Sunday, November 16, 2008

"Dollar Manata Nisbeten Yukseldi" - Leyla & Vuqar Bayramov, Musavat

http://www.musavat.com/site/shownews.php?news_id=43001

Son günlər dünya bazarında gedən ziddiyyətli proseslər dönərli valyutaların kurslarına təsir göstərir. Belə ki, avronun məzənnəsi zəifləyib, bunun fonunda isə dollar möhkəmlənir. Qlobal maliyyə böhranının dolların başqa valyutalara nisbətən məzənnəsinin kəskin azalmasına gətirib çıxaracağı güman edilsə də bu baş vermədi.
Dünyanın ən böyük investisiya banklarından olan UBS-in hesabına görə, dollar həm avro, həm də digər valyutalarla, o cümlədən Azərbaycan manatı ilə müqayisədə bundan sonra da bahalaşmaqda davam edəcək. Bank ekspertlərinin fikrincə, dolların son dövrlər kursunun bahalaşması dünya iqtisadiyyatının zəifləməsinin göstəricisidir. 
Nəzərə çatdıraq ki, son illər Azərbaycanda manatın məzənnəsinin digər valyutalara nisbətən kəskin möhkəmlənməsi müşahidə olunurdu. Bu, yerli istehsalçıların ixrac qabiliyyətinin zəifləməsinə, Azərbaycan daxilində maya dəyəri manatla ifadə olunan məhsulların dünya bazarında rəqabət imkanlarının məhdudlaşmasına, qiymətlərin artımına gətirib çıxarmışdı. Hətta Milli Bank antiinflyasiya tədbiri kimi əsas diqqətini milli valyutanın mübadilə məzənnəsinə yönəltmişdi. Manatın dollar və avroya nəzərən məzənnəsinin ciddi tənzimlənəcəyi bildirilirdi. Narahatlıq doğuran məsələlərdən biri də manatın dollara nisbətən məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, milli valyutanın alıcılıq qabiliyyətinin aşağı düşməsi prosesinin baş verməsiydi. 
İqtisadçı ekspert Vüqar Bayramov ilin əvvəllərində dolların avroya və digər valyutalara nisbətən məzənnəsinin möhkəmlənəcəyinə dair proqnozların olduğunu vurğuladı: “Avronun dollara nisbətən məzənnəsinin aşağı düşməsinin səbəbi dolların möhkəmlənməsi nəticəsində Avropa Birliyinə üzv ölkələrdə ixrac potensialının zəifləməsi, ABŞ-a mal ixracının aşağı düşməsi, eləcə də avronun möhkəmlənməsinin Avropa iqtisadiyyatı üçün müəyyən iqtisadi və maliyyə problemləri yaratmasıdır. Avronun möhkəmlənməsi Avropada turizm sənayesi üçün kifayət qədər ciddi problemlərə gətirib çıxarmışdı. Praktiki olaraq, Avropa Birliyi ölkələri turistlər üçün cəlbedici deyildi. Söhbət xərclərin ən azı 60 faiz artmasından gedir. Əgər 3 il əvvəl avro bir dollar ətrafında idisə, sonradan avronun kursu 1,6 dollara qədər yüksəlmişdi. O baxımdan güman edilirdi ki, yay aylarından başlayaraq avronun məzənnəsinin aşağı düşməsi prosesi baş verəcək. Proqnozlar özünü doğrultdu. Amma təbii ki, məsələ yalnız avronun möhkəmlənməsinin Avropa iqtisadiyyatı üçün problemlər yaratması, iqtisadi potensialın aşağı düşməsi ilə bağlı deyil. Avropadakı iqtisadi tənəzzül də avronun məzənnəsinin aşağı düşməsinə təsir edən səbəblərdən biridir”. 
V.Bayramov deyir ki, dolların məzənnəsinə təsir edən çoxsaylı faktorlar var: “Onlardan biri neftin qiymətinin aşağı düşməsi nəticəsində dolların məzənnəsinin möhkəmlənməsidir. Proses davam edir. Son günlər manatın avroya nisbətən məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, eyni zamanda dolların manata nisbətən məzənnəsinin möhkəmlənməsi müşahidə edilir. Son iki ayda ən çox məzənnəsi yüksələn, inam qazanan valyuta dollar olub. Hətta valyutadəyişmə məntəqələrində aparılan monitorinqlər göstərir ki, artıq vətəndaşların dollar alışı kifayət qədər artıb. Hərçənd ki, əvvəllər dolların alqı-satqısı ilə bağlı az və passiv əməliyyatlar aparılırdı. Yaxın keçmişdə yalnız avtomobil, mənzil alqı-satqısında əməliyyatlar dollarla həyata keçirilirdisə, son aylar vətəndaşlar dollara yığım kimi baxırlar”. 
Ekspertin sözlərinə görə, əhali arasında avroya inam kəskin azalıb: “Avro ilə yığımlarda azalmalar var, eyni zamanda nağd əməliyatlarda avronun çəkisi aşağı düşüb. Son iki ayda avro manata nisbətən mövqelərini 29 faiz itirib”. Manatla yığımların da səmərəliliyinə şübhələrin olduğunu vurğulayan V.Bayramov iddia edir ki, bu, ölkənin maliyyə sektorundakı problemlərlə bağlıdır: “Manat, avro və dollar pul vahidlərinə nisbətdə əhalinin ən çox inandığı pul vahidi dollardır".
İqtisadçı bildirir ki, dolların manata məzənnəsinin möhkəmlənməsi həm xarici, həm də daxili faktorlarla bağlıdır: “Xarici faktor kimi, əsas səbəb odur ki, dollar bütövlükdə başqa valyutalara nisbətən möhkəmlənir. Dolların avroya məzənnəsinin möhkəmlənməsi prosesi sürətlənir. Digər tərəfdən güman edilirdi ki, qlobal maliyyə böhranı dolların mövqelərini sarsıdacaq. Amma bunun əksi baş verdi. Daxili faktorlara gəlincə, neftin qiymətinin aşağı düşməsi ölkəyə daxil olan dollar kütləsinin həcmini azaldıb. Bu pul dövriyyəsində dollar manat asılılığında dolların həcminin azalmasına gətirib çıxarır. Praktiki manat dollar mütənasibliyində həcm etibarilə manat daha çoxdur. 
Başqa bir tərəfdən qlobal maliyyə böhranının nəticəsi olaraq kommersiya banklarının xarici maliyyə mənbələri sıradan çıxıb. Özəl bankların xarici maliyyə mənbələrindən aldıqları kreditlərin qısamüddətli olması həmin kreditlərin qaytarılmağa başlanması, böyük əksəriyyətinin qısa müddətdə qaytarılması şərti kommersiya banklarının dollara tələbatını artırıb. Nəzərə alsaq ki, kommersiya bankları yalnız bir ildə borclandığı 2 milyard dolları yaxın müddətdə qaytarmalıdır banklar artıq bazarda dolların alışı ilə məşğuldurlar. Söhbət manatın satılması dolların alınması prosesinin baş verməsindən gedir". 
V.Bayramov hesab edir ki, bütövlükdə proseslər manatın məzənnəsinin möhkəmlənməsi istiqamətində deyil: “Kommersiya banklarının likvidliyinin azalması, neftin qiymətinin aşağı düşməsi, həm daxili, həm də xarici faktorlar maliyyə dairələrində narahatlıq yaradıb ki, manatın dollara nisbətən məzənnəsi kəskin aşağı düşə bilər. Azərbaycanda yaxın vaxtlar üçün defolt gözlənilməsə də belə proqnozlaşdırılır ki, dolların manata məzənnəsi möhkəmlənəcək. Gələn ilin ortalarına qədər manat dollar kursu bərabərləşəcək. Çünki proseslər dolların manata məzənnəsinin möhkəmlənməsi, manatın məzənnəsinin aşağı düşməsi istiqamətində gedir”. 
Dolların məzənnəsinin möhkəmlənməsinin ölkə iqtisadiyyatına necə təsir göstərməsinə gəlincə, V.Bayramov “güman edilirdi ki, ölkəyə daxil olan malların, məhsulların qiyməti qalxacaq. Bu da onunla əlaqələndirilirdi ki, bütün əmtəələr dünya bazarında dollarla satılırdı. Amma bu proses müşahidə edilmir. Böyük ehtimalla bu, yaxın aylarda da baş verməyəcək”- deyə bildirdi: “Çünki dolların məzənnəsinin möhkəmlənməsi ilə paralel olaraq dünya bazarında qiymətlər ucuzlaşır. Yalnız son bir ayda buğdanın qiyməti 2 dəfə aşağı düşüb. Oktyabr ayında dünya bazarında ərzaq məhsullarının qiyməti 15 faiz azalıb. Qlobal bazarda qiymətlərin ucuzlaşması prosesi Azərbaycana idxal olunan malların qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Manatın dollara nisbətən məzənnəsinin zəifləməsi yerli məhsulların xaricə ixracını stimullaşdıra bilər. Bu halda Azərbaycanda istehsal olunan məhsulların dünya bazarında rəqabət aparmaq imkanları genişlənəcək. Çünki həmin məhsulların manatla ifadəsi dəyişməsə də dollarla ifadəsi azalacaq. Əgər bu gün olan narahatlıq reallaşarsa, yəni manatın dollara nisbətən məzənnəsi kəskin aşağı düşərsə, bu halda ixrac stimullaşmayacaq. Əslində belə vəziyyət sosial, iqtisadi problemlərin yaranmasına gətirib çıxara bilər”.

No comments: