Sunday, November 16, 2008

"Transfert budcesi" - Leyla, Musavat


Parlamentdə 2009-cu ilin büdcə layihəsi ilə bağlı müzakirələr başa çatdı. Baxmayaraq, büdcə layihəsi istər Milli Məclis üzvləri, istərsə də müstəqil ekspertlər tərəfindən kifayət qədər tənqid edilir. Qiymətləndirmələr isə belədir ki, büdcə şəffaf deyil. Büdcə xərclərinin əsasını təşkil edən dövlət investisiya layihələrinin 70 faizindən çoxunun proqram əsası yoxdur.
2009-cu ilin büdcəsinin daha bir xarekterik xüsusiyyəti büdcə ilə bağlı büdcə zərfində təqdim olunan məlumatların sayının az olmasıdır. Eyni zamanda yaşayış minimumu, ehtiyac meyarı, istehlak səbətinin dəyəri büdcədə simvolik rəqəmlərlə ifadə edilib. Bundan əlavə, etirazlara baxamayaraq sənəddə Azərbaycanın başlıca gəlir mənbəyi olan neftin bir barreli üzrə qiyməti 80-120 dollar arasında göstərilib. Digər tərəfdən investisiya xərcləri digər xərcləri üstələdiyi halda sosial müdafiə xərclərinə ayrılan vəsait yalnız pensiyaların baza hissəsinin artırılmasına yetir.  
Mövzu ətrafında söhbət etdiyimiz Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyir ki, büdcənin adı doğru müəyyənləşdirilməyib: “Azərbaycan hakimiyyəti büdcənin adını inkişaf büdcəsi kimi müəyyənləşdirib və bu cür də cəmiyyətə təqdim edir. Halbuki büdcə inkişaf büdcəsi deyil. Çünki inkişaf büdcəsi fiziki şəxslərin mənfəət vergisindən formalaşan büdcəyə deyilir. Çox təəssüf ki, bu büdcə transfert büdcəsidir. Büdcə gəlirlərinin 41 faizdən çoxu Neft Fondundan transfer edilən maliyyə, vergilərin isə təxminən 50 faizi neftdən gələn gəlirlər hesabına ödənilən vəsaitdir. Bu tipli büdcə formalaşdırılan zaman yeyintiyə, korrupsiyaya yol vermək üçün xərclərin ümumi miqdarı göstərilsə də təyinatı üzrə bölgülər əksini tapmır. Keçən il bunu etmişdilər və bu, sonradan böyük problemlər yaratdı. Belə ki, hökumət hesabat verərkən biz həmin rəqəmlərə istinad etdik, nəticədə qarşı tərəf suallarımıza cavab verə bilmədi. Şişirdilmiş rəqəmlər, yeyintilər var idi. Çox təəssüf ki, xərclərin təsnifatı, təyinatı bu ilin büdcəsində əksini tapmayıb. 
Ethiyac meyarının, minimum istehlak səbətinin dəyərinə gəlincə, uşaqlar üçün bu rəqəm 69 manat, yaşlılar üçün 65, orta yaşlılar üçün 84 götürülüb. Əslində rəqəmlərin heç birinin bu gün mahiyyəti yoxdur. Nə məqsədlə, necə müəyyən olunur, söykənəcəyi, istinad edəcəyi sənədlər nədir - heç biri deyilmir. Bir nəfərin minimum istehlak zənbili 200 manata yaxın təşkil edir. Onun müəyyən olunması maaşın müəyyən olunmasına, hər hansı sosial yardımın müəyyən olunmasına nə dərəcədə təsir edir, bunun da fəlsəfəsi yoxdur. Ona görə, tamamilə boş, mənasız bir şeydir". 
İ.Ağazadə hesab edir ki, bunun özünün büdcə sistemində yeri doğru deyil. Çünki ona nəzərən heç bir siyasət həyata keçirilmir: “Tutaq ki, sosial yardım siyasəti ona nəzərən müəyyənləşdirilmir. Yaxud da minimum istehlak zənbilini müəyyən edərkən hər hansı fərqli qiymət ortaya çıxırsa, ona uyğun da minimum yaşayış təmin edilməlidir. Bu da yoxdur. Digər tərəfdən ildən-ilə bu rəqəmlər çox cüzi miqdarda qaldırılır. İqtidar iddia edir ki, xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində geniş tədbirlər həyata keçiririk. Ölkə ümumi daxili məhsulun həcminə görə az qala dünyada birinci yeri tutur. Amma nədənsə bu özünü minimum istehlak səbətinin dəyərində, yaşayış minimumunda  göstərmir. Başqa bir tərəfdən, inkişaf büdcəsi kimi təqdim olunan büdcədə ildən-ilə dotasiyanın miqdarı artırılır. 2009-cu il üçün vergidən daxil olan gəlirlərin artım faizi 6,9 faiz nəzərdə tutulduğu halda, Neft Fondundan və digər  mənbələrdə transfertlərin miqdarı 30 faiz nəzərdə tutulur. Bu bir daha göstərir ki, ölkə iqtisadiyyatı tənəzzülə doğru gedir. Tənəzzülə gedən iqtisadiyyatın da dövlət büdcəsi ancaq belə ola bilər”. 
Millət vəkili büdcədə inflyasiyanın proqnozlaşdırılan həddinin 14 faiz götürülməsinə də toxundu: “Büdcədə inflyasiyanın səviyyəsi ilə bağlı göstərilən rəqəm özünü dorğultmayacaq. Hökumət inflyasiya ilə bağlı rəqəmi daha yuxarı göstərərsə, indeksləşdirmə siyasəti həyata keçirilməlidir. Büdcədə isə indeksləşdirmə ilə bağlı heç nə yoxdur”. Onun sözlərinə görə, inflyasiyanı yuxarı göstərərsə, hökumət məcbur olub həm maaşları, həm də qiymətləri indeksləşdirməlidir:   “Belə problemlərlə üzləşməmək üçün inflyasiya ilə bağlı rəqəmi həmişə aşağı göstərməyə çalışır".
“Neftin dünya bazar qiyməti proqnozlaşdırıldığı kimi 30 dollara düşərsə, büdcəyə yenidən baxılacaqmı” sualına cavab verən İ.Ağazadənin fikrincə, son illər ənənəyə çevrilən büdcə dəyişikliyi əslində yaxşı haldır: “Çünki Azərbaycan iqtisadiyatı neft üzərində qurulub. ”Qara qızıl"ın qiyməti isə stabil deyil. Buna görə də büdcəyə mütəmadi baxmaq lazımdır. Oturuşmuş dövlət sistemində, fiziki şəxslərin mənfəət vergisi üzərində qurulan büdcəni 5 illik də proqnozlaşdırmaq mümkündür".  
Müsahibimiz 2009-cu ilin büdcəsinə yenidən baxılacağını istisna etmir.

No comments: