Saturday, November 1, 2008

"Banklar ucuz kredit verecekler mi?" - Leyla, Musavat

http://www.musavat.com/site/shownews.php?news_id=42286

Xəbər verdiyimiz kimi, Milli Bank (MB) uçot dərəcəsini yenidən aşağı salıb. Kreditlər üzrə uçot dərəcəsi 12 faizdən 10 faizə, faiz dəhlizinin yuxarı həddi 17 faizdən 15 faizə, dəhlizin aşağı həddi 3 faizdən 1 faizə endirilib. Bu tədbirin kredit əməliyyatlarına olan tələbatı təşviq etmək məqsədi daşıdığı bildirilir. Onu da xatırladaq ki, MB son bir ayda artıq ikinci dəfədir uçot dərəcəsini dəyişir. Hələ oktyabrın ortalarında MB uçot dərəcəsini 15 faizdən 12 faizə salmışdı. Halbuki ilin əvvəlində mərkəzi bank uçot dərəcəsi məsələsində əks istiqamət götürmüşdü.
Bu ilin əvvəlində 11 faiz olan uçot dərəcəsi sonradan 13,14 və nəhayət, 15 faizə qədər artırılmışdı. Atılan son addımlar bir nömrəli bankın maliyyə böhranının təsiri altında belə qərarlar vermək məcburiyyətində qaldığını göstərir. 
Digər tərəfdən MB-nın uçot stavkasını ikinci dəfə aşağı salması bu yöndə birinci addımının effekt vermədiyinə dəlalət edir. Çünki həmin qərardan sonra banklarda kreditləşmənin bərpa olunacağı  bildirilsə də, bu baş vermədi. 
Bütün hallarda Milli Bankın uçot stavkasını endirməsi praktiki kommersiya banklarının ucuz kredit almaq imkanı  əldə etməsi deməkdir. Yeni qaydalara görə, mərkəzləşdirilmiş kreditlər 10 faizlə bölüşdürüləcək. Bunun kommersiya banklarının təklif etdiyi kreditlər üzrə faiz dərəcələrinin aşağı düşməsinə əsas yarada biləcəyi deyilir. Təbii, kommersiya banklarının kredit faizlərini aşağı salıb-salmayacaqları artıq başqa məsələdir. İqtisadi baxımdan əslində kommersiya banklarının müəyyən faiz endirimlərinə getməli olduqları deyilir.  
Lakin Azərbaycanın bank sektorunun zəif, eyni zamanda bankların əksəriyyəti izafi gəlir əldə etmək marağında olduğu üçün güman edilir ki, hətta ucuz kredit alan banklar da onları daha yüksək faizlə verəcəklər. Əslində     telekanallarda elanı gedən Mikromaliyyələşmə Bankının timsalında bunun belə də olacağı şübhəsizdir. Bank  vətəndaşlara 18 faizlə kredit təklif edir. 
Mütəxəssislərin fikrincə, Milli Bank ölkədə bahalı kredit siyasətinə son qoymaq istəyirsə, kommersiya bankları tərəfindən təklif olunan kredit faizlərinin tənzimlənməsinə müdaxilə etməlidir. Düzdür, kommersiya banklarının verdikləri kredit faizləri birbaşa onların öz səlahiyyətindədir. Ancaq aydındır ki, Milli Bankın Azərbaycandakı kommersiya banklarına həm inzibati, həm rəsmi, həm də qeyri-rəsmi təsir imkanları olduqca böyükdür. 
Onu da nəzərə çatdıraq ki, kreditlərin verilməsi dayandırılana qədər kreditlər üzrə faizlər təxminən 6 faiz yüksəlmişdi. Əgər iyun ayında kreditlər 20 fazidən verilirdisə, artıq avqust ayında kreditlər, bütün sığorta və digər xərclər nəzərə alınmaqla 26 faizdən başlayaraq, təklif olunurdu. Bu gün bəzi banklar mikrokreditləri 36-40 faizlə verir. Onunla bağlıdır ki, kommersiya banklarının vəsaitləri azdır. Yəni tələbat təklifdən çoxdur. Amma Milli Bankın qərarından sonra mümkündür ki, kommersiya banklarının vəsaitlərinin həcmi artsın. 
