Thursday, October 30, 2008

"Azerbaycanda tikinti azalir, qiymetler qalxir" - Leyla Eliyeva, Musavat


Dünya bankları tarixdə ən iri kredit böhranından çıxmaq üçün faiz dərəcələrini azaltmaqda davam edir. Onu da nəzərə çatdıraq ki, artıq bir neçə aydır ABŞ-da evlərin qiymətləri kəskin düşməkdədir. Bu, isə işlərin itirilməsinə və ev inşaatı sənayesində, eləcə də qlobal maliyyə sistemində dərin böhrana yol açıb. Maraqlısı isə odur ki, Azərbaycanda mənzil tikintisinin tempi aşağı düşsə də, qiymətlərdə ucuzlaşma müşahidə olunmur.
Sentyabr ayında şəhər üzrə satış üçün təklif edilən mənzillərin orta qiyməti  0,7 faiz artaraq 1140 /kv.m-ə çatıb. Təkrar bazarda isə hər otağın orta satış qiyməti 44 487 dollar, mənzilin orta qiyməti 113477 dollar təşkil edib. Hələ də paytaxtda 111-140 min ABŞ dolları arasında mənzillər ümumi portfeldə ən çox paya malikdir. Bakıda evlərin qiyməti dünyanın ən bahalı ölkələri ilə müqayisə edilir. Hətta bu yaxınlarda amerikalı biznesmenlərdən biri Bakıda evlərin Nyu Yorkdan baha olduğunu demişdi. 
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirir ki, Azərbaycanda mənzillərin qiymətinin kəskin aşağı düşməsi gözlənilmir: “Paytaxtda evlərin qiymətində müəyyən  azalma prosesi gedir. O da əsasən təkrar bazarda müşahidə edilir. Ötən və bu ay ərzində təkrar bazarda  təxminən 2  faiz civarında azalma baş verib. İlkin və torpaq bazarında ucuzlaşma qeydə alınmayıb. Əksinə ilkin bazarda bir sıra yerlərdə cüzi artımlara gedilib. Amma bəzi tikililər var, hansı ki, mənzilləri tez satmaq istəyirlər, onlar bəzi endirimlər edirlər”. 
Ekspert deyir ki, ilkin bazarda qiymətlərin aşağı düşməməsi investorların çəkdiyi xərcləri itirməmək məqsədlərindən irəli gəlir: “Əgər  1 kvadratmetri 700 manatdan tikirlərsə, təbii ki, investor kvadratmetri bundan aşağı qiymətə satmaq niyyətində olmayacaq. Bu səbəbdən investorlar bazarı bağlayıb, bazarın aktiv vaxtını gözləyirlər. Buna görə, son vaxtlar Azərbaycanda qiymətlər stabilləşib. Amma Bakıda bazarın aktivliyi xeyli aşağı düşüb. Həm alıcıların alıcılıq qabiliyyəti qiymətlərə nisbətən çox zəifdir, həm də dünyadakı maliyyə böhranı insanlara psixoloji təsir edir. Təsirin nəticəsində alıcılar bazarda müəyyən qədər gözləmə mövqeyinə çəkiliblər. Onlar qiymətlərin ucuzlaşmasını gözləyir və yaxud da  əllərindəki pulu xərcləmir qara günləri üçün saxlayırlar”. 
N.İbrahimov tikinti şirkətlərinin bir çoxunda işlərin zəifləməsinə də toxundu. Onun sözlərinə görə, bu,  tikinti şirkətlərinin  maliyyə problemlərindən irəli gəlir:  “Şirkətlər həm satış həyata keçirə bilmirlər, həm də borc kapitalı baha başa gəldiyindən kreditə girə bilmirlər. Çünki kreditin sonradan qaytarılması problemi ilə üzləşirlər. O baxımdan tikintinin surəti həddindən artıq aşağı düşüb. Ay ərzində nə qədər  satış edirlər, buna uyğun da  tikintini davam etdirirlər. Satış olmayanda tikinti də tam dayandırılır”. Yaranmış vəziyyətin nələrə gətirib çıxaracığına gəlincə, ekspert deyir ki, yaxın iki ildə natamam binalarda işlər  tamamlanacaq: “Həmin binalar da bazardan çıxacaq. Yeni binaların inşası həyata keçirilmədiyindən bir neçə ildən sonra bazarda müəyyən qıtlıq hiss ediləcək”. Qıtlığın  kəskin olacağını deyən N.İbrahimov bildirir ki, bu, növbəti qiymət artımı ilə müşahidə edilə bilər: “Ona görə bu gün tikintinin müəyyən qədər dayanması, səngiməsi növbəti qiymət artımını qaçılmaz edir. Digər tərəfdən bu,  iqtisadiyyatda müəyyən qədər böhrana səbəb olur. Çünki tikinti iqtisadiyyatın lokamativi adlandırılır. Əgər tikinti varsa, iqtisadiyyatın digər sektorları da onunla paralel inkişaf edir”. 
Ekspert  deyir ki, tikinti aparılırsa, mebel sənayesi, kimya sənayesi, tikinti materialları bazarı da inkişaf edir, əhalinin məşğulluğu artır: “Tikinti dayananda bu göstəricilər aşağıya doğru getməyə başlayır. Bu halda iqtisadi böhran qaçılmaz olur. Ona görə istəməzdim ki, bu böhranı yaşayaq”. 
N.İbrahimov Bakıda mənzillərin qiymətinin inkişaf etmiş ölkələrlə müqayisədə baha olması yönündə səsləndirilən fikirlərə də münasibət bildirdi: “MDB ölkələrinin paytaxt şəhərləri ilə müqayisə etsək, Bakı Moskvadan, Sankt Peterburqdan, Pribaltika respublikalarının paytaxt şəhərlərindən, Kiyevdən və Almatadan sonrakı yerdə  dayanır. 15 respublikada  qiymətlərin səviyyəsinə görə, Bakı 8-ci yerdədir.  Belə götürəndə Bakıda  qiymətlər elə də yüksək deyil. Təbii, əhalinin alıcılıq qabiliyyəti ilə müqayisə edəndə qiymətlər yüksəkdir”. 
Bakı şəhərinin hazırlanmaqda olan Baş Planının daşınmaz əmlak bazarına təsir edib-etməyəcəyinə gəlincə, ekspertin sözlərinə görə, bunun müəyyən təsirləri olacaq.

No comments: