Saturday, October 25, 2008

"Azerbaycan-Idxal-ixrac ve neft" - Mahir Hemzeoglu, XalqCebhesi

http://www.xalqcebhesi.az/news.php?id=4693

This link was provided by Ramil Rahiboglu (http://biznes.qaynar.info/)

Neft ixracının sürətli artımı idxalı gölgədə qoyub 
Xarici ticarət dövriyyəsində rekord həcmdə - 33,2 milyard dollarlıq müsbət saldo yaranıb 

Mahir Həmzəoğlu

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 134 xarici dövlətlə ticarət əlaqələri qurub. Dövlət Statistika Komitəsindən (APA) verilən məlumata görə, bu dövr ərzində xarici ticarət dövriyyəsinin ümumi həcmi 42,2 milyard dollar, o cümlədən ixrac 37,7 milyard dollar, idxal 4,5 milyard dollar təşkil edib, ölkə üzrə 33,2 milyard dollarlıq müsbət saldo yaranıb. Ötən ilin analoji dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 5,7 dəfə, o cümlədən idxal 31,9%, ixrac isə 9,4 dəfə artıb. Dövriyyənin 54,2%-i, o cümlədən idxalın 28%-i, ixracın 57,3%-i Avropa İttifaqı ölkələrinin hesabına formalaşıb. Bu ölkələrlə ticarət dövriyyəsi 2007-ci ilin yanvar-avqust aylarına nisbətən 11,1 dəfə, o cümlədən ixrac 20,4 dəfə, idxal isə 25,2% artıb. 
Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilata (GUAM) üzv olan ölkələrlə ticarət əməliyyatlarının həcmi 864,9 mln. dollar, o cümlədən idxal 404,4 mln. dollar, ixrac 460,5 mln. dollar təşkil edib, 2007-ci ilin müvafiq dövrünə nisbətən xarici ticarət dövriyyəsi 35,7%, o cümlədən ixrac 1,7 dəfə, idxal isə 10,7% artıb. İdxal-ixrac əməliyyatlarının 36,9% İtaliya, 11,6%-i ABŞ, 6,6% İsrail, 4,7%-i Hindistan, 4,4%-i Fransa, 2,9%-i İspaniya, 2,8%-i Niderland, 2,8% Rusiya, 2,7%-i Birləşmiş Krallıq, 2,7%-i İndoneziya, 2,4%-i Türkiyə, 19,5%-i isə digər ölkələrlə həyata keçirilib. Bu ilin ilk 8 ayında Azərbaycanın MDB-yə üzv olan ölkələrlə apardığı ticarət dövriyyəsinin ümumi həcmi 2,5 milyard dollar, o cümlədən idxal 1,5 milyard, ixrac 1 milyard dollar təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən həmin ölkələrlə ticarət dövriyyəsinin həcmi 31,5%, o cümlədən idxal 28,8%, ixrac isə 35,6% artıb.
Azərbaycanın tarixində xarici ticarət dövriyyəsində rekord səviyyədə - 33,2 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə 2008-ci ildə neft istehsalı və ixracının kəskin artması ilə bağlıdır. Təsəvvür edin ki, ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 5,7 dəfə, o cümlədən, ixrac 9,4 dəfə, idxal isə vur-tut 32% artıb. "Əsrin müqaviləsi" çərçivəsində görülən işlər nəticəsində Azərbaycanda neft hasilatı sürətlə çoxalır. ABƏŞ bu il 35-40 milyon ton "qara qızıl" çıxarmağı planlaşdırır. Bu gedişlə ARDNŞ-lə (8,8 milyon ton) birlikdə Azərbaycanda illik neft hasilatı 50 milyon tona çatacaq. Xatırladaq ki, 2006-cı il ərzində Azərbaycandan ümumilikdə 22,127 mln. ton, 2007-ci ildə isə 30,579 mln. ton neft ixrac olunub. İlbə-il neft hasilatı və ixracı artırılır. Hökumət hələ də böyük neft gəlirlərinə və dünya bazarında "qara qızıl"ın baha olmasına arxayındır. 2008-ci ilin büdcə paketində neftin qiyməti 1 barrel üçün 70 dollar nəzərdə tutulub. Neftdən Azərbaycanda həm dövlət büdcəsi, həm də neft ixrac edən ARDNŞ və ABƏŞ (neft konsorsiumu) qazanc götürürlər. Azərbaycan iqtisadiyyatı həm də çox təhlükəli şəkildə neftdən asılı vəziyyətə düşməkdədir. İxracın 97%-ə qədəri, büdcə gəlirlərinin 70%-i, sənayenin 80%-i neftin payına düşür. Azərbaycanda son illər milli gəlir ildə orta hesabla 12-15% artır. Bu artım templəri isə Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizlə bağlı verdiyi proqnozlara uyğundur. Bununla belə, Azərbaycan bu nəticələrə yalnız neft sektorunun inkişafı hesabına nail olur, qeyri-neft sektoru isə arzu olunan vəziyyətdə deyil. Doğrudur, əsrin sonunadək neft dünyada başlıca enerji mənbəyi olaraq qalacaq. Amma Azərbaycan heç də buna görə arxayınlaşmamalıdır. 
Ölkədəki neft fontanı başqa problemlər də yaradır: xarici ticarət dövriyyəsi ilbəil artsa da, son illər manatın möhkəmlənməsi yerli mal ixracı prosesini bir qədər tormozlayır. İqtisadçılar yaxşı bilir ki, milli valyutanın möhkəmlənməsi ixraca mənfi təsir göstərir. Elə qeyri-neft sektorunda Azərbaycanın ixrac potensialının minimuma enməsinin nəticəsidir ki, ixracın 97 faizdən artıq hissəsi xam neft satışının payına düşür. Bütün bunlarla belə, neft sənayesinin inkişafı hesabına Azərbaycan MDB-də irəlidə getsə də, yüksək inflyasiya, yoxsulluq, işsizlik və korrupsiya problemi də daha ciddidir. Azərbaycanda investisiyaların 80%-i xarici şirkətlər tərəfindən neft sektoruna qoyulur. Bu sahədən əldə olunan gəlirlərin böyük hissəsi onların payına düşür. MDB-də investisiya qoyuluşu, sənaye məsələsindəki birincilik özünü sosial inkişafda, əhalinin sosial vəziyyətinin həmin artımlara uyğun yaxşılaşmasında göstərmir. Əgər hökumət neft sektorundan qazanılan pulları vaxtında qeyri-neft sektorunun, yerli istehsalın inkişafına yönəltsəydi, bu özünü yeni iş yerlərinin açılmasında, orta əməkhaqqının yüksəlməsində, əhalinin yaşayış səviyyəsinin qalxmasında, ixracın artmasında göstərərdi. Azərbaycanda nefdənkənar sənaye sahələri, yerli istehsal o qədər tənzzülə uğrayıb ki, MDB ölkələrinin bazarına da çıxa bilmirik. Yerli istehsal rəqabət qabiliyyətini itirib, daxili bazar xarici ölkələrin kefiyyətsiz məhsulları ilə doldurulur. Əslində Azərbaycanın qeyri-neft sektorunda ixrac potensialı o qədər uçuruma yuvarlanıb ki, indi onu ayağa qaldırmaq iqtisadiyyatın əsas problemlərindən biridir. Çünki qeyri-neft sektorunun sənaye sahələri dağıdılıb, istehsal iflic vəziyyətə düşüb. Hətta yerli istehsal və sənaye o qədər çöküb ki, ölkə tütün, pambıq, çay, üzüm şərabları, kimya məhsullarının ixracı kimi potensial imkanlarını də əlindən verib. Hər halda ölkə iqtisadiyyatının vəziyyətini xarakterizə edən, yerli istehsalın və daxili bazarın durumunu, ölkənin potensial imkanlarından nə dərəcədə səmərəli istifadə olunduğunu aydın göstərən göstəricilərdən biri də xarici ticarət dövriyyəsidir. Bu baxımdan idxalın strukturunda da vəziyyət yaxşı deyil. Belə ki, Azərbaycan aqrar ölkəsi sayıldığı və özünün əksər növ kənd təsəsrrüfatı məhsulları istehsal etmək imkanları olduğu halda hələ də xaricdən ərzaq məhsulları idxal edir. Üstəlik Azərbaycanda buraxılan məhsulların keyfiyyətinə nəzarət də aşağı səviyyədədir...



No comments: