Monday, October 27, 2008

"Tebii Qaz gelirleri Nefti Evez Edecek mi" - Leyla, Musavat

Neftin dünya bazar qiyməti sürətlə ucuzlaşmaqda davam edir. Dünən birjalarda Brent markalı “qara qızıl”ın bareli 60 dollardan da aşağı - 59,32 dollara satılıb. WTI markalı neftin qiyməti 61,55 dollara çatıb. Bəzi məlumatlara əsasən ABŞ-la OPEK arasında gedən danışıqlarda neftin bir barelinin 70-60 dollar intervalında olması razılaşdırılır. Bu məbləğ həm OPEK ölkələri, həm də ABŞ üçün məqbul sayılır. Çünki “qara qızıl”ın qiyməti 70-60 dollar arasında olduqda ABŞ iqtisadiyyatına neqativ təsir göstərmir.

Lakin kəskin ucuzlaşma Azərbaycanın neft gəlirlərini azaltmaqla yanaşı, investisiya siyasətində problemlər yaradıb. Aparılan araşdırmalara görə, neftin qiyməti əgər ABŞ-ın istədiyi kimi 70 dollara qədər enərsə, gələn il bütövlükdə ölkənin gəlirləri 29 milyard dollar olacaq. Praktiki neftin qiymətinin düşməsindən ABƏŞ və ölkədə fəaliyyət göstərən  şirkətlər daxil olmaqla, Azərbaycan 30 milyard dollara yaxın  vəsait itirəcək. Hərçənd ki, ölkə elə son aylarda bir neçə milyard dollar vəsait itirib. Bu arada itirilmiş neft gəlirlərini bu il ixracı nəzərdə tutulan və ölkənin qoşulmağa hazırlaşdığı beynəlxalq layihələr vasitəsilə təbii qaz satışından əldə olunan vəsaitlər hesabına kompensasiya edilməsi yönündə fikirlər səsləndirilir. 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, qaz neftlə bir ölçülə bilməz: “Əsasən də bu yaxın dövr üçün. 2009-cu ildə tutaq ki, Azərbaycanda “Şahdəniz” layihəsindən 9 milyard kub metr qaz çıxarılacaq. Reallıqda bunun Azərbaycana çatan hissəsi qat-qat aşağıdır. Digər tərəfdən, Azərbaycan öz qazını maksimum 1 milyard kub metr civarında ixrac edir. Qazın ixracından Azərbaycana birbaşa çatacaq hissə 2,5, lap olsun 3 milyard. Azərbaycan öz qazını harada satır? Avropa bazarında satmır. Ölkə öz qazını regional bazarda satır. Qaz Gürcüstana və Türkiyəyə ixrac edilir. Gürcü mənbələri artıq qeyd ediblər ki, 2009-cu il üçün Dövlət Neft Şirkətinin satdığı qazın qiyməti dəyişməyəcək. Neft Şirkəti qazı builki qiymətə (təxminən 200 dollar) 1 milyard kub metr qaz satsa, 200 milyon dollar edir. 120 dollardan isə satılırdı Türkiyəyə. İndi qiymət olsun lap 300 dollar. Bu da edir 300 milyon. Göründüyü kimi, maksimal  toplam 500 milyon dollardır. Ancaq neft ixracında tamamilə başqadır. “Qara qızıl” ixracında Azərbaycana birdən aşağısı 10 milyard vəsait daxil olurdu. Azərbaycandan ümumi ixrac ancaq “Azəri-Çıraq-Günəşli” üzrə 370 milyon barel olacaq.  Gələn il üçün neftin orta qiymətini 60 dollar götürsək, xərcləri və 20 faiz çıxdıqdan sonra Azərbaycana çatacaq hissə təxminən 15 milyard dollar olacaq. Yəni 15 milyard hara, 500 milyon hara. Qaz neftə təsir etmək həcmində deyil. Hətta “Şahdəniz”in ikinci fazası 2013-cü ildən fəaliyyətə başlasa belə, 2016-2017-ci ilə qədər qazın payı köklü şəkildə artmayacaq. Çünki xərclər hissəsi ödənilməlidir. Necə ki, “Azəri-Çıraq-Günəşli”də ilkin dövr üçün faktiki  Azərbaycan 10 il böyük neft pullarını görmədi. Həmin illərdəki pullar qoyulmuş 20 milyard kapital xərcin ödənməsinə getdi. Ona görə gələn il üçün hökumət neftin qiymətini büdcədə 80 dollardan götürsə və neftin orta qiyməti 60 dollar olsa, kifayət qədər rezerv var ki, 2009-cu ili problemsiz, şad-xürrəm keçirsin. Başqa bir tərəfdən, 2010-cu ili də problemsiz keçirə bilərlər. Çünki Neft Fonduna daxil olan vəsaitlərin həcmi artır". 
İ.Şaban bildirir ki, Neft Fondu vəsaitləri hesabına büdcənin doldurulmasının baş verəcəyi halda bu qurumun fəlsəfəsi dəyişməlidir: “Neft Fondunun bir hissəsi gələcək nəsillər üçün yığım formasıdır. Belə çıxır ki, gələcək nəsillərin pulundan bu gün iri layihələrin həyata keçirilməsində, şad-xürrəm yaşamaq üçün istifadə ediləcək”.

Azərbaycan 2009-cu il üçün neft hasilatı proqnozuna əməl edə bilməyəcək

Neftin ucuzlaşması ilə bağlı dövlətin itkilərinə gəlincə,  ekspert real faktlar əldə edilmədiyindən bunu söyləməyin çətin olduğunu diqqətə çatdırdı: “Dövlət Neft Şirkəti ictimaiyyət üçün açıqladığı sentyabr ayının hesabatında  statistik məlumatları kəskin şəkildə azaldıb. bp şirkəti isə nə avqust, nə də sentyabr ayının hesabatını açıqlamayıb. Şirkət bunu ona görə etmir ki, dünya birjalarında onsuz da aksiyaları digər şirkətlərin aksiyaları kimi ucuzlaşmaqda davam edir. Bunu açıqlaması bp-nin maliyyə vəziyyətinə daha kəskin təsir edə bilər. Ancaq Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər yetirdikdə ortaya çıxan ilkin nəticə belədir ki, Azərbaycan 2009-cu il üçün neft hasilatı proqnozuna əməl edə bilməyəcək. Ən aşağısı 2,5, 3 milyon ton bu proqnozdan aşağı göstərici olacaq. Hökumət elan etmişdi ki, Azərbaycan ilk dəfə olaraq 2008-ci ildə 50 milyon ton neft hasil edəcək. Hətta hasilat bu rəqəmi də keçəcək. Lakin nə baş verdi? Avqustun 6-dan 25-nə qədər ixrac dayandı. 19 gün burada itirildi. Sentyabrın 17-dən oktyabr ayının 10-na qədər Qərbi-Azəri platforması dayandı. Ötən ayın 17-dən bu günə qədər ən böyük platforma Mərkəzi-Azəri hasilatı dayandırıb. ARDNŞ rəsmilərinin açıqlamalarına görə, platformada hasilat ən yaxşı halda noyabrın ortalarında bərpa edilə bilər. 2 aydır bp şirkətindəki ən böyük platformaların dayanması nə az, nə çox 3 milyon tona yaxın neft deməkdir. İki ayın orta qiymətlərini götürsək 3 milyon ton neft 1,9 milyard dollara yaxın pul edir. Bu, faktiki birbaşa itki olmasa da gözlənilən gəlir idi. Ondan xarici şirkətlər mənfəət vergisi ödəməli, digər tərəfdən, Bakı-Tiflis-Ceyhanın aksionerləri qazanc götürməlidilər. Buna görə həm Gürcüstanın itkisi olacaq, tranzit xərci almayacaq. Eyni zamanda Türkiyənin, Neft Fondunun itkisi olacaq. Büdcəyə daxil olan gəlirlərdə azalma baş verəcək. O baxımdan hökumətin söyləməsi ki, bu bizdən yan keçib və heç bir təsiri yoxdur, uşaq başı aldatmaqdır".

Marta qədər neftin qiyməti 70 dollar ətrafında stabilləşəcək

İlham Şaban bildirir ki, neftin qiyməti 140 dollardan  hazırkı səviyyəyə düşübsə, artıq bu, itkidir: “Necə ola bilər ki, bunun Azərbaycan iqtisadiyyatına təsiri olmasın. İlin birinci yarısında neftin orta qiyməti 109 dollar idi. Ancaq büdcədə bu, 70 dollardan hesablanmışdı. Təbii, çox gözəl əlavə gəlirlər idi ki, hökumət onunla istənilən səviyyədə manevr imkanlarını artırırdı. İlin birinci yarısından cəmi 3 ay keçəndən sonra neftin qiyməti 60 dollara düşüb, bu gün (dünən) isə Brent tipli neft 59 dollar 85 sentə satılıb. ”Qara qızıl"ın qiyməti psixoloji baryeri də artıq keçdi. Əgər neftin qiymətinin artması hökumətə yaxşı təsir edirdisə, nəticə etibarilə ucuzlaşma mənfi təsir göstərməlidir. Məmurların “heç bir təsiri yoxdur” deməsinin mənası nədir axı? Azərbaycan ümumdünya maliyyə böhranının birinci dalğasından yayınıb. Sonrakı dalğalar özünü göstərəcək. Bu, çox pis olacaq. Artıq iqtisadiyyat, enerji üzrə dünyanın ən məşhur mərkəzləri bəyan edirlər ki, istehsal faktoru ilə əlaqədar mart ayına qədər neftin qiyməti 70 dollar ətrafında stabilləşəcək. Ancaq aprelin əvvəlində qiymətlərin birdən-birə 40-45-50 dollar ətrafında yenidən düşməsi baş verəcək. Əgər hökumətin beyin mərkəzi İqtisadi İnkişaf Nazirliyidirsə, bu gün onun ssenari üzrə planlaşdırdığı rəqəmlər kəskin fərqlənir. Ümumiyyətlə, Azərbaycanda hava proqnozundan başqa istənilən sahədə proqnoz verən və proqnozu həyata keçən qurum yoxdur. Bu isə iqtisadiyyat üçün çox təhlükəlidir".

Neftin real qiyməti 50 dollar ətrafındadır

OPEK-in hasilat kvotasını azaltmasının ardınca neftin qiymətində kəskin düşmə baş verdiyini deyən İ.Şaban qurumun bundan əvvəl hasilatı 500 min azaltdığını xatırlatdı: “Dekabrda ola bilər ki, daha 2 milyon azaldılsın. Hazırda neftin qiymətinin bu qədər ucuzlaşması proseslərə, dünyada iqtisadi inkişafın aşağı enmə tempinə adekvat deyil. Məsələn, bu il üçün dünya iqtisadiyyatının inkişaf tempi 4,6 faiz planlaşdırılırdı. Bir həftə əvvəl bunun 3, 2 faiz olacağı proqnozlaşdırıldı. Aradakı fərq 1,4 faiz edir. Ancaq neftin qiymətində düşmələr 50 faizdən yuxarıdır. Bunu məntiqlə izah etmək mümkün deyil. Digər tərəfdən, bəs 2007-ci ildən 2008-ci ilin birinci yarasına qədər neftin sürətlə artması dünya iqtisadiyyatının artım tempinə adekvat idimi? Görünür, yox. Burada ilk növbədə ortaya spekulyativ amillər çıxır. Başqa bir tərəfdən, neftin quyu ağzında barelinin maya dəyəri 2 dollar, onun dünya bazarına çatdırılması isə 3 dollar edirdi. Ancaq neft satılırdı 130-140 dollara. Burada heç bir iqtisadi qanunauyğunluqdan söhbət gedə bilməz. Hamı görürdü ki, bu müvəqqətidir”. Mütəxəssisin sözlərinə görə, hasilat, daşınma xərclərini nəzərə aldıqda neftin real qiyməti 50 dollar ətrafındadır: “Psixoloji faktorlarla əlaqədar 40 dollara da düşə bilər. Ancaq bundan yuxarı deyil. Sadəcə, aksiyaların ucuzlaşmasının labüd olduğunu görən işbazlar 2007-ci ildən neftə investisiya layihəsi kimi baxırdılar. Çünki bilirdilər ki, süni şişirtmə ilə qısa müddətdə çox böyük var-dövlət əldə etmək olar. Həqiqətən də əldə etdilər. Lakin nə qədər gəlir əldə etmişdilərsə birjalarda fond indeksləri aşağı düşəndən sonra bir o qədər də itirdilər. Dünya iqtisadiyyatının öz əvvəlki vəziyyətinə  qayıtması, normal şəkildə inkişafı ən aşağı 2009-cu ilin sonuna qədər mümkün deyil. Gələn il bəzi ölkələrdə ümumi daxili məhsul əvvəlki illərə nisbətən aşağı düşəcək. 2009-cu ildə baxmayaraq neft ixracatı artacaq, inanmıram ki, ölkə əvvəlki illərdəki kimi inkişaf tempini götürsün. Çünki ölkə iqtisadiyyatının əsasını neft təşkil edir. “Qara qızı”lın qiyməti onun bariz göstəricisidir”.

No comments: