Sunday, November 16, 2008

"Azerbaycan Avronu Secir" - Terlan, Xalq Cebhesi

http://www.xalqcebhesi.az/news.php?id=4912

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda avro ilə keçirilən nağd mübadilə əməliyyatlarının həcmi 615 milyon min avro təşkil edib. Bu, ötən ilin analoji 9 aylıq göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur. Milli Bankdan (MB) "APA-Economics"ə verilən məlumata görə, hətta bu ilin 9 aylıq göstəricisi avro ilə ötən il aparılan mübadilə əməliyyatlarının ümumi həcmini 12,2% üstələyir.
Avro üzrə aparılan mübadilə əməliyyatlarının strukturunda 568,8 milyon avro satış, 46,2 milyon avro isə bankların alış əməliyyatlarının payına düşüb. Nəticədə, ötən ilin yanvar-setyabr ayları ilə müqayisədə satışın həcmi 97%, alışın həcmi isə 4,5 dəfə artıb. Beləliklə, avro üzrə satış əməliyyatları alış əməliyyatlarını 12,3 dəfə üstələyib. 
Qeyd edək ki, sentyabr ayı ərzində nağd avro üzrə aparılan alış əməliyyatlarının həcmi 2007-ci ilin ümumi göstəricisinin 96,5%-ni təşkil edərək, Azərbaycanda nağd valyuta bazarında aylıq maksimuma çatıb.
Azərbaycanda nağd dollar əməliyyatlarının həcmi 2008-ci ilin yanvar-sentyabr ayları ərzində 4,264 milyard ABŞ dolları təşkil edib. Nağd dollarla aparılan ticarət ötən ilin müvafiq dövrünün eyni göstəricisini 36,2% üstələyir. Eyni zamanda, bu, 2007-ci ilin ümumi göstəricisinin 95%-ni təşkil edir. Nağd dollarla aparılan əməliyyatların strukturunda 1,1 milyard dollar bankların alışı, 3,1 milyard dollar isə satışının payına düşüb və alışın həcmi satışdan 2,8 dəfə azdır. Qeyd edək ki, satışın alış əməliyyatlarını üstələməsi tendensiyası son illər davamlı xarakter alıb. Məsələn, ötən ilin 9 ayı ərzində aparılan nağd dollar əməliyyatları üzrə alış satışdan 2,6 dəfə, bütün 2007-ci il üzrə isə 2,4 dəfə az olub. Qeyd edək ki, sentyabr ayında dolların satış əməliyyatları üzrə göstərici 542,6 mln. dollar təşkil edərək, tarixi maksimuma çatıb. 
Dolların möhkəmlənməsi, avronun isə ucuzlaşması ayrı-ayrı insanları, hətta hökumətləri belə öz pullarını hansı valyuta şəklində saxlamaq problemindən hələlik xilas etməyib. Bir qədər əvvəl avro alanlar indi uduzublar, ona görə də onu satmağa başlayıblar. Çünki dəyər hesabı ilə avro dollara nisbətən xeyli itirib. Hətta Azərbaycanda 1 avro artıq 1 manatadır. Buna görə də Azərbaycanda əhali öz pulunu yenidən dollar şəklində saxlayır. Amma iri əməliyyatlar üzrə manatla alış-veriş artıb. Manatın dollara nisbətən möhkəmləndiyini nəzərə alsaq, belədə ehtiyat pulu manat şəklində saxlamaq da sərfəlidir. Amma manat özü də dünya bazarında başqa valyutalarla müqayisədə dəyərini itirir. Bir sözlə, istənilən halda pulu kağız valyuta şəklində saxlamaq sərfəli deyil. Ən yaxşı yol vəsaiti daşınmaz əmlaka yönəltməkdir. Manatın arxasında isə indiki kimi süni "divarlar" deyil, güclü siyasi və iqtisadi potensial dayanmalıydı. Ölkə iqtisadiyyatı, xüsusilə də istehsal sektoru, daxili bazar inkişaf etməlidir. Manat yerli istehsalın və qızıl ehtiyatlarının artırılması hesabına möhkəmləndirilməlidir. 
Ucuzlaşmasına baxmayaraq, bütün dünya yenə də ABŞ dollarını əsas və daha etibarlı valyuta kimi tanıyır. Bu da səbəbsiz deyil. Çünki dolların arxasında daha güclü siyasi və iqtisadi potensial dayanır. Azərbaycan iqtisadiyyatı da prinsip etibarilə ABŞ valyutasına - dollara bağlıdır. Hətta Avropa bazarlarına çıxarılan və ölkənin əsas ixrac malı olan neft və neft məhsulları avroya deyil, məhz ABŞ valyutasına satılır və Azərbaycan öz pulunu dollar şəklində alır. Həqiqət ondan ibarətdir ki, iqtisadiyyatımız dollarlaşıb. Gündəlik xırda ticarəti nəzərə almasaq, nisbətən iri həcmli nəğd alqı-satqı əməliyyatları dollarla aparılır. 
Azərbaycanda nəğd manat kütləsinin həcmi də normadan azdır. Milli Bank da bunu inkar etmir və hər il onun həcmini bir qədər də artırır. Amma indiki halda nəğd manat kütləsinin həcminin artırılması arxasında əmtəə və iqtisadi güc dayanmayan bir pula çevrilir ki, bu da əlavə infilyasiyaya gətirib çıxarır. Bunun üçün isə qeyri-neft sektoru sahibkarlığın hesabına inkişaf etdirilməliydi ki, pula real tələbat yaransın. Manatı möhkəmləndirməklə isə bahalaşmanın qarşısını almaq mümkün olmur. Azərbaycana neft dollarının axını artdıqca, ölkədə milli valyutanın - manatı məzənnəsi də dollara nisbətən möhkəmlənir. Hazırda dolların orta kursu 81 qəpikdir. Hansı ki, üç il əvvəl dollar 1 manata qədər köhnə 4950 manat bahalaşmışdı. Hətta hökumət dolları manata nisbətən bahalaşdırmaq fikrindəydi və bunu ixracın stimullaşdırılması zəruriyyətiylə izah edirdi. Amma inflyasiya elə yüksək həddə çatdı ki, həmin məsələ arxa plana atıldı. İndi isə Milli Bank manatın daha nəzərə çarpan dərəcədə möhkəmlənməsinin qarşısını alır. Çünki hökumət artan neft və büdcə gəlirlərini xərcləməyə hazır deyil. İnflyasiyanı cilovlamaq üçün manatın məzənnəsini süni yolla tənzimləyirlər. Əgər Azərbaycanın xarici bazarlara xam neftdən başqa əhəmiyyətli həcmdə sənaye məhsulları çıxara bilmədiyini nəzərə alsaq, onda manatın dollara və avroya nisbətən möhkəmlənməsi müsbət hal sayıla bilər.

No comments: