http://www.sozunduzu.com/?p=441
Yəqin hamı fikirləşir ki, inkişaf edən bank sektorumuza nə oldu? Bu bankları xilas etməliyik? Bəs kim xilas etsin? Əslində maraqlı suallardı, amma bir mənalı cavab vermək çətindir. Unibankın problemlərindən bəhs etməklə bu suallara cavab verək.
Son illərdə tez-tez eşidirik ki, Azərbaycanda bank sektoru sürətlə inkişaf edir. Vahidbank məsələsindən illər sonra əhali banklara güvənməyə başlayırdı. Maaşlar banklar vasitəsilə ödənir, pullar banklarla köcürülür və əhali yığımlarını banklarda saxlayırdı. Ancaq əhali banklara, daha çox, kredit almaq üçün ehtiyac duyurdu. Banklar da yığdıqları depozitlərin çoxunu istehlak kreditləri kimi əhaliyə verir. Bunlara maşın, ev vəs. almaq üçün banklardan alınan kreditlər daxildir. Banklar vəsaitlərini bir neçə yolla əldə edə bilərlər. Əhalidən depozitlər yığa bilər, başqa banklardan vəya xaricdən kredit ala bilər, ya da özsərmayədən istifadə edərlər. Unibank fiziki şəxslərdən 93 milyon AZN (50%-i xarici valyuta ilə), hüquqi şəxslərdən isə 41 milyon AZN depozit toplamışdır. Bunun 37,5 milyon AZN-ı cari hesablardır ki, firmalar istədikləri zaman bu depozitləri geri ala bilərlər. Azərbaycanda əhalidən yığılan depozitlər çox olmadığına görə banklar böyük miqdarda kredit almaq üçün xaricə üz tuturlar. Məsələn, Unibankın 2006-cı ildə 33 milyon dollar xarici borcu var idisə, 2008-ci ildə xarici borc 223 milyon dollara qalxmışdır. Eyni dövrdə Bank Respublikanın xarici borcları 11 milyon dollardan 161 milyon dollara çıxmışdır. Maliyyə qurumlarından (çox güman ki, xarici qurumlar) alınan borcların çox olduğu digər banklar Bank Standard (131 milyon AZN) və AccessBankdır (125 milyon AZN). Dolların məzənnəsinin artması xarici borcları daha bahalı etmişdir. Banklar mənfəət əldə etdikləri müddətcə borc alıb fəaliyyət göstərə bilərlər. Ancaq gəlirlilik azaldığı zaman borclarını ödəməkdə çətinlik çəkərlər. Bu bankların ən problemlisi ona görə Unibankdır ki, bu bank ipoteka və istehlak kreditləri üzrə ölkədə liderdir. Ticarət və xidmət sektoruna verilən kreditlərə görə isə Unibank 3–cü yerdədir. Bu ilin yanvar-avqust ayları ərzində Unibank fiziki şəxslərə verdiyi kreditləri 70 faiz, ticarət və xidmət sektoruna verdiyi kreditləri isə 2 dəfə artırmışdır. Əhalinin gəlirlərinin azalması, kiçik və orta bizneslərin iflası Unibankı təhlükəyə ata bilər. Unibankın aldığı kreditlər son bir ildə 70 faiz artmışdır. Bank Respublikanın da borcları, təxminən 2,5 dəfə artmışdır. Unibankın digər problemi onun gəlirliyinin aşağı olması ilə bağlıdır. Aktivlərə görə gəlirlilik 1,3%, (38 bank arasında 25-ci), özsərmayəyə görə gəlirlilik isə 44% (6-cı) olmuşdur. Bu yenə də bankın gəlirliliyinin əslində az, borclarının isə çox olduğunu təsdiq edir. Bütün bunlar Unibankın çox yaxında problemlə üzləşəcəyini deyirdi.
Son 1-2 ildə Azərbaycan əhalisinin gəlirlərinin artacağı fərz edilirdi. Ölkənin əsas gəlir mənbəyi neftdir və neftin qiyməti ancaq yüksəlirdi. Bu bank rəhbərlərinin iştahını da artırmışdı. Neftə bel bağlayanın axırı yaxşı olmaz. Neftin qiyməti düşdükcə əhalinin gəlirləri azaldı. Şəxslərə və ya firmalara kredit vermək çətinləşdi. Bəziləri aldığı krediti ödəyə bilmədi. Qlobal böhranın dərinləşməsi banklarımıza borc verənləri faizləri yüksəltməyə məcbur etdi. Borcların çox olduğunu görən Moody’s kimi reytinq şirkətləri banklarımızın reytingini azaltdı. Onlara borc verən xarici qurumlar yenidən borclarının faizini artırdı, ya da borcların qısa müddətdə geri qaytarılmasını tələb etdi. Onsuz da banklarımızın xaricdən uzun müddətə borc alması real deyildi. Qısa müddətli borclarla risqli kreditlər vermək ağıllı siyasət deyildi. Bunu reytinq qurumları da görürdü. Unibank 2008-ci ilin sonunda 87 milyon dollar, 2009-cu ilin ilk rübündə isə 116 milyon dollar geri ödəməyə məcburdur. Bu vəziyyətdə Unibank Milli Bankdan (MB) kömək istədi. MB daha əvvəl problemlə üzləşən banklara yardım edəcəyini vəd etmiş və uçot faizini 10 faizə azaltmışdı. Nəticədə, MB Unibanka 7 faizdən 50 milyon dollar borc verməyə razı oldu. Rəqəmlərdən gördüyünüz kimi MB-ın verdiyi borc Unibankın borclarına bəs etmir. Bankın reytinqinin noyabr ayında azalması onlar üçün çox mənfi haldır. İndiki zamanda banklara, ancaq, MB kimi qurumlar eborc verər. Başqa ölkələrin milli bankları da problemlə üzləşən banklara belə yardımlar etmişdir. ABŞ höküməti Citigroupa yardım üçün 300 milyar dollardan çox vəsait ayırmışdır.
Bankların vəziyyətinin pisləşməsini görən əhali banklardan pulunu götürməyə başladı. Əslində, Unibankı xilas etməyə çalışan MB yenə vətəndaşların pulundan istifadə edir. Bakı Fond Birjasında son hərracda MB, təxminən, 6 faizlə borclanmışdır. Belə çıxır ki, MB Unibanka borc verməklə gəlir əldə etmir. Unibanka vətəndaşların pulundan edilən bu yardım onun risq menecerlərinin mükafatlandırılması kimidir. Halbuki, MB bankın bu vəziyyətə gəlməsində günahkar olan menecerlərdən ifadə almalı və növbəti, fəaliyyət dövründə daha ehtiyatlı davranmalarını təmin etməlidir. Fəaliyyətlərdə dəyişiklik olmazsa edilən 50 milyon yardım xarici borcları ödəməyə bəs etməyəcək. Eynilə ABŞ höküməti Citibanka 25 milyar dollar yardım etmişdi ki, bunun heç bir təsiri olmadı və pul, demək olar ki, itirilmiş oldu.
Sual yaranır, bu bankı xilas edək, yoxsa batıraq? Əgər hamı depozitini Unibankdan geri götürmək istəsə, bank bu pulları birdən-birə ödəyə bilməyəcək. Çünki heç bir bank bu qədər depoziti kassasında saxlamır, onları ya kredit verir, ya da başqa cür investisiya edir. Unibanka depozit edən şirkətlər də depozitlərini götürməyə çalışırlar. Əhalidə panika yaratmaqla bank sistemini iflic vəziyyətinə gətirmək olar. Bundan heç kim qazanmayacaq. Bankların vəziyyətinin pisləşməsi, o deməkdir ki, onlar da əhaliyə, firmalara kredit verə bilməyəcəklər. Kredit ala bilməyən şirkətlər fəaliyyətlərini dayandırmalı olacaqlar. Bunun nəticəsində isə işsizlik arta bilər. Əhalinin satınalma gücü və satışları azalacaq. Bu yenə də həm əhaliyə, həm firmalara ziyan vuracaq. Bu bankların müştərilərinin içində həm sənin, mənim kimi şəxslər, həm də müxtəlif şirkətlər var. Bankın batması onların fəaliyyətinə mənfi təsir göstərəcək. Nəzərə alaq ki, 2008-ci ilin avqust ayına olan məlumata görə Unibank və Bank Respublika ölkənin ən böyük 3-cü və 4-cü banklarıdır. Deməli onların batmasının bank sektoruna və real iqtisadiyyata böyük təsiri olacaq.
Bəs nə etmək lazımdır? MB depozitlərin müəyyən həddinin (məsələn 100 min dollara qədər) tamamilə sığortalandığını elan etməlidir. Əhalinin hökümətə güvəni varsa onlar banklardan depozitlərini götürməyə tələsməyəcəklər. Daha sonra MB banklarda imtiyazlı haqqlara sahib olmaq şərtilə borc verməlidir. Bununla MB bankların menecerlərinə təsir imkanına malik olacaqlar. Bəzi menecerlərin cəzalandırılması da vacibdir. MB rəsmiləri bankların qarşılaşdığı problemləri ört-basdır etməklə onları xilas edə bilməz. Əksinə əhaliyə nə qədər şəffaf məlumat verilsə, əhali bank sektoruna bir o qədər güvənlə yanaşar. Bu bankların Moody’s reytinqini alması onlar haqda daha geniş məlumat almağa imkan verdi. Digər bankların vəziyyəti ilə bağlı tam məlumat olmasa da, əhaliyə tövsiyə olunur ki, aşağıdakı adresdən istifadə etsinlər.
http://bank.abc.az/index.php?p=10&mid=31
Burada banklarla bağlı 2008-ci ilin avqustuna qədər zəngin məlumatları əldə edə bilərsiz.
Beləliklə seçim sizindir: Unibankı batırın, ya da xilas edin!
No comments:
Post a Comment