http://almaqezeti.com/?mod=view&id=3670
http://www.sozunduzu.com/?p=275
Əgər dövləti şirkətə, höküməti şirkətin idarə heyətinə və vətəndaşları hissədarlara (tək səhmdar - shareholder deyil, kommunitarian yanaşmadakı stakeholder anlayışı) bənzətsək onda korporativ idarəetmə mexanizmi ilə cəmiyyətin hökümətə nəzarət sistemi arasında oxşarlıq ortaya çıxar. Korporativ idarə etmənin daha yaxşı inkişaf etdiyi ölkələrdə maliyyə bazarları da inkişaf edir. Həmin ölkələrin demək olar ki, hamısında cəmiyyətin hökümətə nəzarəti mexanizmi də sağlam fəaliyyət göstərir. Şirkətdə hissədarlar maddi/mənəvi sahibkarlıq haqqlarından istifadə edərək şirkət menecerlərindən tələb edirlər ki, hissədarların mənafeyini qorusunlar. Müxtəlif mexanizmlər yaradılıb ki, hissədarlar bu mexanizmlərdən istifadə edərək menecerlərə nəzarət edir. Həmin mexanizm birdən birə yaranmayıb və hər ölkədə eyni gücə malik deyil. Ancaq bu mexanizm həm hissədarlar, həm də menecerlər üçün optimaldır. Əks təqdirdə nə menecerlər normal fəaliyyət mühiti tapa bilərlər, nə də hissədarlar onlara güvənər.
Təəssüf ki, ölkəmizdə nə korporativ mexanizm istənilən səviyyədədir, nə də ictimai nəzarət mexanizmi. Korporativ mexanizmin inkişafı üçün uzun illər və şirkət anlayışı yerləşməlidir. Ancaq ictimai nəzarət mexanizminin qurulmasının artıq vaxtı gəlmişdir. Bəs çatışmayan cəhətlər nədir? Əvvəla, sadə vətəndaşlar tam dərk etmirlər ki, hökümətə onların sahib olduğu və tam haqqları olan dövləti vətəndaşların mənafeyi istiqamətində idarə etmə haqqı və səlahiyyəti verilmişdir. Təbii ki, vətəndaşların ən əsas nəzarət mexanizmindən biri səs vermə və seçmə haqqıdır. Vətəndaşların bu haqqdan məhrum edildiyi məlumdur. Unutmayaq ki, hissədarlarına seçim haqqı verməyən şirkətlər böyüyə bilmirlər. Bu səbəbdən şirkət menecerləri, əksinə, şəffaf şəkildə hissədarların səs vermə mexanizmini qurmaqda maraqlıdırlar. Təbii ki, hissədarların məhkəməyə müraciət etmə haqqları da var. Eləcə də vətəndaşlar məhkəməyə müraciət edə bilərlər, ancaq ölkəmizdə məhkəmə yolu ilə ictimai mexanizmin qurulma prosesi çox çətindir. Çünki məhkəmələr də idarə edən kütlənin nəzarəti altındadır.
Bəs ölkəmizdə ictimai nəzarət necə qurulmalıdır? Daha doğrusu bu mexanizm olsaydı vətəndaşlar bundan necə istifadə edərdi? Bunun üçün əvvəlcə vətəndaş şüuru və ictimai aktivlik yaranmalıdır. Bu müxtəlif yollarla baş verə bilər. İlk mərhələdə geniş kütlələrə müraciət metodları hazırlamaq, fikirlərin paylaşıldığı platformları qurmaq və “guya sən yazmaqla/deməklə nə olacaq” prinsipindən vaz keçmək lazımdır. Artıq bir neçə ildir ki, internetin də yayılması ilə bu platformların müxtəlif növləri (əsasən, yahooqruplar) meydana çıxmışdır. Ancaq bu platformlara qarşı böyük müqavimət göstərən iki qrup var. Biri söz azadlığını boğmaq istəyən məlum qrup, digəri isə “yazmaqdansa iş görmək yaxşıdır” prinsipini üstün tutan qrup. Birinci qrupun məqsədi aydındır və ətrafına geniş kütlələr yığmaqda çətinlik çəkmir. Çünki onların vəd etdikləri bügunlə bağlıdır və gözlə görülən, əllə tutulan “mükafat”lardır. İkinci qrupun məqsədi xoş olsa da çox vaxt ictimai nəzarətin yazılı mübarizə metodundan istifadə edənləri işlərindən soyudur. Onlar yazmaq metodu ilə iş görmə metodunu birləşdirmək istəyirlər. Ancaq başa düşmürlər ki, belə etməklə yazanları passivləşdirirlər. Bugün bütün dunyada yazılı medyanın və problemləri yazıb yaymağın onları həll etməkdə nə qədər üstün olduğunu isbatlayan müxtəlif araşdırmalar var. Hətta bu barədə maliyyə elminin ən nüfuzlu akademik jurnalı “Maliyyə Jurnalı”nda (The Journal of Finance) son məqalələrdən biri Rusiya kimi korporativ idarəetmə mexanizmi zəif olan bir ölkədə investisiya fondlarının medyanın gücündən necə istifadə etdiyini göstərirdi. Deməli cəmiyyətimiz də ictimai nəzarət mexanizmində yahooqruplardan və digər medya vasitələrindən istifadə etməlidir.
Ancaq yazanların qarşısında digər problemlər durur. Vətəndaşların problem eşitməkdən bezməsi və onların problemləri yazaraq həll ediləcəyinə inanmaması əsas maneədir. Təəssüf ki, yazılanlara və müzakirələrə vaxt itkisi kimi baxanlar az deyil. Ancaq yazmadan problemlərin necə həll olunacağını təsəvvür etmək çətindir. Problemin yaranmasından onun həllinə qədər keçən mərhələdə problemin olduğunun qəbul edilməsi əsas həlledici andır. Bunu etmək üçün isə hər hansı problem haqda yazmaq, onu geniş kütlələrə yaymaq vacibdir. Tək əldən səs çıxmayacağına görə əllərin çox olmasına çalışmalı, yazmağa və yazanlara qarşı cəmiyyətdə “allergiya” yaratmamalıyıq.
Yazmaqla iş görmək fəaliyyətini birləşdirmək heç də həmişə vacib deyil. İş görməyi yazandan tələb etmək də doğru deyil. Bəzilərinin yazmaq məharəti, digərlərinin isə iş görmək məharəti üstün ola bilər. Biz Sabiri, Cəlili və digərlərini yazdıqlarına görə tanıyırıq. Təbii ki, yazan insan cəmiyyətdə müəyyən mövqe tutub, eyni zamanda, iş görəcək. Ancaq gördüyü işdən beş nəfər faydalanırsa yazdığı yazılardan bəlkə yüzlərlə insan faydalana bilər. Ümumiyyətlə “iş görmək lazımdır” deyənlərin “is görmək” deyəndə nəyi nəzərdə tutduqlarını başa düşmürəm. Yazmaq özü də iş görməkdir. Bəlkə həmin iş görənlər eyni zamanda yazmaqla daha böyük effektə nail olarlar, nəinki susmaqla.
Təbii ki, yazanın mövqeyindən və cəmiyyətdəki rolundan çox şey asılıdır. Hər kəs yazsın deyə bilmərik. Ancaq cəmiyyət özü həmişə olduğu kimi yaxşını seçib oxuyacaq. Yaza bilməyənlərin çox yazdığı mühitdə cəmiyyət daha seçici davranmalı və yazıları təsirli olanları süzgəcdən keçirib saxlamalıdır. Hal-hazırda təhsildən, səhiyyədən,qadınlara və azyaşlılara qarşı zorakılıq hallarından tutmuş neft gəlirlərinin xərclənməsinə qədər yazılası və ictimaiyyətə çatdırılası onlarla problem var. Bunları araşdırmadan, təhlil edib yazmadan həll etməyin çətin olacağını başa düsməliyik.
Problemlərin həll edilməsində müəyyən mərhələlər var. Birincisi problemin yaranmasıdır. Daha sonra problemin fərqinə varılması və onun cəmiyyətə, əlaqədar qurumlara çatdırılması mərhələsi gəlir. Problemləri gizlətməyə çalışan cəmiyyətlərdə bu iki mərhələ arasında uzun zaman olur. Təsəvvür edin ki, xərçəng xəstəliyinə mübtəla olmuş xəstəyə diaqnoz gec qoyulur. Deməli ictimai xəbərdarlıq mühüm əhəmiyyət daşıyır. Yazmaq isə xəbərdaqlığın əsas formalarından biridir. Daha sonra problemə qarşı alternativ mübarizə yolları təklif olunur və onlardan biri tətbiq edilir. Müxtəlif metodların yaranmasında yazmaq və geniş müzakirə etmək çox vacibdir. Ancaq əvvəlki mərhələdə olduğu kimi bu mərhələdə də vaxt itirmədən hərəkət etmək lazımdır. Ən son mərhələdə isə seçilən metod istənilən nəticəyə çataraq problemi aradan qaldırır. Təsəvvür edin, birinci mərhələdən son mərhələyə qədər keçən müddət nə qədər uzana bilər. Bu müddətin daha da uzanmaması və alternativ metodların zamanında çatdırılması üçün cəmiyyəti narahat edən hər mövzuda yazmaq və müzakirə etmək vacibdir. Ayrı ayrı fərdlər olaraq fəaliyyət göstərib problemləri aradan qaldırmaq xoş niyyətli təşəbbüs olsa da səmərəli və effektli olmaz.
Yazmağın və geniş kütlələrə müraciət etməyin bir üstünlüyü də odur ki, problemləri ört-basdır edərək hər şeyin gül-çiçək içində olduğunu göstərməyə və “lazımi sabitlik” yaratmağa çalışan hökümət məmurlarının “səy”lərinin qarşısı uğurla alına bilər. Bu yaxınlarda Milli Orduda baş verən hadisələrin video halında medya orqanları vasitəsilə yayılması, bu mövzuda ciddi müzakirələrin getməsi və cəmiyyətin sərt reaksiya verməsi düşünürəm ki, problemin daha sürətlə həll edilməsinə yardım etdi. Yadınızdadırsa videonun ilk yayıldığı günlərdə MN rəsmisi bu hadisəni təkzib edirdi. Əslində “sabitliyin hökm sürdüyü” təəssüratını vermək istəyən hökümət rəsmiləri problemlərini həll etmədən illər ərzində hissədarlara şirkətin maliyyə gücünün yüksək olduğunu bildirən şirkət menecerlərinə bənzəyir. Hətta indiki korporativ idarə etmə mexanizminin və hissədarların əlindəki “menecerlərə nəzarət etmə” alətlərinin kifayət qədər güclü olmadığını maliyyə böhranı zamanı gördük. Maliyyə hesabatlarını şişirdərək şirkət hissə sənədinə bağlı şəxsi gəlirlərini artıran “bacarıqlı” menecerlər cəmiyyətin qəzəbinə səbəb oldu, həm vəzifələrini, həm də sərvətlərinin bir hissəsini itirməli oldular. Onların fəaliyyəti nəticəsində, demək olar ki, dünyanın bütün ölkələri böhranın mənfi təsirini hiss etdi. Hökümət nümayəndələri də başa düşməlidir ki, ictimai nəzarətin olmaması qısa müddətdə onların xeyrinə işləsə də bu uzun müddətdə ölkə üçün ziyan olacaq. Çünki bu halda vəzifə əldə edən hər yeni şəxs öz səlahiyyətlərindən sui-istifadə edəcək. Bu cəmiyyəti böhrana aparacaq.
Yazmaq və müzakirə etməyin ictimai nəzarətdə payı çoxdur. Ona görə yazaq və yazanları ruhdan salmayaq. Ancaq bu yolla bizə cəmiyyətdə hökm sürən laqeydliyi aradan qaldıra bilərik. Laqeydlik aradan qalxarsa ictimai nəzarət də güclənəcəkdir.
No comments:
Post a Comment