Monday, May 11, 2009

Səhmlərin qiyməti

Səhmlərin qiymətinə nə təsir edir? Maliyyə elmi belə müəyyən edir ki, hər bir maliyyə alətinin (financial assets) dəyəri onun gələcəkdə gətirəcəyi nağd pul axımlarının (cash flows) bugünkü dəyərinə bərabərdir. Hər nə qədər materialist və duyğulardan uzaq olsa da maliyyə aləti və onun gətirəcəyi fayda maddi baxımdan qiymətləndirilir. Deməli ilk növbədə səhmin investora gətirəcəyi nağd pul axımını hesablamaq lazımdır. Bu birbaşa şirkətin fəaliyyətləri ilə bağlıdır. Şirkətlər etdikləri investisiyalarla şirkətə daxil olan nağd vəsaitlərə təsir edir. Nəzərə alın ki, nağd vəsaitlər xalis mənfəət deyil. Bəzi xərclər var ki, onlar muhasibat sistemində xərc olaraq göstərilsə də nağd olaraq ödənilmir. Maliyyə sahəsi muhasibatdan fərqli olaraq nağd pul axımları ilə maraqlanır. Ona görə də nağd pul axımını hesablamaq üçün xalis mənfəətə nağd olmayan xərcləri əlavə etmək lazımdır. Bu barədə daha sonra geniş müzakirə etmək olar, maraq olsa. 

Deməli ilk növbədə nağd pul axımlarını hesablamaq lazımdır. Daha sonra bunların nə zaman gerçəkləşəcəyini müəyyən etmək lazımdır. Ona görə ki, adətən bugünkü yüz manat, bir il sonrakı yüz manatla eyni deyil. Çünki bugünkü 100 manatı ən azı banka aparıb bir illik əmanətə qoysaq [inşallah sığortalanmış əmanətdir:)] müəyyən faiz əldə edə bilərik. Ona görə də, nağd pul axımlarının nə vaxt hansı miqdarda gərçəkləşdiyini müəyyən etmək lazımdır. 

Üçüncüsü isə və məncə ən əsası, hesablanan və zamana yayılan nağd pul axımlarının riskini müəyyən etməkdir. Bu adətən digər ikisindən daha çətin olur. Ona görə ki, şirkətlər investisiya layihələrini elan edərkən vəya hansısa dəyişiklər edərkən investorlara gələcəkdə gələcək gəlirlərlə bağlı rəqəmsal məlumatı daha geniş verirlər. Belə olduqda investorlara da rəqəmləri hesablamaq daha asan olur. Təbii ki, bəzi investorlar digərlərindən daha dəqiq hesablayır, ona görə də onların proqnozları daha dəqiq olur. Ancaq riski proqnoz etmək çox çətindir. Risk və gəlirlilik (risk and return) haqda daha sonra danışarıq, ancaq burada hər bir zaman kəsiyində meydana gələcək nağd pulun yaranma riskini ölçmək lazımdır. Bu risk investordan investora görə dəyişə bilər. 

Riskə nələr daxildir? Birincisi investorun ikinci ən yaxşı alternativi. Buna bəzən opportunity cost da deyirlər. Məsələn bir addımı atmaqla mümkün olan digər bir addımdan vaz keçirsiz. Yəni bu gün "Maliyyə" kitabına 50 manat verməklə, o 50 manata sevgilinizə gözəl bir ətir almaqdan vaz keçirsiz [qızlar da futbol maykası ala bilər:)]. Səhm məsələsində isə belədir ki, siz bu səhmi almaqdansa banka depozit edə bilərsiz vəs. Deməli ən yaxşı alternativ investisiya fürsətinin sizə verəcəyi gəlir (return) sizin bu səhm üçün fürsət maliyyətinizidir. bundan əlavə şirkətə məxsus risk, investisiya layihəsinə məxsus risk və digər faktorlar da bura daxil edilir. 

Əslində riskin əsas hissəsi qeyri-müəyyənliklə əlaqədardır. Yəni gələcək nə qədər qeyri-müəyyən olsa, risk də o qədər yüksək olur. Şirkətin fəaliyyəti ilə, ümumi bazarın vəziyyəti, makro iqtisadiyyat vəs. mühitindəki vəziyyətin gələcəyi ilə bağlı qeyri-müəyyənlik investorların risk hesablamasına təsir edir. Məsələn, benzinin qiymətinin qalxması hava yolu şirkətlərinə mənfi təsir edir, bunun nəticəsində təyyarə sifarişləri azalır və təyyarə istehsal edən firmaların istehsalı azalır. İstehsalı azaldığı üçün onların tələb etdiyi materiallar da azalır, deməli bu materialları istehsal edənlərin istehsalı azalır vəs. Ona görə elə faktorlar var ki, bir biri ilə sıx əlaqədardır və müxtəlif sektorlara təsir edir. Elə faktorlar var ki, ancaq ancaq həmin şirkətə təsir edir. Məsələn Novartis şirkəti təzə istehsal etdiyi dərmanin FDA (Qida və Dərman Administrasıyası) tərəfindən təsdiq edilməsini gözləyir. Əgər investor bunun təsdiq edilməsini gözləyirsə şirkətin gələcəyi və səhmin qiyməti ilə müsbət fikirdə olacaq. 

Bütün bu faktorları nəzərə aldıqdan sonra səhmin həqiqi qiyməti (intrinsic or true value) hesablanır. Bu qiymət əgər mövcud bazar qiymətindən yüksəkdirsə, deməli səhm öz qiymətindən ucuz satılır və almaq lazımdır. Eksinə isə satmaq vəya almamaq lazımdır. 

Bunu belə formula etmək olar: Bügunku dəyər = ∑Nağd vəsait(t) / (1+risk dərəcəsi)t (facebookda formula uygun cixmir, ancaq boyuk ehtimalla bunu bilirsiz). Burada t zamanı göstərir. Kəsirin üstündəki nağd vəsaitlər artanda bugünkü dəyər artır, aşağısındakı risk dərəcəsi artanda isə bugünkü dəyər azalır. Deməli, əslində bazarda qiymətləri müəyyən edən əsas faktor investorların gələcəklə bağlı gözləntiləri və hesablamalarıdır. Gələcəklə bağlı gözləntilər nə qədər pis olarsa, nağd vəsaitlərin həcmi azalar (satışlar, mənfəət vəs. azalır) və risk dərəcəsi artar. Onda bugünkü dəyər də azalar, ona görə də belə olduqda investorlar səhmi tələb etmir, əllərində olanı da satmağa çalışır. Əgər bunun əksini düşünən investorlar varsa, onlar da bu qiymətdən almağa razı olacaqlar. Çünki onların fikrincə bazardakı qiymətlər ucuzdur. Məsələn milyoner Warren Buffet 1987ci il Oktyabrın 19-da ABŞ maliyyə bazarlarındakı gözlənilməz çöküş zamanı səhmləri alırmış. Çünki bu çöküş qətiyyən rasional deyildi və səhmlərin həqiqi qiyməti daha yüksək idi. Eləcə də indi çox şirkətin səhmlərinin qiyməti maliyyə böhranına görə azalıb, ancaq onların həqiqi qiyməti yüksəkdir. Ona görə o səhmləri almaqla gələcəkdə yüksək gəlir əldə etmək olar. 

Risk faktoru məcbur edir ki, şirkət rəhbərləri şirkətin gələcəyi haqda doğru və şəffaf məlumatları versin. Məhz şəffaflığın şirkət üçün vacibliyi ondadır ki, qeyri-şəffaflıq olduqda investorlar riski yüksək görür və səhmin qiymətini azaldır. Ancaq daha sonra risk ve opsiyonlarla (options) bağlı müzakirə edəndə biraz fərqli halları müşahidə edəcəyik. 

No comments: