Azərbaycan iqtisadiyyatını neft ixracı üstündə quran ölkələrdəndir. Təəssüf ki, digər neft ixrac edən ölkələrdən fərqli olaraq ölkəmizin neft gəlirləri qısa müddətli olacaq. Neft gəlirlərindən bu qədər asılı olan iqtisadiyyatın neftin qiymətindən də asılılığı həmişə diqqət mərkəzində olmalıdır. Neftin qiymətindəki dəyişmələr ölkə iqtisadiyyatına böyük zərbə vura bilər. Bu ilin iyul-oktyabr kimi qısa zaman kəsiyində neftin qiymətinin 140-150 dollara qalxıb 60-65 dollar səviyyəsinə qədər geriləməsi ölkəmizin gələcək illərlə bağlı proqnozlarında daha ehtiyatlı olmağa məcbur edir. Bu səbəbdən 2009 və sonrakı illər üzrə büdcə proqnozunda hökümətin problemlərlə üzləşdiyi məlumdur. Yazıda bu mövzudan bəhs edəcəyik.
Neft Fondunun büdcədəki payına nəzər salaq. 2008-ci ilin ilk 9 ayında büdcə hesabatı ilə 2007-ci ilin eyni dövrünü müqaisə etdikdə görürük ki, gəlirlərin icrasının 30%-i Neft Fondunun, 58%-i isə Vergilər Nazirliyinin payına düşür. Bu rəqəmlər 2007-ci ilin eyni dövründə 11% və 74% olmuşdur. Bu fərq artan neft gəlirləri ilə izah edilə bilər. Hazırda müzakirə edilən 2009-cu ilin büdcəsində gəlirlərin həcmində Neft Fondunun payı 40%-ə çıxarılacağı planlaşdırılır. 2008-ci ilin ilk 9 ayında Neft Fondundan büdcəyə daxilolmalar proqnoz ediləndən 10% aşağı, yəni 2,2 mlrd. manat olmuşdur. Bu rəqəm 2009-cu ildə 4,92 mlrd. manat nəzərdə tutulur. Büdcə gəlirlərində nəzərdə tutulan digər əsas hesablar hüquqi şəxslərin mənfəət vergisi (18%, 2,2 mlrd manat) və əlavə dəyər vergisidir (19%, 2,3 mlrd.). Büdcənin 40%-i neft qiymətlərindən asılı olan ölkəmizin gələn il neftin qiyməti ilə bağlı proqnozları çox vacib məsələdir. Bu barədə danışmazdan əvvəl büdcənin xərclər qisminə nəzər salaq.
2008-ci ilin ilk 9 ayında büdcənin xərcləri 85% icra (1,2 mlrd. manat fərq) edilib. Müdafiə, təhsil və səhiyyədə icranın proqnoz ediləndən çox aşağı olması diqqəti çəkir. Maraqlıdır ki, sənaye, tikinti və faydalı qazıntılar bölməsi isə 103% proqnozu yerinə yetirmişdir. Bunun böyük hissəsinin tikinti sahəsinə aid olduğu şübhəsizdir. Müdafiə sahəsində 276 mln., təhsil sahəsində 238 mln., əsas bölmələrə aid edilməyən xidmətlər sahəsində isə 221 mln. fərq yaranmışdır. Maliyyə Nazirliyinin saytında yerləşdilən arayışda bu fərqlərin səbəbi göstərilmir. Bu isə büdcənin xərclər bölməsində müəyyən problemlərin olduğunu göstərir. 2009-cu ildə nəzərdə tutulan əsas xərclər yenə dövlət tərəfindən əsaslı vəsait vəya tikinti investisiya qoyuluşudur (39%). Bu hesaba 2008-ci ilin ilk 9 ayında təxminən 3 mlrd. manat xərclənibsə, 2009-cu ildə bu rəqəm 4,7 mlrd. manat olacaq. Belə demək olar ki, dövlət əsaslı vəsait investisiyasını neft gəlirləri hesabına həyata keçirir. Neft gəlirləri nəzərə alınmasa 2009-cu ilin büdcə kəsiri 6,6 mlrd. manat olacaq.
Dövlət Neft Fondunun aktivlərinə nəzər salsaq görərik ki, 2007-ci ilin əvvəlində fondda 1,26 mlrd. manat, 2007-ci ilin sonunda isə 2,1 mlrd. manat vəsait toplanmışdır. Bu vəsaitin 28%-i dövlət büdcəsinə köçürülmüşdür. 2008-ci ilin ilk 9 ayına olan məlumata görə isə fondun aktivləri sürətli sıçrayış göstərərək, təxminən, 8,32 mlrd. manata çatmış. Fond rəhbərliyi bu artımı müxtəlif mənəvi faktorlarla əlaqələndirsələr də, hamıya məlumdur ki, bu neftin qiymətindəki artımdan irəli gəlir. Diqqət etsəniz 2008-ci ilin ikinci rübündə fondun xərcləri iki dəfə artmışdır, buna əsas səbəb dövlət büdcəsinə rüb ərzində olan transferdir.
Görəsən, Neft Fondunun aktivləri neftin qiymətlərindən nə qədər asılıdır? Fondun gəlirlərinin demək olar ki, 95%-i mənfəət neftinin satışından əldə edilir. Aşağıdakı cədvəldən görürük ki, fondun gəlirləri və aktivləri ilə neftin qiyməti arasında sıx və müsbət əlaqə var. Neft Fondunun 2008-ci il üçüncü rübünə olan hesabatı sayta yerləşdirilmədiyi üçün bu barədə tam məlumat yoxdur. Ancaq oktyabr ayında neftin qiymətinin 60 dollara qədər düşməsi fondun gəlirlərinə təsirsiz ötüşməyəcək. Müqaisə üçün deyək ki, 2007-ci ilin ilk rübündə eyni qiymət səviyyəsi müşahidə olunmuşdur.
Dövr | Neft Fondunun gəlirləri | Neft Fondunun xərcləri | Neft Fondunun aktivləri | Neft Fondun aktivlərində dəyişmə | Neftin qiyməti $/barrel |
2006 Rüb 1 | 221,4 | 168,7 | 1.330,2 | | 56,63 |
2006 Rüb 2 | 228 | 145,7 | 1.414,2 | 84 | 62,26 |
2006 Rüb 3 | 281,3 | 292,4 | 1.374,8 | -39,4 | 56,38 |
2006 Rüb 4 | 255,2 | 374,5 | 1.267,4 | -107,4 | 57,22 |
2007 Rüb 1 | 373,6 | 147,7 | 1.491,8 | 224,4 | 57,78 |
2007 Rüb 2 | 459,1 | 289,2 | 1.646,7 | 154,9 | 68,29 |
2007 Rüb 3 | 500,9 | 320,3 | 1.843,8 | 197,1 | 75,91 |
2007 Rüb 4 | 538,7 | 304 | 2.092,4 | 248,6 | 89,76 |
2008 Rüb 1 | 1.116,4 | 438,4 | 2.775 | 682,6 | 99,32 |
2008 Rüb 2 | 3.777,5 | 966 | 5.488 | 2.713 | 131,41 |
2008 Sent. | - | - | 8.320 | 2.832 | 106,41 |
Neftin qiymətinin gələn ilin sonlarına qədər 60-70 dollar ətrafında olacağını təxmin etsək Neft Fondunun gəlirlərində və aktivlərində böyük azalmalar olacağını gözləməliyik. Əgər 2009-cu ildə nəzərdə tutulduğu kimi 4,92 mlrd. manat, yəni fond aktivlərinin təxminən 26%-i büdcəyə köçürüləcəksə eyni faizin qorunması üçün fondun aktivləri ən azı 18,7 mlrd. manat olmalıdır. Cari neft qiymətlərini nəzərə alsaq və gələn il ərzində bu qiymətlərin radikal olaraq dəyişməyəcəyini proqroz etsək Neft Fondunun aktivlərinin bu qədər artacağı şübhə oyadır. Belə olduğu halda, Neft Fondundan büdcəyə 2009-cu ildə nəzərdə tutulandan daha az miqdarda vəsait transfer edilməlidir. Əks təqdirdə fondun aktivləri azalacaq. Təəssüf ki, büdcə xərcləri və neft gəlirlərinin şəffaflığı sahəsində fəaliyyət göstərər QHT-lərin dəfələrlə təklif etməsinə baxmayaraq, dövlət Neft Fondundan büdcəyə edilən transferlərə heç bir məhdudiyyət qoymamışdır. Fondun aktivlərinin istifadəsinə və büdcədən maliyyələşən layihələrə ictimaiyyətin təsiri yox səviyyəsindədir. Bunun məqsədyönlü şəkildə edildiyi və hökümətə neft gəlirlərinin mənimsənilməsi üçün geniş imkanlar verdiyi şübhəsizdir.
Beləliklə, iqtisadiyyatımızın neftin qiymətindən birbaşa asılı olduğu üçün 2009-cu ilin büdcəsində neftin qiyməti ilə bağlı proqnozlar xüsusi əhəmiyyət daşıyır. Bu təkcə Azərbaycanın deyil, demək olar ki, bütün neftdən asılı olan (idxal və ixrac baxımından) ölkələrin probleminə çevrilib. BVF-un neft ixrac edən ölkələr üçün maliyyə hesabları baxımından proqnoz etdiyi kritik neft qiymətləri belədir:
Ölkə | Neft qiyməti | Ölkə | Neft qiyməti |
Azərbaycan | 40 | Küveyt | 33 |
Əlcəzair | 56 | Bəhreyn | 75 |
İran | 90 | Oman | 77 |
İraq | 111 | Qatar | 24 |
Qazaxıstan | 59 | Səudiyyə Ərəbistanı | 49 |
Liviya | 47 | BƏƏ | 23 |
Neftin qiymətlərinin azalması fonunda büdcə xərclərində müəyyən qədər azaltmaya getmək olar. 2008-ci ildə proqnoz edilib, ancaq icra edilməyən büdcə xərclərini yenidən gözdən keçirmək lazımdır. Məsələn müdafiə xərclərinin 70 faizinin icra edilməsi maraqlıdır. Məşğulluğun daha yüksək olduğu kənd təsərrüfatı sahələrinə daha çox vəsait ayrılmalıdır. Büdcə xərclərinin əsas hissəsini təşkil edən tikinti və əsaslı vəsait investisiya qoyuluşunun yenidən gözdən keçirilməsi vacibdir. Bu vəsaitlərin hansı layihələrə xərcləndiyi ictimaiyyətə şəffaf şəkildə çatdırılmalıdır ki, ictimai qurumlar öz rəyini bildirsin. İnformasiya qıtlığı və qeyri şəffaflığın hökm sürdüyü mühitdə “yeyinti” prinsipləri də möhkəmlənir. Son illərdə, sanki, “tikinti=yeyinti” prinsipi ilə görülən fəaliyyətlər nəticəsində Neft Fondunun gələcək nəsillərə qorunub saxlanması məqsədinə kölgə salır. Beləliklə höküməti çətin qərarlar gözləyir. Azalan neft qiymətləri həm yeni seçilən höküməti, həm də yeni təyin olunmuş iqtisadi-inkişaf nazirini imtahana çəkəcək. Ümid edirəm bu sınaqdan üzü ağ çıxacağıq.
No comments:
Post a Comment