yeni özülü qoyulan binaların sayı olduqca azdır. Hətta cari ildə tikintisinə başlanılan binaları 2006-ci ildə tikilən binaların sayı  ilə müqayisə edəndə təxminən 30 dəfəyə yaxın fərq yaranır: “Bu onu göstərir ki, 2005-2008-ci illərdə tikinti sektorunda bum yaşanıb. Bumun nəticəsində tikinti sektorunda yeni iş yerləri yaradılsa da, təəssüf ki, həmin iş yerləri müvəqqəti xarakter daşıyırdı. Yəni mövsümü iş yerləri idi. Tikinti sektorunda bumun başa çatması nəticə etibarilə həmin sektorda fəaliyyət göstərən işçilərin böyük qisminin iş yerlərini itirməsinə gətirib çıxarıb”. Ölkədə işsizlərin sayı ilə bağlı rəsmi statistikanın reallığı əks etdirmədiyini vurğulayan iqtisadçı bildirir ki, rəsmi statistikaya əsasən Azərbaycanda işləməyən əhalinin əmək qabiliyyətli  insanlar arasında payı 3 faizdən aşağıdır:  “Praktiki  olaraq işsizliyə görə yardım alan insanların sayı da 61-dən aşığıdır. Bu onu göstərir ki, Dövlət Statistika Komitəsinin işsizliyin səviyyəsi ilə bağlı elan etdiyi  rəqəmlər reallığı əks etdirmir. Ona görə Statistika Komitəsinin hazırladığı rəqəmlərə əsaslanıb ölkədə işsizlik problemini, məşğulluq sektorundakı vəziyyəti xarakterizə etmək, qiymətləndirmək mümkün deyil”.

Bu gün işləyən şəxs, sabaha işsiz qala bilər

Monitorinqlər, müşahidələr göstərir ki, Azərbaycanın məşğulluq sektorunda problemlər var. Baxmayaraq ki, son illər məşğulluq probleminin həlli istiqamətində neft sektorunun və buna uyğun olaraq digər sektorların inkişafı nəticəsində müəyyən irəliləyişlər əldə edilmişdi. Lakin problemin həllinə kompleks yanaşılmaması ona gətirib çıxarıb ki, tikinti sektorunda olduğu kimi, digər sektorlarda da iş yerlərinin yaradılması müvəqqəti xarakter daşıyır. Qlobal maliyyə böhranından sonra bir sıra şirkətlərin, bankların, yeyinti sektorunda fəaliyyət göstərən müəssisələrin  işçilərinin sayını azaltması, müflisləşmələri göstərir ki, Azərbaycanda işə malik olmaqla, işsiz olmaq arasında sərhədlər nazikdir. Bu gün işləyən şəxs, sabah işsiz ola bilər. Çünki Azərbaycanda müəssisələrin müflisləşməsi ABŞ-da və digər ölkələrdə  olduğu kimi müəyyən müddət tələb etmir.  Azərbaycan iqtisadiyyatının birbaşa neftin dünya bazar qiymətindən asıllığı və  rəqabət meyllərinin az olması himayə edilməyən müəssisələrin istənilən vaxt müflisləşmə ehtimalını yaradır. 
Artıq bunun müşahidə edildiyini diqqətə çatdıran V.Bayramov bildirir ki, son vaxtlar yeyinti, tikinti sektorlarında müəssisələrin müflisləşməsi, fəaliyyətlərini dayandırması faktlarına rast gəlinir: “Bu da onunla bağlıdır ki,  hökumət hər hansı sektorda yaşanan bumun hesabına işsizlik problemini həll etməyə çalışır. Halbuki inkişaf etmiş ölkələrdə, o cümlədən Birləşmiş Ştatlarda işsizlik probleminin həlli istiqamətində kifayət qədər ciddi dövlət proqramları var. Dövlət  dayanıqlı məşğulluğu təmin etmək üçün iqtisadi siyasət həyata keçirir”.
Mütəxəssisin  sözlərinə görə, Azərbaycan hökuməti daha çox bazarın, iqtisadiyyatın  özünün məşğulluq problemini həll etməsinə çalışır: “Bu  isə mümkün deyil. Çünki Azərbaycan kimi gənc ölkələrdə məşğulluq probleminin həlli üçün dövlətin ayrıca siyasətinin olmasına ehtiyac var. Hökumətin məşğulluq siyasəti  zəifdir. Formal əmək yarmarkaları keçirməklə bu problemi həll etmək mümkün deyil”.  
Bank və qeyri-bank, istehsal sektorunda ciddi geriləmələr var
Qlobal maliyyə böhranının məşğulluq problemi aspektindən ölkəyə necə təsir göstərəcəyinə gəlincə, V.Bayramov bildirir ki, böhran bu baxımdan Azərbaycan üçün nikbin heç nə vəd etmir: “Baxmayaraq ki, dövlət qurumları, Milli Bank beynəlxalq maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsir göstərməməsi ilə bağlı açıqlamalar verir. Hökumət bunu əsaslandırmağa çalışır. Bu  ona bənzəyir ki, Azərbaycan sanki  öz sərhədlərinə dəmir hasar çəkib və qlobal maliyyə böhranının ölkəyə daxil olmasına imkan vermir. Böhranın ölkəyə təsirsiz ötüşməsi mümkün deyil. Təəssüf ki, nə Milli Bank, nə də İqtisadi İnkişaf Nazirliyi banklar və digər müəssisələr üzrə sentyabrda avqust ayına nisbətən  vəziyyətin necə dəyişməsi ilə bağlı açıqlamalar verirlər. Bəlli deyil ki, sentyabrda kommersiya banklarına qoyulan əmanətlərin həcmi avqust ayına nisbətən necə dəyişib. Daha çox  ötən ilin müvafiq ayı ilə müqayisələr aparılır. Bu da təbii ki, qlobal maliyyə böhranının təsirlərini xarakterizə edə bilməz. Reallıq ondan ibarətdir ki, sentyabrda əvvəlki aylara nisbətən bank və qeyri-bank, istehsal sektorunda kifayət qədər ciddi geriləmələr var. Geriləmələrin səbəbi qlobal maliyyə böhranıdır. Proqnozlaşdırılır ki, oktyabrda sentyabra nisbətən daha ciddi geriləmələr müşahidə ediləcək. Eyni zamanda oktyabr ayını bu ilin avqust ayı ilə müqayisə etsək, artıq qlobal maliyyə böhranının real təsirlərini ortaya qoymaq mümkün olacaq. Problem yalnız bankların işçilərinin sayını azaltması, əsas funksiyalarını yerinə yetirməməsi ilə bağlı deyil. Həm də problem ondan ibarətdir ki, yeyinti və digər sektorlardakı müəssisələrin bir qismi müflis olublar. Bu o deməkdir ki, həmin müəssisələrdə işləyən insanlar işsizdirlər. Bütün bunlar qlobal maliyyə böhranının Azərbaycanda məşğulluq probleminə neqativ təsirləridir”.

Neftin ucuzlaşması dövlət sektorunda da ixtisarların aparılmasına gətirib çıxaracaq

V.Bayramov deyir ki, böhran neftin dünya bazar qiymətinin aşağı düşməsini şərtləndirir: “Güman edilir ki, ”qara qızıl"ın qiyməti ucuzlaşmaqda davam edəcək.  Qlobal maliyyə böhranı və digər psixoloji, siyasi faktorlar  neftin qiymətinin aşağı düşməsinə təsir göstərir". 
Ekspertin qənaətincə, maliyyə böhranı ilə yanaşı “qara qızıl”ın ucuzlaşması tendensiyası ölkə daxilində işsizlik probleminin artmasına gətirib çıxaracaq: “Bu gün dövlət müəssisələrində kifayət qədər şişirdilmiş işçi aparatı var.  Neftin qiyməti yüksək olduğundan həmin sektorlarda çalışanların əmək haqqlarının ödənilməsi mümkün olurdu. Amma son vaxtlar hətta təqaüdçülərin də müavinətlərində yığılmalar müşahidə edilir. Neftin ucuzlaşması dövlət sektorunda ixtisarların aparılmasına gətirib çıxaracaq. Göründüyü kimi, proses yalnız özəl sektora təsir göstərməyəcək. Ən pis təsir ondan ibarətdir ki, qlobal maliyyə böhranı ilə yanaşı neftin qiymətinin aşağı düşməsi qeyri-neft sektorunda fəaliyyət göstərən bir sıra müəssisələrin müflisləşməsi ilə nəticələnəcək.
Hökumət böhranın təsirini etiraf etməsə və təsirlərin aradan qaldırılması istiqamətində addımlar atmasa, vəziyyət ona gətirib çıxaracaq ki, ölkədə qısa müddətdə kifayət qədər böyük işsizlər ordusu yaranacaq. Bu qaçılmazdır".

No comments: