Son zamanlarda dolların qiymətindəki artıma parallel olaraq neftin qiymətindəki azalma bu ikili arasında səbəb-nəticə əlaqəsinin hansı iqtiqamətdə olduğu sualını yaratmışdır. Müxtəlif ekspertlər bu barədə araşdırmalar aparmış və fərqli nəticələr əldə etmişdir. Bəzi nəticələr təsir qüvvəsinin neftdən valyuta kurslarına, bəziləri isə valyuta kurslarından neftin qiymətinə doğru olduğunu qeyd edir.
Ancaq Morgan Stanley şirkətinin şərhçisi Stephen Roach öz araşdırmasında daha yeni rəqəmləri istifadə edərək (1992-2008) göstərir ki, 2003-cü illərə qədər neftin qiyməti ilə ABŞ dolları arasında müsbət əlaqə olsa da 2006-cı illərdən sonra bu əlaqə mənfiyə çevrilmişdir. Melhem və Teraza öz məqalələrində qeyd edirlər ki, neftin qiyməti ilə valyuta məzənnələri arasında əlaqə ikincidən birinciyə iqtiqamətlənib. Yəni valyuta kurslarındakı dəyişmələr neftin qiymətini dəyişdirir, nəinki əksinə təsir möcuddur. Valyutalara görə nəzərə alsaq, dolların məzənnəsinin artması neftin qiymətini azaldırsa, avronun qiymətinin artması neftin qiymətini artırır. Bu təsiri belə başa düşmək olar ki, neft adətən dollar ilə ifadə olunur və avro qiymətlənəndə dolların nisbi dəyəri azalır ve neftin qiyməti artır.
Digər tərəfdən, dolların qiymətinin artmasında iki əsas amili qeyd etmək olar. Birincisi, dollar özü karlı investisiya alətinə çevrilir. İnvestorlar digər maliyyə alətlərindən yatırımlarını geri çəkib dollara yönəldirlər. Bu da dollara olan tələbi artırır. Avropa iqtisadiyyatının zəifləməsi avronu zəif alternativə çevirir. Beləliklə dollar investorların sığınacağı yeganə maliyyə alətinə çevrilir.
İkincisi isə birjalarda və müxtəlif maliyyə alətlərində külli miqdarda vəsait itirən investorlar öz portfellərində struktur dəyişikliyinə gedərək tamamilə risqsiz varlıqlara yatırım edir. Bunu “keyfiyyətə qaçış” adlandırırlar. Ən “keyfiyyətli” maliyyə aləti isə ABŞ dövlət istiqraz vərəqələridir (T-bill). İnvestorlar külli miqdarda vəsaitlərini dollara çevirərək ABŞ T-billərini satın alır. Bu da dollara tələbi və dolların məzənnəsini artırır. Hətta, ABŞ hökümətinin bazara milyardlarla dollar ixrac edərək dollar təklifini artırması belə dolların dəyərini azaltmır, əksinə dollara olan tələb kifayət qədər güclü olduğu üçün dolların qiyməti artır.
Beləliklə, neftin qiyməti ilə dollar arasında səbəb-nəticə əlaqəsini qurmaq çətin olsa da, cari vəziyyətdə düşünürəm ki, hər iki iqtisadi dəyişkənin dəyərini daha çox onlara olan tələb və təklif müəyyən edir. Buna həm də qeyd etdiyimiz investorların dolları daha karlı investisiya alternativi olaraq seşməsi də böyük təsir göstərir. Üçüncü əsas təsir olaraq onu qeyd edərdim ki, məhz dolların neftin qiymətinə təsiri ona görə böyükdür ki, neft özü dollarla ifadə edilir, neft gəlirləri dollarla ölçülür və neft ticarəti dollarla edilir.
No comments:
Post a Comment