Tuesday, April 5, 2011

Valyuta Bazarlarında Yer Arbitrajı

Beynəlxalq maliyyədə riskə məruz qalmadan məzənnələr arasındakı fərqdən istifadə edərək mənfəət əldə edilməsinə məzənnə arbitrajı (arbitrage) deyilir. Arbitraj üç cür olur: yer (locational) arbitrajı, üçtərəfli (triangular) arbitraj və bağlı faiz (covered interest) arbitrajı. Bu yazıda birincisindən bəhs edəcəyik.
Yer arbitrajı bir məzənnənin (valyuta cütü) iki fərqli məkandakı qiyməti arasındakı fərqdən istifadə edərək risksiz mənfəət əldə edilməsidir. Tutaq ki, EUR/AZN valyuta kursu Bank A-da 0.80, Bank B-də isə 0.90 olsun. Dəməli 1 avro Bank A-da 0.80 manata, Bank B-də isə 0.90 manata alınıb-satılır (məzənnə hər nə qədər riyazi olaraq “1 manat neçə avrodur” kimi görünsə də, maliyyə bazarlarında X/Y adətən 1 X neçə Y olduğunu göstərir). Burada alış-satış qiymətlərini hələ ki, nəzərə almırıq. Bu valyuta kursunu görən dostumuz Əhməd avronu Bank A-dan alaraq Bank B-yə sata bilər. Əhmədin 1000 manatı olsa Bank A-dan 1000 / 0.80 = 1250 avro alaraq Bank B-yə satarsa – 1250 * 0.90 = 1125 manat əldə edər. Deməli, 1000 manat investisiya ilə 125 manat mənfəət əldə edir ki, bu 125 / 1000 = 12.5% gəlirlilik deməkdir.        

Valyuta kursunun alış-satış qiymətləri ayrı qeyd edilir. Alış qiyməti bankın həmin valyutanı sizdən alacağı qiymət, satış qiyməti isə sizə satacağı qiymətdir. Aradakı fərq spred adlanır ki, bunu da bank (yaxud diler) qazanır. Spredi müəyyən edən amillər arasında valyutanın likvidliyi, konvertibl olması, əqdin həcmi, bankın inventar və informasiya riski var. Əvvəlcə birbaşa və dolaylı məzənnələrin alış-satış kursları arasındakı əlaqəyə baxaq. Birbaşa məzənnə 1 xarici valyutanın neçə milli valyuta olduğunu göstərir (EUR/AZN). Dolaylı məzənnə isə bunun tərsini, yəni 1 milli valyutanın neçə xarici valyutaya bərabər olduğunu göstərir (AZN/EUR). Tutaq ki, Bank A-nın EUR/AZN üçün alış-satış məzənnəsi 0.80 – 0.90 olsun. Deməli Bank A bir avronu 0.80 manata alırsa, eyni zamanda 1 manatı 1.25 (1 / 0.80) avroya satmış olur. Bir avronu 0.90 manata satırsa 1 manatı 1.11 (1 / 0.90) avroya almış olur. Bu o deməkdir ki, Bank A-nın AZN/EUR üçün alış-satış kursu 1.11 – 1.25-dir.
Alış-satış qiymətləri yer arbitrajı imkanını azaldır. Arbitraj üçün bir bankın satış qiyməti ilə digər bankın alış qiymətini qarşılaşdırmaq lazımdır. Məsələn, EUR/AZN kursu iki bank tərəfindən aşağıdakı kimi verilsin:

EUR/AZN
Alış
Satış
Bank A
0.75
0.80
Bank B
0.82
0.85

Deməli, Əhməd 1 avronu Bank A-dan alsa gərək 0.80 manat, Bank B-dən alsa gərək 0.85 manat versin. Eyni zamanda, Əhməd 1 avronu Bank A-ya 0.75 manata, Bank B-yə isə 0.82 manata sata bilər. Mənfəətli arbitraj üçün Əhməd gərək avronu Bank A-dan (0.80) alıb Bank B-yə (0.82) satsın. Manat arbitrajı isə belə mümkündür ki, Əhməd manatı Bank B-dən [ 1 / 0.82 = 1.22] alıb Bank A-ya [ 1 / 0.80 = 1.25] sata bilər.
Əhməd 1000 manat ilə arbitraja başlasa 1000 manatı Bank A-ya sataraq 1000 / 0.80 = 1250 avro alacaq. Sonra 1250 avronu Bank B-yə satıb 1250 * 0.82 = 1025 manat. Deməli yer arbitrajı nəticəsində Əhməd cəmi 25 manat mənfəət əldə etdi ki, bu da 2.5% gəlirlilik deməkdir. Alış-satış spredi gəlirliliyi azaltdı.   
    
Arbitraj imkanı olarsa müxtəlif investorların bu imkandan dərhal istifadə etməsinin maliyyə bazarlarına xeyri nədir? Bazarda eyni valyutanın iki fərqli qiymətdə olması ədalətli qiymət anlayışına uyğun deyil və müxtəlif məkanlarda investorların eyni məzənnə üçün çəkdiyi xərc fərqli olacaq. Deməli bir investor və ya ixrac-idxal əməliyyatlarını maliyyələşdirmək istəyən bir şirkət hardasa eyni məzənnə üçün yüksək qiymət ödəməli olacaq. Bəs arbitraj müxtəlif yerlərdə təklif edilən valyuta kurslarını necə eyniləşdirir? Yuxarida gördük ki, Əhməd arbitraj imkanından istifadə edərək mənfəət əldə etdi. Bazarda Əhməd kimi minlərlə investor var ki, bu cür imkanları gözləyirlər. Deməli minlərlə investor Əhməd kimi avronu Bank A-dan alıb dərhal Bank B-yə satarsa Bank A-da avroya yaranan izafi tələb kursu yuxarı çəkəcək. Eyni zamanda Bank B-də yaranan izafi avro təklifi kursu aşağı çəkəcək ki, Bank A satış kursu ilə Bank B alış kursu arasında fərq yox olacaq. Deməli arbitraj qiymətin əmələ gəlməsinə müsbət təsir göstərir və ədalətli qiymət səviyyəsini müəyyən edir.  


2 comments:

Unknown said...

Fariz bəy, önəmli mövzuya görə təşəkkür edirəm. Bir çoxlarına inandıra bilmədim ki, hal-hazırda Türkiyə Lirəsi-AZN-Dollar arasında üçtərəfli arbitraj imkanı var (əslində inanmamaqları daha yaxşıdı :))
Ən son İstanbuldan Bakıya getmədən öncə, mən İstanbulda Lirə ilə Manat aldım (1.70), manatla Bakıda dollar (0.80) aldım, daha sonra İstanbulda lirəyə dəyişdim (1.55). Bu arbitrajın gəlirliliyi 13% idi. amma İstanbulda manat satan diler tapmaq çətindi, və qiymətin qalxmaması üçün müxtəlif yerlərdən almaq lazımdı.

Fariz Huseynli said...

Füzuli bəy, mesajınız üçün təşəkkürlər. Gələn dəfə üçtərəfli arbitrajı yazacam, alış-satış qiymətləri daxil olmaqla. Elə sizin də dediyiniz kimi hərdən arbitraj imkanı uzun müddət qalır ki, bu da aradakı maneələrlə izah oluna bilər.