Mövzu ətrafında söhbət etdiyimiz iqtisadçı-ekspert  Zöhrab İsmayıl deyir ki, hazırda ölkədə kredit çatışmazlığı var: “Bu çatışmazlığın nəticəsində də kredit faizləri yüksəlməyə başlayıb”. “Kredit böhranının səbəbi bəllidir” deyən Z.İsmayıl bildirir ki, Azərbaycan bankları üçün heç vaxt nə Milli Bankın resursları, nə də əhalinin qoyduğu əmanətlər ucuz kredit mənbəyi olmayıb: “Yerli bankların ucuz kredit mənbəyi xarici banklar- Avropa və Amerika bankları idi. Əbəs deyil ki, bankların  xarici banklara 2 milyard dollardan çox kredit borcları var. İndi isə həmin mənbələrdən kredit almaq mümkün deyil. Digər tərəfdən kredit çatışmazlığının fonunda əmanətlərlə bağlı reklamlar, elanlar çoxalıb. Banklar yüksək faizlə əmanətlər qəbul etdiklərini bildirirlər. Belə şəraitdə Milli Bank çalışır ki, kredit dərəcələrini aşağı endirmək üçün özünün uçot stavkasını aşağı salsın. Ancaq  atılan addımları yetərli hesab etmirəm. Belə ki, Milli Bank uçot dərəcəsini 10 faizə salsa da, bu rəqəm yenə də yüksəkdir. Özü də çox yüksəkdir. Məsələn, Yaponiya Milli Bankı uçot stavkasını 0,3 faizə, Amerika Federal Rezerv sistemi bunu  1,5 faizdən 1 faizə endirib. Böyük Britaniya, o cümlədən digər Avropa ölkələrinin mərkəzi banklarının uçot dərəcəsi 2-3 faiz ətrafındadır. Belə bir şəraitdə Milli Bank da uçot dərəcəsini kəskin şəkildə aşağı salmalıdır. Nəzərə alsaq ki, manat dollara, digər valyutalara nisbətən möhkəmlənir belə vəziyyətdə uçot dərəcəsini 10 faizdə saxlamaq iqtisadiyyatı boğmaq, kredit faizlərini yüksək səviyyədə saxlamaqdır”.
Z.İsmayıl bir neçə ay əvvəl uçot stavkasının 15 faizə qaldırıldığını xatırlatdı: “Vaxtilə uçot stavkası  Azərbaycanda 4 faiz idi. Əvvəlcə bu 7, sonra isə 10 faizə qaldırıldı. Bu addımların hamısını Milli Bank atıb. Hesab edirəm ki, Milli Bank uçot dərəcəsini 10 faizdən də aşağı endirməlidir. Əvvəlki vəziyyətinə - əvvəlcə 7, sonra isə 4 faiz həddinə qaytarılmalıdır. Belə olarsa, kredit faizlərinin aşağı düşdüyünü görəcəyik. Bundan başqa Milli Bankın özü də inflyasiya risklərini hesablamaq, müəyyən maliyyə alətlərini istifadə etmək şərti ilə kredit resurslarının həcmini artırmağa çalışmalıdır. Təbii ki, burada ən əsası ”şapka" əməliyyatlarının yığışdırılmasıdır. Belə hallar yığışdırılmayacaqsa bunun faydası olmayacaq. Hər bir halda uçot dərəcəsi çox yüksəkdir. Yaponiya, Amerika banklarının uçot stavkasını 1 faizə yaxınlaşdırdıqları vaxtda biz uçot stavkasını 10 faizə endirib bununla fəxr etməyə, nəsə bir iş görmüşük kimi, fon yaratmağa çalışırıq".

No comments: