Thursday, October 30, 2008

"Kommunal, neqliyyat sektorunda bahalasma olacaq" - Leyla Eliyeva, Musavat

http://www.musavat.com/site/shownews.php?news_id=42181

Xəbər verdiyimiz kimi, Azərbaycan gələn ildən stasionar telefon rabitəsi üzrə danışıqların haqqının vaxt hesabı ilə ödənilməsinə keçə bilər. Bu isə telefon danışıqlarının qiymətinin yüksəlməsi deməkdir. Nəzərə çatdıraq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tariflərin artırılmasıyla bağlı hələ ötən ildən Tarif Şurasına müraciət edib. Ümumiyyətlə, bir çox dövlət qurumları, nazirliklər Tarif Şurasına təkliflər paketi təqdim ediblər. Bu sırada Təhsil Nazirliyinin, Bakı Metropoliteninin, “AzAL”ın, Nəqliyyat Nazirliyinin, “Azəriqaz”, “Azərsu” və digərlərinin adları hallanır.
“Azəriqaz” QSC-nin prezidenti Əlixan Məlikovun isə özü  bu yaxınlarda mətbuata verdiyi açıqlamasında dedi ki, ilin sonunda istehlakçılara verilən təbii qazın satış tariflərinə yenidən baxıla bilər. Bir çox ekspertlər də hesab edir ki, seçkidən sonra inzibati tənzimlənən qiymətlərlə bağlı qərarların verilməsi yönündə hökumətdə hələ çoxdan hazırlıqlar gedir.  Azərbaycan vətəndaşlarının bu ilin dekabr, növbəti ilin yanvar aylarında Tarif Şurasının analoji qərarları ilə çox intensiv şəkildə tanış olmaq ehtimalı var. 
Onu da nəzərə çatdıraq ki, rəsmi rəqəmlərə görə, son 1 ildə Azərbaycanda qiymətlər orta hesabla 21,5 faiz, müstəqil hesablamalara əsasən isə 28,34 faiz artıb. Beynəlxalq Valyuta Fondu isə bu il Azərbaycanda  22,4 faiz inflyasiya gözlənildiyini bildirir. 
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı Tarif Şurasından qərar gözləmək sadəlövlük olar: “Çünki dünyada gedən proseslərin əksi olaraq Azərbaycanda qiymətlərin artacağı gözlənilmir. Ancaq bəzi sektorlar var ki, orada Tarif Şurasının qərarı ilə qiymətlərin artırılması prosesi gedəcək”. Ekspert bildirir ki, nəqliyyat, kommunal sektorda növbəti ildə belə qərarların verilməsi gözlənilir: “ Proqnoz vermək çox çətindir ki, neftin qiyməti hansı həddə ucuzlaşacaq, yaxud sabit qalacaq və ya bahalaşacaq. Bu barədə danışmaq üçün ən azı Amerikadakı prezident seçkilərini gözləmək lazımdır. Seçkinin nəticələri yəqin ki, dünya bazarlarına təsir göstərəcək. Həm malliyə, həm kommunal bazara bu seçkinin nəticəsinin təsirindən artıq  vəziyyət aydınlaşacaq”.
Hökumətdə proseslərə çox qəribə yanaşma olduğunu deyən ekspert bunu belə izah etdi: “Ölkədə inflyasiya olanda bunu qlobal səviyyədə gedən proseslərlə əlaqələndirirlər. Amma beynəlxalq səviyyədə maliyyə böhranı baş verəndə, valyuta bazarlarında proseslər gedəndə deyirlər ki, Azərbaycanın bununla  heç bir əlaqəsi yoxdur, narahat olmayın hər şey qaydasındadır. Halbuki indi bank sektorunda ciddi problemlər var. Banklar hələ də kredit vermirlər. Bəzi banklar ümumiyyətlə kreditlərini depozitlərlə əlaqələndirirlər. Yalnız əmanəti olan vətəndaşlara, depozitə malik hüququi şəxslərə kredit verirlər. Bu da onların qoyduğu depozitlərin 80 faizi həcmindədir. Yəni kreditlərlə bağlı proses ciddi fəsadlar verə bilər. Çünki rəsmi statisik məlumatlara görə, əhalinin istehlakının 25 faizi istehlak kreditləri hesabına maliyyələşdirilir. Eyni zamanda şirkətlərin fəaliyyətində kreditləşmənin çox böyük əhəmiyyəti var. Kreditləşmə dayansa, bu o deməkdir ki, istehlaka yönələn vəsaitin miqdarında azalma baş verəcək. Bu inflyasiyaya azaldıcı təsir göstərməlidir. Digər tərəfdən isə şirkətlərin maliyyələşməsində problemlər yarana bilər. Bu da inflyasiyaya artırıcı təsir edir. Bütün bunları nəzərə alanda yenə də Azərbaycanda inflyasiya Beynəlxalq Valyuta Fondunun proqnozlaşdırdığı səviyyədə gözləniləndir.  Bu barədə danışmaq bir az çətindir. Amma hesab edirəm,  inflyasiya ilə bağlı proqnozlar hələ də qüvvəsində qalıb. Bütövlükdə proseslər dünya bazarlarında qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Yalnız xammal, valyuta, maliyyə bazarında deyil, eyni  zamanda istehlak bazarında da qiymətlərin ucuzlaşması müşahidə ediləcək. Çünki avro ucuzlaşır. Azərbaycana avro-zona ölkələrdən  gələn istehlak mallarının ucuzlaşmasını gözləməyə dəyər. Amma Azərbaycan unikal ölkədir. Ölkədə idxal manopoliyadadır. Ona görə də qiymətlərin tezliklə ucuzlaşacağını gözləmək sadəlövlük olar. Bunun üçün müəyyən vaxt lazım olacaq. Müəyyən vaxtdan sonra əgər avronun ucuzlaşması davamlı xarakter daşıyarsa, onda avro mənşəli məhsulları Azərbaycan bazarında əvvəlki dövrlə müqayisədə ucuz qiymətə əldə etmək imkanları yaranacaq”. 
Ölkənin qida sənayesində aparıcı şirkətlərin topdansatış qiymətlərini aşağı salmaları yönündə səsləndirilən fikirlərə gəlincə, iqisadçı ucuzlaşma prosesinin müşahidə edilmədiyini bildirdi: “Əksinə son günlər Rusiyadan gətirilən  kolbasa və kolbasa məmulatlarının bahalaşması qeydə alınıb”. 
Növbəti ildə inflyasiyanın hansı sahədə üstünlük təşkil edəcəyi sualına cavab verən Q.İbadoğlu dedi ki, ötən il xidmət, bu il isə ərzaq inflyasiyası olub: “Çox böyük ehtimalla gələn il qeyri-ərzaq inflyasiyası baş verə bilər”. 
O həmçinin bildirdi ki, inflyasiyanın səviyyəsinin artması yoxsulluğa mənfi təsir göstərir: “Amma o baxır inflyasiya hansı səviyyədədir. Biri var 20 faiz inflyasiyanın 1 faiz artması, biri də var 5 faiz inflyasiyanın 1 faiz artması. Hər  birinin yoxsulluğa təsiri müxtəlifdir. Lakin Azərbaycanda yoxsulluq əbədi problem olaraq qalır. Necə ki, işsizlik problemi var ölkədə. Digər tərəfdən yoxsulluğun kökündə sosial bərabərsizlik dayanır. Gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsü həmişə Azərbaycanda bir qrupun yoxsul yaşamasını şərtləndirəcək. İndi o baxımdan yoxsulluğun aradan qaldırılması üçün ən yaxşı yol işsizliyin aradan qaldırılmasıdır. Amma Azərbaycanın iqtisadiyyatı  problemi həll etmək iqtidarında deyil. Belə ki, iqtisadiyyatın bu il gözlənilən 62 faizi neft sektorunda formalaşacaq. Məşğulluqda neft sektorunun çəkisi 1,8 faizdən ibarətdir. Yaxın gələcəkdə bu 1,8 faizdən aşağı düşəcək. Çünki neft sektorunda yaxın gələcəkdə müəyyən ixtisarlar gözlənilir”.

No comments: